Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AXC-nin 100 illiyi Londonda qeyd olunub

25.05.18, 10:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın Londondakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə bildirib ki, Cənubi Qafqaz və müsəlman dünyasında ilk parlamentli respublika Azərbaycanda yaradılıb.
O, qadınlara səsvermə hüququnun verilməsini Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib: “Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi bugünkü Azərbaycan dövləti 100 il öncə yaradılan Cümhuriyyətin davamçısıdır. Biz bu demokratik ənənələrə sadiq qalaraq onları tətbiq etməyə davam edirik”.
T. Tağızadə qeyd edib ki, 100 il əvvəl Böyük Britaniya Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına dəstək verib və iki ölkə arasında qurulan bu əməkdaşlıq indi də davam edir. Səfir xatırladıb ki, İlham Əliyevin aprelin 26-da Böyük Britaniyaya səfəri, baş nazir Tereza Mey ilə görüşü bu əməkdaşlığın göstəricisidir: “Bundan başqa Böyük Britaniyada keçirilən tədbirlər iki ölkə arasındakı münasibətlərin inkişafında çox mühüm rol oynayır. Ötən gün azərbaycanlı tenor Yusif Eyvazov Londonda “Royal Albert Hall”da konsert proqramı ilə çıxış edib. Oksford Universiteti və Nizami Gəncəvi Fondu arasında təhsil, mədəniyyət sahələrinin inkişafı barəsində müqavilə imzalanıb”.
T. Tağızadə bildirib ki, tədbirdə Böyük Britaniya Azərbaycan Qadınlar Cəmiyyətinin üzvləri tərəfindən brendlər, sənət və rəsm əsərləri sərgilənib.
Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan isə baş nazir Tereza Meyin təbriklərini çatdırıb. A. Dunkan Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyəti ərzində böyük nailiyyətlərə imza atdığını deyib, həmçinin Azərbaycanda qadınlara verilən seçki hüququnun önəmindən danışıb.
“Bu gün ticarət və investisiya iki ölkə arasındakı münasibətlərin əsasını təşkil edir. Ötən il ərzində Böyük Britaniya tərəfindən Azərbaycana 23 milyard funt sterlinq investisiya qoyulub. Energetika sahəsində BP Azərbaycanın ən böyük investorudur. Bu əməkdaşlıq hər iki ölkədə minlərlə iş yerinin açılmasına imkan yaradır”, - deyə o vurğulayıb.
A. Dunkan bildirib ki, “Azəri-Çıraq-Günəşli” yatağının istismarına dair müqavilənin uzadılması iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir. O, Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycanın Avropa enerji təhlükəsizliyi sahəsinə töhfə verdiyini qeyd edib. Nazir həmçinin iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlıq haqqında məlumat verib.
Sonra tədbirdə milli musiqi səslənib və Azərbaycan mətbəxindən müxtəlif təamlar təqdim edilib.

Bu xəbər oxundu
- - -