Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığında idarəçilik sistemi və hərbi müdafiə işinin təşkili

25.05.18, 11:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şuşa qalasının döyüş qüllələri qala divarlarının səthindən bir qədər xaricə çıxır və bununla da divarları cinahlardan qorumağa şərait yaradırdı

5-ci yazı

Mehdiqulu xan İrana qaçdıqdan sonra Qafqazdakı qoşunların baş komandanı, general Yermolovun göstərişi ilə 1806-cı ilin əvvəlində vəfat etmiş Məhəmmədhəsən ağanın yerinə yeni vəliəhd təyin edilmişdi. Cəfərqulu ağanı isə oğlu Kərim Cavanşirlə birgə həbs edərək sürgün etmişdilər. Cəfərqulu ağa 1827-ci ildə yeni varis haqqında rus çarı I Nikolaya ərizə yazaraq bildirirdi: «...Keçmişdə saxtakarlıqla knyaz titulu aldıqdan sonra daha da harınlayıb və Qarabağda böyük özbaşınalıq törədib.»
Cəfərqulu ağa yazırdı ki, İbrahimxəlil xan qətlə yetirildikdən sonra vəliəhdin oğlu olduğu üçün xan taxtı ona çatmalıymış. Lakin rus komandanlığı yanlış addım ataraq Mehdiqulu xanı hakimiyyətə gətirmişdi. Çar hökuməti Cəfərqulu ağanın Qarabağa qayıtmasına icazə vermişdi. Çar Rusiyası Mehdiqulu xana və onunla bir yerdə Cənubi Azərbaycana keçmiş ailələrin Qarabağa qayıtmalarına da icazə verərək ona təqaüd təyin etmişdi.
Mirzə Yusif Qarabaği yazır ki, İbrahimxəlil xan asılı xanların və hakimlərin qohumlarını, yaxud oğullarını öz yanında girov kimi saxlayırdı. Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, xan hakimiyyətinin başlıca funksiyası xanlıq ərazilərini müdafiə edib genişləndirmək idi. Qarabağ xanlığında dövlət aparatı digər xanlıqlarla müqayisədə xeyli böyük idi. Xanın ən yaxın köməkçisi vəzir idi. Qarabağ xanlığında çox zaman vəzirə uzun illər «mirzə» deyirdilər. İbrahimxəlil xanın hakimiyyəti dövründə vəzir vəzifəsini görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif icra etmişdi.
Məlumdur ki, 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşa şəhərində qətlə yetirildikdən sonra müvəqqəti hakimiyyəti ələ keçirmiş xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir Vaqifin ona təhlükə yaradacağından ehtiyatlanaraq onu edam etdirmiş, onun yerinə Mirzə Camalı vəzir təyin etmişdi. Sarayda qalabəyi, eşikağası, xəzinəağası, ambardarağası, əmiraxur və başqa vəzifələr vardı. Mahalları minbaşılar və məliklər, kəndləri isə darğalar, yüzbaşılar, kovxalar, kəndxudalar idarə edirdilər. Əsimdə «minbaşı» və «yüzbaşı» hərbi rütbələr idilər. Onlar hərbi əməliyyatlar zamanı min və yüz nəfərlik dəstələrə başçılıq edirdilər. Mahal naibləri həm inzibati, həm də məhkəmə hakimiyyətinə malik idilər.
Kəndxudalar və kovxaları kənd icmaları seçirdi. Onların başlıca vəzifəsi icma üzərinə düşən vergiləri toplamaq, kəndlərdə asayişi təmin etmək idi. Darğalar bazara nəzarət edərək ərzaq məhsullarının qiymətlərini təyin edir, mübahisəli məsələlərin həlli zamanı münsif kimi çıxış edirdilər. Darğalar formal olaraq bazar polisi hesab olunsalar da, əslində bütün şəhərdə qayda-qanuna cavabdeh idilər. Şəriət qaydalarının əməl olunmasına da darğalar nəzarət edirdi. Darğaların qayda-qanunu pozanları cəzalandırmaq hüququ vardı. Şəhərlərdə gecələr asayişin qorunmasına əsəsbaşı nəzarət edirdi.
Qarabağ ən böyük hərbi qüvvəsi olan xanlıqlardan idi. Hərbi zərurət olduqda xan 10-15 min döyüşçü toplaya bilirdi. Süvari qoşunun əsas hissəsini elatlar təşkil edirdi. Mirzə Camal yazır ki, Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi. Zərurət olduqda mahalların və kəndlərin piyada tüfəngçiləri mahal məlikləri ilə birgə qoşun sıralarına qatılırdılar.
Elatlardan töycü pulu, məhsuldan malcəhət alınmırdı. Mahallardan və kəndlərdən isə hər il malcəhət və töycü toplanırdı. Dağıstandan muzdlu qoşun gətirildikdə muzdluların məvacibini ödəmək, onların ölmüş atının əvəzini vermək üçün ellərdən də töycü pulu, sursat, taxıl, qoyun və mal-qara alınırdı. Adları qoşun və nökər dəftərinə yazılmışlar vergidən azad (maaf) idilər. Xan onları taxıl, at və s. ilə təmin etdirirdi. Qoşunun hər bir nökəri bir evə təhkim olunmuşdu. Bu ev həmin nökər və atlının ehtiyacını təmin etməli idi. Mir Mehdi Xəzani yazır: «İbrahimxəlil xan mərhumun... on iki minədək dəftəri-məxsusi qoşunu var idi ki, həmişə zira-hökmündə, adları siyahı və dəftərdə yazılmış qoşun idi. Amma zərurət vaxtı öylə rəşid adamlar, çerik və tüfəngçi hazır olardılar».
Rzaqulu bəy Mirzə Camal oğlu yazırdı: «Mərhum İbrahim xan hər il novruz bayramı günündə, qoşunun bütün sərkərdələrinə və minbaşılarına xələt, bəxşiş, at və qılınc verərdi... İbrahimxəlil xan səfərə çıxdığı və ya bir yerdə ordu qurduğu zaman onun yanında olan minbaşıların, yüzbaşıların, bəylərin, ağaların və Azərbaycan xanlarının hamısının səhər, günorta və axşam naharı, həmçinin onların atlarının arpaları xanın hesabına ödənilirdi. Qoşun əhlinin bir hissəsi, əmələlər, mirzələr, eşik ağasıları, keşikçilər və yasavullar mərhum İbrahimxəlil xanın hesabına dolanırdılar. Minbaşılara və sairlərə verilən diri qoyunlardan başqa, çoxlu keçi, 40 puddan artıq düyü, 30 baş qoyun işlənərdi. Bu hesabdan sərf olunan başqa kənd təsərrüfatı məhsullarının - çörəyin, atlara verilən arpanın, yağın, halvanın, qənd və ədviyyatın miqdarmı təsəvvür etmək olar».
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Rusiyadan asılılığı qəbul edildikdən sonra bir çox xanzadə və bəylər rus hərbi rütbələri ilə təltif edildi. İbrahimxəlil xanın özünə general-leytenant, oğulları Məhəmmədhəsən və Mehdiqulu ağalara general-mayor, Məmmədqasım ağaya polkovnik rütbələri verilmişdi. Bu yolla rus hökuməti Qarabağ xanını və övladlarını tamamilə özündən asılı etmək istəyirdi. Xanlar xanlığın müdafiə qabiliyyətini gücləndirmək üçün qalalar və istehkamların inşasına xüsusi diqqət yetirirdilər. Məlum olduğu kimi, Pənahəli xan hakimiyyətinin ilk dövründəcə Bayat və Şahbulaq qalalarını inşa etdirmişdi. 1748-ci ildə inşa edilmiş Bayat qalasının ətrafına bişmiş kərpicdən qalın divarlar hörülmüş, divarların ətrafında isə düşmən hücumu zamanı su ilə doldurulması nəzərdə tutulan dərin xəndəklər qazılmışdı.
Bayat qalası düzənlikdə yerləşdiyindən bir o qədər etibarlı deyildi. Buna görə də Ağdamdan 10 km aralıda yerləşən «Şahbulaq» adlanan yerdə 1751-1752-ci ildə yeni qala inşa olundu. Şahbulaq qalasının hasarı isə daş və əhəngdən tikilmişdi. Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasında daşdan tikilmiş məscid, hamam, şəhər evləri və bazar yerləşirdi. Mənbələrin məlumatına görə, Şahbulaqda iki qəsr-içqala və xarici qala var idi. V.Poftonun redaktorluğu ilə hazırlanmış kitabda daxili qəsrin planı verilmişdi. İç qəsr təpənin üstündə gur bulağın yanında salınmışdı. Pənahəli xanın iqamətgahı yonulmamış daşlardan düzbucaqlı, 8 pilləli şəkildə tikilmişdi. İqamətgahın möhkəm və hündür divarları vardı.
İç qəsr düzbucaqlı şəklində idi, hər küncdə bir qüllə, şərq tərəfi istisna olmaqla hər bir tərəfin ətrafında bir yarımdairəvi formalı qüllə vardı. Xarici qüllələr və divarların yuxarı hissəsi diş-diş idi. Hasarların hündürlüyü 7, qüllələrin hündürlüyü isə 8,5 metrə çatırdı. Bütün divarlar və qüllələr boyu döyüş mazqalları, mazqalların altmda birmərtəbəli binalar vardı. Qəsrin girişi şərq tərəfdən idi və ikimərtəbəli prizmaşəkilli tikili ilə müdafiə olunurdu. Giriş kiril əlifbasındakı «Q» hərfi formasında idi. Prizmatik tikili, səkkizinci, əsas qüllə idi və bütün Şahbulaq qalası üzərində yüksəlirdi. Yəqin ki, bu tikilinin ikinci mərtəbəsində Pənahəli xanın özü yaşayırmış.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasına görə, xanlığın ən etibarlı qalası Pənahabad (Şuşa) qalası idi. Şuşanın yerləşdiyi dağın yuxarısı kəsilmiş konus formasındadır, şimal tərəfdən terraslarla alçalır. Şuşa Daşaltıçay və Xəlfəliçaya kəskin enişi olan dərələrlə əhatə olunub. Təpənin kəskin yarğanları düşmən hücumuna qarşı güclü maneə yaradırdı və şəhərin müdafiə perimetrinin demək olar ki, üçdə iki hissəsini təşkil edirdi. Tarixçi P.Zubov Şuşanın təbii-strateji üstünlüyünü yüksək qiymətləndirərək yazırdı ki, üç - cənub, qərb və şərq tərəfdən yüksək sıldırım qayalarla əhatə olunması sayəsində o, şimal tərəfi istisna olmaqla, tamamilə alınmazdır. Şuşa qayalarının bəzisinin hündürlüyü 400 metrdən çoxdur. Qaladan ətraf yaxşı görünürdü, bu da düşmənin qəfil hücum etməsinə imkan vermirdi. A.A.Kaspari şəhərə şimal-şərq tərəfdən, qayalıqlardan və yarğanlardan keçən əyri-üyrü, kəskin yoxuşlu cığırı Fermopil keçidi ilə müqayisə etmiºdi.
Pənahəli xan Şuşanın müdafiəsini daha etibarlı etmək məqsədilə şimal tərəfdə hasar inşa etdirmişdi. Ancaq güman ki, bu divar çox tələsik tikildiyinə görə tez bir zamanda yararsız hala düşmüşdü. Buna görə də İbrahimxəlil xan yeni qala divarları inşa etdirməli olmuşdu. Mirzə Camalın yazdığına görə, bu divarın tikintisinə 1783/84-cü illərdə başlanmış və üç ilə başa çatmışdı. Həmin divarın uzunluğu 2,5 km idi. Bu divarın möhkəmliyini qeyd edən Mirzə Yusif Qarabaği yazırdı: «Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi».
Şuşa qala divarlarının möhkəmliyi Ağa Məhəmməd şah Qacarm hücumları zamanı çox ciddi sınaqlardan uğurla çıxmışdı. Adi top güllələrinin qala divarlarına heç bir təsir göstərmədiyini görən Qacar ən mahir artilleriya mütəxəssislərindən birinin məsləhəti ilə əmr etmişdi ki, iki top gülləsini millə bir-birinə bağlayıb atsınlar. Yalnız bu yolla qala divarlarına müəyyən xətər yetirmək mümkün olmuşdu. Şuşa qalasının döyüş qüllələri qala divarlarının səthindən bir qədər xaricə çıxır və bununla da divarları cinahlardan qorumağa şərait yaradırdı.
Demək olar ki, bütün Şuşa qəsrləri düzbucaqlı şəkildə olub dörd tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdu. Onun künc¬lərində qüllələr ucalırdı. Divarların iç tərəfində qəsrlərin sakin¬ləri üçün mənzil rolunu oynayan binalar tikilmişdi. Mir Mehdi Xəzani yazır ki, Pənahəli xan Şuşada özü üçün divarları və qüllə¬ləri olan qala formasında saray tikdirmişdi. Pənahəli xan öz sarayı ilə yanaşı böyük oğlu İbrahimxəlil ağa üçün gözəl saray inşa etdirmişdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)