Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Üçtərəfli görüş gözlənilir

31.05.18, 8:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son günlər Ermənistan mətbuatında Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüş keçirəcəklərinə dair xəbərlər yayılıb. Rusiyalı politoloq Maksim Mayorov isə bildirib ki, üçtərəfli görüş bu il ərzində baş tutacaq.
Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan da İlham Əliyev-Nikol Paşinyan görüşünün keçirilmə ehtimalından danışıb.
“Armeniya” telekanalına danışan nazir görüşün yaxın həftələr ərzində baş tuta biləcəyini deyib.
“Mən bu prosesdə rol oynayan bir sıra rəsmi şəxslərlə telefon danışığı aparmışam. Bu ünsiyyət davam edəcək. Birbaşa danışıqlar lazım olan məqama çatan zaman olacaq. Mən yaxın aylardan yox, həftələrdən danışıram”.
Mnatsakanyan Naxçıvan isitqamətində Azərbaycan ordusunun mövqelərini irəli çəkməsinə də toxunub. Onun sözlərinə görə, sülh danışıqlarına mane olacaq istənilən addım qəbuledilməzdir.
Millət vəkili Elman Məmmədov deyib ki, Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüşü baş tuta bilər. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir və hər zaman bu kimi görüşlərin təşkil olunmasına təşəbbüs göstərir: “Eyni zamanda Rusiyanın Cənubi Qafqaz regionuna nəzarəti hələ də güclüdür. Xüsusilə də indiki Ermənistan dövləti həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyanın nəzarəti altında olub və bu yəqinki gələcəkdə də belə olacaq. Görüşün keçirilməsində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq.
Mən arzu edərdim ki, rəsmi Moskva Ermənistanın yeni baş naziri Nikol Paşinyanı başa salsın ki, bu problemin yeganə bir yolu var o da Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Burada başqa heç bir fikirdən danışmağa dəyməz. Təbii ki, Rusiya və Ermənistan da bunu bilir. Amma inanmıramki, görüşdə hansısa nəticəyə gəlinsin. Çünki Paşinyan hələ də meydan ab-havasındadır. Bugünkü Ermənistanda Paşinyanın dediklərini etmək qeyri-mümkündür. Hər halda görüşün keçirilməsi müsbət addımdır”.
Beynəlxalq ekspert Tamerlan Vahabov isə bildirib ki, Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüşünün baş tutub-tutmaması ilə bağlı yalnız rəsmi məlumatı gözləməliyik:”Bu məsələnin birinci tərəfi. Lakin bu kimi formatda görüşlər olub. Yəni bunun baş tutması mümkün ola bilər”. Onun sözlərinə görə, bir neçə il bundan qabaq Soçi şəhərində üçtərəfli görüş baş tutmuşdu: “Ümumiyyətlə, bir çox məsələlər Ermənistanın mövqeyindən də asılıdır. Çünki Azərbaycan tərəfi artıq öz mövqeyini ortaya qoyub. Bildiyiniz kimi atəşkəs rejiminə rəsmi Bakı əməl edir. Ancaq Ermənistan tərəfi bununla razılaşmır və qeyri-konstruktiv mövqe nümayiş etdirib. Yəni biz bunu həmişə müşahidə etmişik. Ona görə də necə deyərlər top Ermənistan tərəfindədir. Təbii ki, Rusiya da bu proseslərdə əsas oyunçulardan biridir. Rəsmi Moskvanın burada mövqeyi vacibdir”.
Politoloq Rüstəm Məmmədovun fikrincə, birmənalı şəkildə, faktlara istinadən demək olar ki, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlərinin keçirilməsi problemin həllinə yardımçı ola bilməz:”Çünki Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir. Düzdür, işğalçı ölkə olan Ermənistan Rusiyadan asılı bir ölkə idi. Amma indiki məqamda Rusiyanın özü Ermənistanla münasibətlərini dəqiqləşdirməyib. Bu baxımdan da, bu günləri Rusiya faktoru Ermənistan üzərində qeyri-müəyyəndir. Ümumiyyətlə, bu gün heç Ermənistanın özü bilmir ki, nə istəyir”.
Politoloq bildirib ki, onsuz da bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri Ermənistanın işğalçılıq siyasətini və bu işğalçılıq zamanı törətdiyi vəhşilikləri çox gözəl bilirlər. Amma bu günə qədər işğalçı ölkənin vəhşiliklərinə dünyanın aparıcı dövlətlərinin təzyiq vasitəsi olaraq tədbirlər görməmələri münaqişənin həllinə ikili yanaşmalarının nəticəsidir. Amma ümid edirəm ki, Ermənistan bu günə qədər etdiyi hər bir əməlinə görə cavab verəcəkdir.
R.Məmmədov ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə də toxunub və bildirib ki, onların əsas işi Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdir: “Amma bu gün biz həmsədrlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərinə baxanda, irəliyə doğru addım görmürük. Çünki ATƏT-in həmsədr dövlətləri olan Rusiya, ABŞ və Fransa, yəni bu üç dövlətin heç biri bu məsələdə hələ öz mövqeyini dəqiqləşdirə bilməyiblər. Daha doğrusu, bunlarda fikir aydınlığı yoxdur. Bu baxımdan, münaqişə ilə bağlı ATƏT-dən nə isə bir irəliləyiş gözləmək olmur”.
Politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, Dağlıq Qarabağ məsələsində aktiv qeyri-müəyyənliyi Ermənistan üçün ciddi problem yaradır.
M.Əhmədoğlu Ermənistanın yeni baş naziri N.Paşinyanın bəyanatlarından ortaya çıxan nəticələri sadalayıb:
- N.Paşinyan etiraf etdi ki, Dağlıq Qarabağ mövzusunu bilmir. Yalnız bu məsələdən ötrü hakimiyyətdən qovduğu S.Sərkisyanla görüşməyə hazır olduğunu bildirdi. S.Sərkisyanın N.Paşinyana Dağlıq Qarabağ tənzimlənməsində məsləhət verməməsi faktdır. Səbəbi də aydındır. S.Sərkisyanın bu vaxtadək Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı dedikləri həqiqətdən uzaq idi. Heç bir sənəddə “Artsax xalqı”, “Dağlıq Qarabağ ermənisi” adlı termin yoxdur. Heç bir sənəddə Dağlıq Qarabağ ermənilərinə müstəqilliyin verilməsi nəzərdə tutulmayıb. Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə həll edəcəklər. Dağlıq Qarabağ ətrafındakı 7 rayon şəksiz Azərbaycana qayıdır. N.Paşinyanı aldatmağın mənasız olduğunu başa düşən S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsindəki həqiqətin ATƏT MQ vasitəsilə çatdırılmasını məsləhət bilir. Həm də N.Paşinyan S.Sərkisyana qarşı yeni əks təbliğat kampaniyasına başlaya bilərdi.
- N.Paşinyan danışıqları yalnız Ermənistanın adından aparacağını bildirdi. Bu rəsmi Bakının mövqeyinə tam uyğundur. Rəsmi Bakı üçün Dağlıq Qarabağ münaqişəsinin adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ probleminin həll olunması hələ Ermənistanla Azərbaycan arasındakı bütün problemlərin həlli deyil. Dağlıq Qarabağ problemi Ermənistan və Azərbaycan arasında olan çoxsaylı problemlərdən yalnız biridir. İrəvan, Zəngəzur, Göyçənin qaytarılması, Ermənistan SSR-dən deportasiya olan azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması, Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtması, iki ölkə arasında iqtisadi və regional əməkdaşlıq məsələlərinin həlli və s. Ona görə N.Paşinyan özünə məxsus mərhələli həll variantı təklif edir.
- N.Paşinyan Ermənistan ordusunun təchizatının bərbad vəziyyətdə olduğunu açıqladı. Qarabağ klanın 20 illik hakimiyyəti Ermənistan ordusunu hətta alt paltarla təmin edə bilməyib.
Ermənistanın digər rəsmilərinin bəyanat və davranışları:
- Ermənistan XİN qısa pauzadan sonra xeyli aktivləşdi. Baş nazirin məlumatsızlığını və ordunun vəziyyəti barədə açıqlanan yeni məlumatları nəzərə almadan Ermənistandakı inqilabın Ermənistanı guya gücləndirdiyinə əsaslanaraq Dağlıq Qarabağın ermənilərinin danışıqlara tərəflər kimi qoşulması ideyasını aktuallaşdırdı. Ermənistan Xİ rəhbərliyinin Dağlıq Qarabağ danışıqlarının gedişindən xəbərsiz olduğu üzə çıxdı. Ola bilər, bəlkə də saxta vətənpərvərlik mövqeyinə söykənirlər.
- Yeni təyin olunan müdafiə və xarici işlər nazirləri öz aqressivliklərini orijinal formada ortalığa qoydular. Hər ikisi Qərbpərəst olan bu nazirlər Dağlıq Qarabağda Ermənistanın uduzacağını əvvəlcədən özləri üçün müəyyənləşdiriblər deyə hadisələrin ağırlıq mərkəzini Dağlıq Qarabağdan Ermənistanın Azərbaycanla dövlət sərhədinin Naxçıvan hissəsinə keçirdilər. Həm də Qərbpərəst nazirlərin fikrincə, Naxçıvan istiqamətində təxribat törətməklə Rusiyanı cəzalandıra və bununla da Qərbin xoşuna gələ bilərlər.
- Prezident Armen Sərkisyan müşaviri, əslən Dağlıq Qarabağdan olan separatçı Tevan Poqosyanın dili ilə Dağlıq Qarabağ danışıqlarını aparmaq səlahiyyətini baş nazir N.Paşinyana məxsus olduğunu bildirdi. Bununla da T.Poqosyan prezident A.Sərkisyanı Ermənistan üçün mənfi danışıqlardan sığortaladı. Bəlkə də T.Poqosyan N.Paşinyanın bacarıqsızlığını nəzərə alaraq onun Azərbaycanla danışıqları aparmağı tövsiyə edir.
Ermənilər yaranmış vəziyyətdə minimum 3 məsələyə fikir versələr özlərinin faydasına olar.
- N.Paşinyanın yaratdığı hakimiyyət dəyişikliyi beynəlxalq aləmdə Dağlıq Qarabağ mövzusunda aktivlik yaradıb. Bu Serj Sərkisyanın dövrü ilə müqayisədə prinsipial fərqdir və fərq Ermənistanın əleyhinədir.
- Ermənistanın daxili prosesləri sabitləşməyib. N.Paşinyanın inqilab zamanı verdiyi bəyanatlarla indiki mövqeyi arasında fərq bəzən 180 dərəcə olur. Jirayr Sefilyanın və Samvel Babayanın tərəfdarlarının aktivliyinin azalması qeyri-mümkündür. N.Paşinyanın komandası onun erməni xalqının ideallarına xəyanət etdiyini göstərdi. 27 yaşlı gənc nazir hərbi xidmətdə olmayıb. Elə onun indi də hərbi xidmət yaşıdır. Qəribə vəziyyət yaranır. Sağlamlığına görə hərbi xidmət edə bilmir, amma nazir işləyə bilir. Hər halda erməni xalqı buna göz yumacaqsa belə xalq daha pislərə layiqdir
- Ermənistanın konstitusiya dəyişikliklərinin danışıqlara imitasiya yaratmaq resursları həmişə bizim diqqətimizdə olub. Ümumiyyətlə, S.Sərkisyanın danışıqlara Dağlıq Qarabağ əsilli erməniləri daxil etmə cəhdləri həmişə bizim tərəfdən izlənilib və müvafiq addımlar atılıb. Bununla da S.Sərkisyanın bu yönümlü variantları neytrallaşdırılıb. İndi də Ermənistan tərəfdən baş danışıqçının kim olmasına uyğun Azərbaycan tərəfdən adekvat qərar qəbul ediləcək. Ölkə prezidentinin danışıqlarda iştirak etməsi heç də məcburiyyət deyil. Prezident İ.Əliyev ermənilərlə danışıqlar aparmağı hansısa yüksək çinli rəsmiyə həvalə edə bilər. Bu onun konstitusion hüququdur. İ.Əliyev danışıqları Dağlıq Qarabağ mənşəli Azərbaycan rəsmilərindən birinə də həvalə edə bilər. Müstəqil Ermənistanın tarixində ilk dəfədir ki, onun başında oturan şəxslər ermənistanlıdırlar. Söhbət Armen Sərkisyan və N.Paşinyandan gedir. L.Ter-Petrosyan Suriya ermənisi, R.Köçəryan və S.Sərkisyan isə Dağlıq Qarabağ erməniləri idilər. Ermənistan Respublikasının coğrafi bütövlüyünü qorumaq A.Sərkisyan və N.Paşinyan üçün ən ümdə vəzifə olmalıdır.
Cavid

Bu xəbər oxundu
- - -