Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ekspert: “Cənub Qaz Dəhlizi“ real diversifikasiyanı təmin edəcək”

31.05.18, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi tədarükün real şaxələndirilməsini təmin edəcək. Bunu OCP Siyasi Araşdırmalar Mərkəzinin (Rabat, Mərakeş) və Fransa Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (Paris) baş elmi işçisi Fransis Perrin deyib. Ekspert bildirib ki, "Cənub Qaz Dəhlizi" ilk dəfə Avropaya Xəzər regionundan təbii qaz idxal etməyə imkan verəcək: "Enerji birliyinin prioritetlərindən biri qaz tədarükünün şaxələndirilməsidir. "Cənub Qaz Dəhlizi" bu energetika strategiyasının əsas hissələrindən biridir".
O qeyd edib ki, Rusiyanın təşəbbüs göstərdiyi "Türk axını" və "Nord Stream 2" qaz kəmərlərindən fərqli olaraq, "Cənub Qaz Dəhlizi" real diversifikasiya təqdim edir, çünki bu layihə yeni qaz idxalı mənbələri açır. F.Perrin deyib ki, Azərbaycan dəfələrlə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi vasitəsilə Avropa bazarına öz təbii qazının bir hissəsini tədarük etməyə hazır olduğunu bildirib: "Daha sonrakı mərhələdə isə ölkə "Abşeron" yatağının işlənməsi daxil olmaqla, digər layihələr sayəsində Avropa İttifaqına qaz tədarükünü artıra bilər. Azərbaycanın Avropanın BP, "Total", "Eni" və "Equinor" (əvvəlki "Statoil") kimi bir sıra iri neft şirkətləri ilə çox yaxşı münasibətləri var. Azərbaycanın offşor zonalarında araşdırmalar aparılır və beynəlxalq neft şirkətləri yeni kəşflərin və işlənmələrin olacağını istisna etmir".
Ekspert vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" 2020-ci ildən Türkiyə və Avropa İttifaqına ildə 16 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək: "Həcm baxımından bu göstərici ixrac gücü müvafiq olaraq ildə 31,5 milyard və 55 milyard kubmetr olan "Türk axını" və "Nord Stream 2" vasitəsilə qaz tədarükü həcmləri ilə müqayisədə azdır. Lakin bu həcm Azərbaycanda yeni layihələrin işə salınması ilə zaman-zaman arta bilər". Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)