Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qədim və zəngin mədəniyyətə malik türklər

01.06.18, 7:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Divani lüğət-it türk”
5-ci yazı
Türk xalqlarının dil özəlliklərini özündə əks etdirən, türkün dili, ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi tarixi, coğrafiyası, məişəti, düşüncə sistemi və s. haqqında fikir formalaşdıran, türkün ilk sözlüyü hesab edilən “Divani lüğət-it türk” kitabı türkün özünütanıma və Şərqdə özünütanıtma yoluna işıq salan ən möhtəşəm abidələrdən biridir. Ərəbcə yazılmış bu əsər iyirmi il toplama, iki il isə düşünüb yazmaq zəhmətinin məhsuludur. Bu barədə Mahmud Kaşqarlı belə yazır: “Mən türklərin, türkmənlərin, oğuzların, çigillərin, yağmaların, qırğızların şəhərlərini və məskənlərini uzun illər başdan-başa dolaşdım, sözlərini topladım, müxtəlif sözlərin xüsusiyyətlərini öyrəndim, yaddaşıma həkk etdim”.
Mahmud Kaşqarlı bu əsəri 1072-ci ildə yazmağa başlamış və 1074-cü ildə tamamlayıb. Bir mənada “Türk ləhcələri sözlüyü” anlamını verən, tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza və s. minillik yol yoldaşı (həm də bələdçi) olan bu əsər sözün həqiqi mənasında türkün yaratdığı böyük mənəvi xəzinədir. Əsər təxminən min il (943 il) bundan əvvəl yazılıb tamamlansa da , elm aləminə çox gec məlum olmuşdur. “Divani lüğət-it türk”dən ilk dəfə istifadə edənlər sırasında Bədrəddin Mahmudun, Şəhabəddin Əhmədin və Katib Çələbinin adları çəkilir. Əsərin əldə olunma tarixi ilə bağlı qeyd olunur ki, o zamankı Maliyyə Naziri Nazif Paşa kitabxanasında qoruduğu bu qiymətli kitabı saxlamaq üçün özünə yaxın qohum olan bir qadına verir və ona yalnız ehtiyac girdabına düşəcəyi təqdirdə bu kitabı qızıl pul ilə 30 lirəyə satmasını tövsiyə edir. Bir müddət sonra qadın həmin kitabı Burhan bəyin kitab dükanında satışa çıxarır.
Maarif Naziri Əmrullah əfəndi bu kitabı almaq istəyir və qiymətləndirməkdən ötrü onu Elmiyə Əncümanına verir. Əncümanlıq kitabı 10 lirə dəyərində qiymətləndirir və baha olduğu üçün onu almaqdan imtina edir. Şair, yazıçı və eyni zamanda kitab həvəskarı Əli Əmiri (1857-1923) təsadüfən Burhan bəyin dükanına gəlir və bu kitabı alır. Kitabla yaxından tanış olduqdan sonra, “türk dilində indiyə qədər bu cür kitab yazılmayıb, bu kitabı həqiqi qiymət verilməsi lazım gəlsə, dünya xəzinələri kifayət etməz” deyə heyrətini gizlədə bilmir. 1914-cü ilin əvvəlində Əli Əmiri tərəfindən əldə olunan bu nüsxə böyük səs-küyə səbəb olur. Ziya Göyalp, Kilisli Rifat bəy, Sədrəzəm Tələt Paşa, Ədliyyə Naziri İbrahim bəy və s. kimi şəxslər bu əsərə böyük maraq göstərirlər. Qeyd edək ki, əsəri Əli Əmiri kitab mağazasından alarkən onun vərəqləri dağınıq vəziyyətdə olub. Vərəqlər səhifələnmədiyi üçün onun ardıcıllıqla düzülməsi böyük çətinliklər törədib. Kitabın vərəqlərinin ardıcıl şəkildə səhifələnib düzülməsində, müəyyən formaya salınmasında Kilisli Rifat bəyin böyük əməyi olub. Kitabı Ziya Göyalp çap etdirmək istəyir. Lakin Əli Əmiri kitabı Ziya Göyalpa verməkdən imtina edir. Sədrəzəm Tələt Paşanın işə qarışması nəticəsində Əli Əmiri yalnız Kilisli Rifatın nəşr işlərinə rəhbərlik etməsi şərti ilə onun çapına razılıq verir. Sədrəzəm Tələt bəy Əli Əmiriyə 300 lirə pul hədiyyə etsə də, o, bu pulları geri qaytarır. Kilisli Rifat bəy 1915-1917 illərdə “Divani lüğət-it türk”ün 3 cildini nəşr etdirir. Qeyd edək ki, kitab nəşr olunduqdan sonra onun əlyazma variantını Əli Əmiri Millət Kitabxanasına təqdim edir.
“Divani lüğət-it türk” kitabı indiyə qədər Türkiyə türkcəsinə, qazax, özbək, uyğur, Azərbaycan, ingilis, fars, Çin dillərinə tərcümə edilib və bu dillərdə nəşr olunub. Azərbaycan dilində isə bu əsər 2006-cı ildə Bakıda 4 cilddə nəşr edilib.
Öz yaratdıqlarına sahib olmaq və bunları dünya arenasına təqdim etmək təşəbbüsü bu əsərdə başlıca məqsəd daşıyır. Bütün bunlarla yanaşı əsərin başqa bir məqsədi ərəblərə türk dilini öyrətmək və türk inin ərəb dili qədər zəngin bir dil olduğunu sübut etməkdir. Nəzərə alaq ki, XI əsrdə türk ictimai-siyasi və mədəni həyatı yeni bir uğurlu mərhələyə qədəm qoymuşdu. Coğrafi dairənin genişlənməsi, siyasi idarəçilik və diplomatik səriştənin güclənməsi, hərbi qüdrətin artması nəticəsində türk ordusunun zəfər qazanması (Malazgird qələbəsi və s.) və yeni ərazilərin fəth olunması və s. kimi hallar bir çox sahələrdə olduğu kimi mədəni sferada da türk təəssübkeşliyinin yüksəlməsinə, eyni zamanda onun nümayişinə həm təkan verirdi, həm də böyük təsir göstərirdi. Yusif Balasaqunlunun “Qutadqu bilik” (1069-1070) əsərinin yazılmasında olduğu kimi, Mahmud Kaşqarlının “Divani lüğət-it türk” (1072-1074) əsərinin meydana çıxmasında da yuxanda sadalananların doğurduğu ruh, qürur və təəssübkeşliyin təsirini danmaq qeyri-mümkündür. Bu mənada “Divanü lüğat-it türk”də türk şəcərələri, türk tayfa qrupları, türk xəritələri, türk dili, ədəbiyyatı, mədəniyyəti və s. barədə məlumatlarda açıq və ya pərdəli təəssübkeşlik məqamlarının mövcudluğu da məqsədlidir.
Sevindirici haldır ki, Mahmud Kaşqarlının türk təəssübkeşliyi (türkçülük) ideyası bütün türk dünyası boyunca zaman-zaman ayn-ayrı sənətkarlarda bu və ya digər formada özünü göstərib. Dahi Azərbaycan şairi M.Şəhriyarın “türkün dili tək sevgili istəkli dil olmaz...” misrasının ifadə etdiyi mənanı (həm də məqsədi) türk dil təəssübkeşliyi istiqamətində XI əsrdə başlayan xəttin davamı, XX əsr İran mühiti üçün yeni mərhələnin zirvəsi hesab etmək olar. Bu məntiqə istinadən deyə bilərik ki, əsərin əvvəlində Tanrı yanında türkün əziz olması fikrinin müəllif tərəfindən istər səslənməsi, istərsə də qabardılması məqsədlidir. “Həmdü səlatdan sonra bu kəminə Məhəmməd oğlu Hüseyn, Hüseyn oğlu Mahmudun sözlərini dinləyin: Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı, dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi. Türklərlə əlbir olanları və tərəfdarlarını əziz tutdu, türklərin sayəsində bütün arzularına çatdırdı, pislərin, qaragüruhun şərindən qorudu. Türklərin oxlarından qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və münasibdir. Dərdini söyləmək və türklərin könlünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur. Əgər kimsə öz qövmündən ayrılaraq türklərə sığınsa, o bütün qorxu və bəlalardan xilas olar, o adamla birlikdə başqaları da sığına bilər.” Mahmud Kaşqarlı belə hesab edir ki, əgər türk Tanrının əziz və gözəl bəndəsi- dirsə, demək onun yaratdıqları da, əməlləri də gözəl olmalıdır. Bu sırada Mahmud Kaşqarlının türkün yaratdıqları içərisində onun dilinin üstünlük və gözəlliklərindən bəhs açarkən Həzrət Məhəmmədin türk dilinə verdiyi önəmi özündə əks etdirən fikirlərini Buxara və Nişapur irşadlarına istinadən diqqətə çatdırması təsadüfi görünmür: “Türklərin dilini öğreniniz, çünkü onların egemenliği uzun sürecektir”. Qeyd etdiyimiz kimi, Mahmud Kaşqarlı türk diyarlarını 20 il gəzdikdən, bu müddətdə həmin ərazilərdə yaşayanların - uyğur, oğuz, qırğız, yağma, çigil, qıpçaq, türkmən və s. türk tayfalarının dil, ədəbiyyat və mədəniyyət nümunələrini toplayıb öyrəndikdən sonra kitab yazıb.
“Divani lüğət-it türk”də dil məsələlərinə səkkiz müxtəlif bölümlərdə izahlar verilib, müqayisələr aparılıb. Həmzə, Salim, Muzaaf, Kita- bül-misal, Kitabi zevatis-səlasə, Kitabü zəvatil-ərbaa, Kitabül-gunnə, Kitabül-cəm beyn-əs-sakineyn adlı bu bölümlərdə əsasən türk dilinin leksik-qrammatik xüsusiyyətlərinə, özünəməxsus incəliklərinə, kök, şəkilçi, hərf sistemi barədə məlumatlara daha çox yer verilib.
“Divani lüğət-it türk” əsərində ədəbiyyat nümunələrinə yer ayrılması türk bədii düşüncəsinin, söz-ifadə imkanlarının üstünlük səviyyəsin¬dən xəbər verir. Çünki Mahmud Kaşqarlının öz sözləri ilə desək, “Divani lüğət-it türk” hikmət, səc, atalar sözü, şeir, rəzəc, nəsr kimi ədəbi parçalarla “süslənən” kitabdır. Bu nümunələri eyni zamanda türk bədii zövqünün nümayiş və təqdimatı hesab etmək olar. Kitaba daxil edilmiş atalar sözləri, əski şeir, dastan nümunələrini müəllifın hansı mənbələrdən (şifahi şəkildə toplamaq və yaxud yazılı mənbələrdən götürmək) əldə etməsi araşdırmaçılarda mübahisələr doğursa da, bir növ ilk ədəbiyyat antologiyası yaratmaq sahəsində Mahmud Kaşqarlının türk mədəniyyəti qarşısında böyük xidmətidir. Ancaq “heç ola bilməzdi ki, türk ellərini qarış-qarış gəzən M.Kaşqari türk şairlərinə rast gəlib onlarla görüşməmiş, yaradıcılıqlarını bu və ya digər dərəcədə öyrənməmiş olsun.” “Divani lüğət-it türk”də üç yüzə yaxın atalar sözləri yer alır. Tədqiqatçılar həmin nümunələri türkün ən əski atalar sözləri hesab edir. Bu nümunələrdə türk insanının dünyabaxışı, insana, hadisələrə və s. münasibəti diqqəti cəlb edir və nəticədə türk ictimai-siyasi, ədəbi-bədii baxış modelinin nədən ibarət olması barədə geniş təsəvvür yaradır. Məsələn, “Bir qarğa ilə qış gəlməz”, “Birər-birər min olur, dama-dama göl olur”, “Qanı qan ilə yumazlar”, “Su verməyənə süd ver”, “Dağ dağa qovuşmaz, insan insana qovuşar” və s. Göründüyü kimi, bu cür atalar sözləri min il bundan əvvəl kitaba daxil edilsə də, xalqın yaratdığı həmin hikmət nümunələrindən müasir dövrdə də istifadə olunur. Min ildən sonra da təravətini itirməyən bu hikmətlər türk düşüncə aliliyindən xəbər verir.
“Divani lüğət-it türk”də yer almış şeirlərin (dördlüklər) mövzu dairəsi müxtəlifdir. Allahın tərifi, təbiət təsviri, qəhrəmanlığın və məhəbbətin tərənnümü və s. mövzuları əhatə edən bu şeir parçaları dilimizin poetik imkanlarının yüksəkliyi barədə təsəvvürləri genişləndirir. Əslində belə nümunələr türk dilinin poetik təzahür formalarının rəngarəngliyini göstərməklə onu bəyənməyib, yalnız ev, küçə, bazar dili şəklində dəyərləndirənlərin fikirlərini təkzib edir, bu dilin elm və ədəbiyyat dili kimi nüfuzunu təsdiqləyir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -