Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Aqrar Universitetdə “Məzun 2018” yarmarkası keçirilib

01.06.18, 13:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin tədris korpusunda 10-cu məzun yarmarkası keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər. Nazirlikdən bildiriblər ki, təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanışlıqla başlayan tədbirdə son günlərdə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə universitetə birdəfəlik verilən müasir texnikalara baxış keçirilib, tələbə evləri, baytarlıq klinikası, quşçuluq, maldarlıq, atçılıq tədris mərkəzləri, istixanalar, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, bitki klinikası, "John Deere", "New Holland Agriculture" təlim mərkəzləri, kompüter otaqları, idman meydançaları, tələbə parkı və digər yerlərdə vəziyyətlə yaxından tanışlıq olub.
Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat verib. Rektor son illərdə universitetdən məzun olanların tərkibində kənd təsərrüfatı və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə artmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, əmək bazarının tələblərini nəzərə alaraq, 2018/2019-cu tədris ilində bakalavr səviyyəsində əlavə olaraq üç kənd təsərrüfatı ixtisası - “bitki mühafizəsi”, “şərabçılıq”, “bağçılıq və tərəvəzçilik” ixtisasları üzrə tələbə qəbulu aparılacaq.
Sonra universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, təhsil standartlarının əmək bazarının tələblərinə uyğun olaraq yenilənməsi, maddi-texniki bazadan səmərəli istifadə etməklə tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi, aqrar sahədə sahibkarların diqqətini cəlb edən elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, “Aqrar məsləhət xidməti”nin fəaliyyəti, aparıcı müəssisə və təşkilatlarla əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatında yerinə yetirilən texnoloji proseslərin bütün mərhələlərində universitetin professor-müəllim və tələbə heyətinin fermerlərin yanında olmasının vacibliyi və bu istiqamətdə görülən işlər barədə danışılıb. Tədbirin sonunda məzunlara aparıcı müəssisə və təşkilatlar tərəfindən təqdim olunan iş yerləri barədə məlumat verilib. Ümumilikdə məzun yarmarkasında 41 rayondan 164 müəssisə iştirak edib və 918 iş yeri təklif olunub. Qeyd edək ki, bu il universitetdən bakalavr dərəcəsi üzrə əyani təhsil formasından 978, qiyabi təhsil formasından 242, magistratura üzrə 178, cəmi isə 1398 nəfər məzun olacaq.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)