Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş hesab edir

01.06.18, 14:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aİ komissarı: "Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü Avropa İttifaqı üçün vacibdir"

Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş hesab edir.
Bu sözləri Büdcə və insan resursları üzrə Avropa komissarı Günter Ottinger ADA Universitetində mühazirəsində deyib.
O bildirib ki, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü Avropa İttifaqı üçün vacibdir: "Hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzərində işləyir. Bu saziş 1999-cu ildə imzalanmış və bu günə kimi davam olan əməkdaşlıq və tərəfdaşlıq sazişini əvəz edəcək.
Azərbaycan hazırda iqtisadiyyatın diversifikasiyası siyasətini həyata keçirir. Azərbaycanın ticarət dövriyyəsinin yarısı Aİ ölkələrinin payına düşür. Enerji gələn onilliklərdə də vacib rol oynayacaq. Lakin Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var.
Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Azərbaycan həmçinin nəqliyyat mərkəzinə çevrilmək niyyətindədir, Şərq-Qərb dəhlizinin inkişafında vacib tol oynayır".
Avropa Komissarı bildirib ki, hazırda Azərbaycanla Aİ Aviasiya sazişi üzrə danışıqlar aparır: "Biz sazişin imzalanmasına yaxınıq. Bu saziş imzalandıqdan sonra Aİ ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf edəcək".
Günter Ottinger Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişin gələn il hazır olacağını deyib.
Ottinger bildirib ki, hazırda Azərbaycanla yeni saziş üzrə danışıqlar davam edir və bu günlərdə danışıqların növbəti mərhələsi olub: “Bir çox məsələlər barədə razılıq əldə edilib. Lakin bu, kompleks danışıqlardır. Bəzi fikir ayrılıqları var və bu, əsasən ticarətlə bağlıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olsaydı, daha asan olardı. Avropada 6 komissarın mandatı gələn ilin oktyabrında bitir. Biz və Azərbaycan hökuməti çalışacağıq ki, o zamana kimi saziş hazır olsun. Həmin il həm də aramızda mövcud olan Əməkdaşlıq və Tərəfdaşlıq Sazişinin 20 illiyi qeyd ediləcək. Ümid edirəm, gələn il bu saziş hazır olacaq”.
Günter Ottinger deyib ki, o, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqı üçün nə dərəcədə ağrılı və həssas olduğunu anlayır.
Komissar bildirib ki, bu münaqişə on illərdir davam edir: "Avropa Komissiyası münaqişənin həllinə birbaşa cəlb olunmayıb, lakin prosesləri analiz edir. Mən xanım Mogerini və Fransa tərəfi ilə mütəmadi təmasdayam. Lakin Rusiyasız münaqişənin həlli mümkün deyil. Rusiya ilə bizim münasibətlərimizin çox yaxşı olduğunu deyə bilmərəm. Ortada Krım, sanksiyalar kimi məsələlər var. Hesab edirəm ki, Rusiya konstruktiv məcraya qayıtmalıdır. Bu, bütün proseslərin həllində vacib rol oynaya bilər".

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)