Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təsəvvüf cərəyanı və onun özəl xüsusiyyətləri

04.06.18, 7:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

Müxtəlif mövzulu şeir parçalarına nəzər saldıqda bunu aşkar şəkildə görmək mümkündür. Məsələn: İdimni oger men Biligniyüger men Könülni tüger men Erdem üze türlünür (Tanrını överim Bilgiyi toplarım Nəfsimi bağlarım Erdem üzerine düzülür) (Ş.H.Akalının tərcüməsində).
Qeyd etməliyik ki, türkün təbiətə olan sevgisi həmişə yüksək olub. Yuxarıda göyü, aşağıda yeri müqəddəs bilən, yerlə göy arasında olan bütün varlıqları Tanrı əmanəti hesab edən türkün bədii düşüncə və axtarışlarında təbiətə sevgi məsələləri xüsusi xətt təşkil edir. Türkün əski poetik nümunələrində təbiət Günəş, Torpaq, Çiçək, Dəniz, Dağ və s. elementlər şəklində vəsf olunsa da, bunların fonunda təbiətin vahid obraz tipi daha çox qabarıqdır.
Yağmur yağıp saçıldı.
Türlüg çəçək su çaldı
Yinçü kabı açıldı,
Çından yıpar yoğruşur
(Yağış yağıb saçıldı,
Min bir çiçək açıldı,
İnci qabı açıldı,
Səndəllə müşk yoğruldu.)

Türlüg çəçək yarıldı Barçın yadhım kərildi,
Uçmak yeri körüldi Tumluğ yana kəlgüsüz

(Dürlü çiçək açıldı,
İpək döşək sərildi,
Cənnət yeri görüldü
Qış daha gəlməyəcək)

Yaxud məhəbbət duyğu və həyəcanlarının tərənnümünü əks etdirən əski türk şeirinə nəzər salaq:
Üdhik mini komıttı,
Sakına manqa yumıttı,
Könqlüm anqar əmitti
Yüzüm məninq sarğarur
(Sevgi məni coşdurdu,
Sıxıntı başıma vurdu,
Könlüm ona axdı,
Üzüm mənim saralır.)

Zəfər və qəhrəmanlıq şərəfi türk tarixində əhəmiyyətli yer tutur. Türklər tarix boyu ədalət tərəfdarı olub, müharibələrdə zəfər qazanıb və öz qəhrəmanları ilə öyünüblər. “Divani lüğət-it türk”də türk qəhrəmanlıq tarixində yeri olan Alp ər Tonqa, Şu və s. ilə bağlı poetik nümunə və məlumatların əksini tapması, bir daha onu göstərir ki, millət zaman-zaman öz tarixinə sahib çıxmış, qəhrəmanlarının şərəfini daim uca tutub.
“Divani lüğət-it türk”də Alp ər Tonqanın ölümünə həsr olunmuş şeir xalqın qəlbində yaşanan ağrı, həyəcan, kədər hisslərinin əksi baxımından əhəmiyyətlidir. Bu parçalarda məzmun yüksək fikir-ideya müstəvisində təqdim olunur. Nümunələrdə qafiyələnmənin, heca bölgüsünün, misra düzümünün vahid poetik sistemə uyğun aparılması həmin şeirlərin forma gözəlliyini təmin edir, ən qədim dövrlərdə türk şeirində mövcud olan məzmun və forma vəhdəti barədə fikir söyləməyə kifayət qədər əsas verir:
Alp Ər Tonqa öldümü
Isız ajun kaldımu
Ödler öçin aldımu
Emdi yurek yırtılur
(Alp Ər Tonqa öldümü?
Yaman dünya qaldımı?
Fələk öcünü aldımı?
İndi ürək dağlanır.)

Müəyyən sayda “Divan”a daxil edilmiş bu nümunələr hələlik sayı və müəllifləri dəqiq bilinməyən qədim türk şeirinin forma-məzmun xüsusiyyətləri, ideya-estetik zənginliyi barədə təsəvvürlərin genişlənməsində mühüm rol oynayır. Ancaq müəlliflər bilinməsə də, həmin nümunələr həm şeirimizin tarixi, həm də Çuçu istisna olmaqla kitabda adları çəkilməyən Aprınçur Tigin, Kül Tarkan, Ki-Ki, Aşıq Tutunq, Buyan Kaya Kal, Sılıq Tigin, Çısuya Tutunq, Künçük İduk Kut və s. kimi qədim türk şairlərinin kimliyi, üslubları ilə bağlı mülahizələrin formalaşmasında, dəqiqləşmələrin aparılmasında, axtarışlara meylin güclənməsində əhəmiyyətli mənbəyə çevrilir.
Dini-fəlsəfi, mənəvi-əxlaqi cərəyan olan təsəvvüf Şərq nəzəri elmlər sırasında yer almasa da, onun kökündə din və dini elmlər dayanır. Təsəvvüf dinin batini və mənəvi tərəfi ilə məşğul olan islami elmlərlə iç-içədir. Quran isə həmin elmlərin ana qaynağıdır. Bildiyimiz kimi, islami elmlər VIII əsrə qədər bir bütövün tərkibində , VIII əsrdən etibarən müstəqil şəkildə (təfsir, hədis, fiqh, kəlam, əxlaq və s.) inkişaf etməyə başlayıb. Təsəvvüfü həmin elmlərin hər biri ilə birbaşa bağlamaq mümkündür. Bu baxımdan təsəvvüf qaynağı İslam ideologiyası olan bir dini-fəlsəfi cərəyan və düşüncə sistemi hesab olunur. Nihad Sami Banarlı təsəvvüfü “ bir iman, bir fikir və irfan cərəyanı və bir eşq hadisəsi” hesab edir. Ancaq heç vaxt təsəvvüfə birmənalı münasibət olmayıb. Bir mülahizəyə görə təsəvvüf nəzəri, başqa mülahizəyə görə əməli (tətbiqi), digər bir mülahizəyə görə isə İslam mistizmidir. İlk sufi ləqəbiylə tanınan şəxs Cabir bin Həyyan (VIII əsr) və ya Əbu Haşim hesab olunur.
Təsəvvüfün qaynağı islami dəyərlər olsa da, Quranda təsəvvüf və sufi kəlmələrinə rast gəlinmir. Bu da özlüyündə təsəvvüfün dinlə bağlı olub-olmaması baxımından fərqli fikirlərin yaranmasına səbəb olub. Bəzi din alimləri İslamın təsəvvüflə heç bir əlaqəsinin olmadığını iddia edirlər. Quranda da sufi və təsəvvüf kəlmələrinin işlədilməməsinin səbəbini bununla bağlayırlar. Ancaq nəzərə almaq lazımdır ki, təsəvvüf bir cərəyan olaraq Qurandan sonra formalaşıb. Lakin onlardan fərqli olaraq təsəvvüfün İslamla əlaqəsini təsdiqləyənlər çoxluq təşkil edir. Məlumdur ki, İslamda elm yalnız elm deyil, həm də ibadət və iman hadisəsi, eyni zamanda İslam mədəniyyətinin təməl cizgilərindən biri kimi qəbul edilir. Təsəvvüfdə də ibadət, iman, mədəniyyət və s. cəhətlərə eyni münasibətin olması dini-fəlsəfi hadisə tipində təsəvvüfün islami əsaslar daxilində formalaşmasını təsdiqləyir. İslam dini ilə təsəvvüf arasında bağlılığın olmasını təsdiqləyənlər bu cəhəti xüsusi vurğulayırlar. Qeyd etmək lazımdır ki, İslamda mövcud olan Allah sevgisi, ibadət, təqva, tövbə, zikr, ixlas, səbr, təvəkkül, şükr, zöhd, qənaət və digər cəhətlər təsəvvüfdə yer alır ki, bu da onu Quranla birbaşa bağlayır. Bundan başqa Quranın Hədid, Həşr, Nisa, Bəqərə, Maidə, Fəcr, Ali-İmran surələrində yer alan Allah sevgisi, Allahı düşünmək, ilahi bəndəliyə daxil olmanın və ibadətin şərtləri və s. dini-fəlsəfi görüşlər təsəvvüfdəki bu tipli fikirlərin formalaşmasında mühüm rol oynayıb. Ədəbiyyat tarixləri və fəlsəfə kitablarında “İslam təsəvvüfü” ifadəsinin işlədilməsi də təsəvvüfün İslamdan qaynaqlanmasının təsdiqi baxımdan əhəmiyyətlidir.
Sufi və təsəvvüf sözlərinin kökü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Kuşeyri, Hucviri və digər müəlliflər belə hesab edirlər ki, təsəvvüf və sufi sözlərinin ərəb sözləri ilə heç bir əlaqəsi yoxdur və bu sözlər ərəb dilindəki kəlmələrdən törəməyib. Başqa müəlliflər isə bu sözlərin kökünün ərəb dili ilə bağlı olduğunu əsaslandırmağa çalışıblar. Həmin fikrin tərəfdarları təsəvvüf kəlməsinin kökünü elm və ibadətlə məşğul olan ilk 400 nəfər möminə işarə olaraq işlədilən “əshabi-süffə”, çöl bitkisinin adı olan “sufanə”, təmizlik, paklıq anlamını verən “safa”, “safvet”, İslamdan öncə yaşayan və özlərini haqqa və xalqa xidmətdə görən qəbilənin adını bildirən “benuş-sufe”, saçlarına və geyimlərinə diqqət etməyən sufilərin uzun saçlarına işarə olaraq ənsə saçı anlamını ifadə edən “sifətül-kafa”, yunanca filosof, hikmət mənasında işlənən “sofiya”, yun və eyvan mənalarını verən “suf” və s. sözlərlə bağlayırlar. Tədqiqatçıların böyük əksəriyyəti təsəvvüf və sufi kəlmələrinin kökünü “suf’ sözü ilə əlaqələndirirlər. Qəzalinin “Səadət yolu”nda, Kuşeyrinin “Risalə”sində, Əttarın “Təzkirətül-övliya”sında, Caminin “Nəfəha- tül-üns”ündə, C.Ruminin “Məsnəvi”sində əks etdirilən sufi görüşlərdə təsəvvüfün 100-ə yaxın mənasını (həm də tərifini) müəyyənləşdirmək mümkündür. Onları müxtəsər olaraq aşağıdakı kimi sıralamaq olar:
Təsəvvüf zöhddür.
Təsəvvüf gözəl əxlaqdır.
Təsəvvüf qəlb təmizliyidir.
Təsəvvüf nəfs ilə mübarizədir.
Təsəvvüf kitaba (Quran mənasında) sarılmaqdır.
Təsəvvüf Allaha mütləq mənada təslimçilikdir.
Təsəvvüf Haqqa vüslətdir (Allaha qovuşmaq).
Təsəvvüf İslamın ruh həyatıdır.
Təsəvvüf batini, iç dünya elmidir (Hökm və əmrlərə həm zahiri, həm də daxili baxımdan itaət və ibadət).
Təsəvvüf safdır (Allahdan başqa hər şeydən üz çevirmək) və s.
Böyük mütəsəvviflərdən Əbu Məhəmməd Ruveymin (X əsr) “təsəvvüf Allah ilə birlikdə olub, nəfsdən əl çəkməkdir”, Əbu Hüseyn Müzəyyinin (X əsr) “təsəvvüf Haqqa boyun əyməkdir”, Əbu Əli Ruzbarinin “təsəvvüf insanın qovulsa belə Rəbbin qapısında diz çöküb gözləməsidir”, Qəzalinin “təsəvvüf qəlb və əzaların könüllü ibadətidir”, “təsəvvüf təmənnasız ibadət və könüllü yoxsulluqdur” və s. fikirlərində təsəvvüfün bir çox mahiyyəti konkret şəkildə əksini tapır.
Təsəvvüfdə nəfslə mübarizə əsasdır. Nəfslə mübarizədə ilahi əxlaq vacib şərtlərdən biri sayılır. Əgər insan “ilahi əxlaqla əxlaqlanmırsa” ondakı maddiyyat hərisliyini məhv etmək mümkün deyil. Təsəvvüf sufinin ruhunda, iç dünyasında mövcud olan bir “sifət”dir, bu sifət həqiqət baxımından Haqqın, zahir baxımından isə insanın özünündür. Təsəvvüfün mövzusu Allah, varlıq və insanla bağlıdır. Cüneyd əl-Bağdadi qeyd edirdi ki, “təsəvvüf sufiyanə bir həyatın vəsfidir”. Bir çox mənəvi məqam və şərtlər-ruh, eşq, sevgi, nifrət, kin, varlıq, nəfs, ibadət və s. kimi duyğular təsəvvüfün mövzu dairəsinə daxildir.
Təsəvvüf vəhdəti-vücud fəlsəfəsinə əsaslanır. Bu fəlsəfədə Yaradanın böyüklüyü və yaradılışın sirləri barədə fikirlər aktuallıq təşkil edir. Vəhdəti-vücud fəlsəfəsinə görə varlıq təkdir, tək olan isə Allahdır. Ətrafda görünən digər varlıqlar Allahın dərki, təsdiqi və sübutu üçündür. Onu da qeyd edək ki, təsəvvüfdə bilinəcək tək həqiqət Allahın dərkidir. Ancaq Allahın duyumu və bilinməsi yalnız irfanla bağlıdır. Çünki irfan həm elm, həm də duyğu sistemidir. Buna görə də Allah varlıqda duyan, düşünən və inanan məxluqa ehtiyacı nəzərə alıb insanı yaradıb. Allah Davud peyğəmbərin “insanı niyə yaratdın?” sualına “mən gizli bir dəfinə idim, bilinməyi sevdim, bilinmək üçün insanı yaratdım” cavabını verib. Vəhdəti-vücud fəlsəfəsində insan Allahdan qopan ruhdur. Allah tərəfindən göydən yerə endirilmiş ruh keçici zaman üçün bədənlənərək insan cildinə salınıb. Onlar əyinlərində kəfən hər zaman Allaha qovuşmaq arzusu ilə yaşayırlar.

Dünya dostun düşmənidir,
Məqsəd o canlar canıdır,
Bil ki, bu dünya fanidir,
Dünyanı sən tərk et, könül.
(Ə.Yəsəvi)
Bu dünyada qalmayaq, gəl,
Fanidir aldanmayaq, gəl,
Bir ikən ayrılmayaq, gəl,
Gəl, dosta gedək, gəl, könül.
(Y.İmrə)

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)