Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Fəaliyyətimizi prezidentin hücum diplomatiyası tapşırığına uyğun qurmuşuq”

04.06.18, 8:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Baş konsul: “13 qərb ştatından artıq 7 ştatın ali qanunverici orqanları və qubernatorları son beş ildə Xocalı faciəsi ilə bağlı rəsmi sənədlər qəbul ediblər”

Azərbaycanın ABŞ-ın Los Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayevin APA-ya müsahibəsini təqdim edirik.

- Los Ancelesdə Azərbaycan Baş Konsulluğunun yaradılması hansı zərurətdən irəli gəldi?
- Baş Konsulluğumuz Kaliforniya daxil olmaqla, ABŞ-ın 13 mühüm qərb ştatını əhatə edir. Azərbaycan Baş Konsulluğunun Kaliforniyada təsis edilməsi təsadüfi olmayıb. Bu, Azərbaycan prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi idi. Kaliforniya təkcə ABŞ deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, təkcə Kaliforniya 2,8 trilyon dollarlıq ÜDM-i ilə dünyanın 5-ci ən böyük iqtisadiyyatı adını qazanaraq, Böyük Britaniya, Fransa, Rusiya və İtaliya kimi dövlətləri belə geridə qoyub.
Digər vacib məsələ isə odur ki, təkcə Kaliforniyada təqribən 1 milyona yaxın erməni yaşayır. Bunun isə 500 mini Los Anceles vilayətinin payına düşür. Bu gün Kaliforniya dünyada erməni lobbisinin anti-Azərbaycan fəaliyyətlərinin əsas ideoloji və maliyyə mərkəzlərindən biridir.
Bu amilləri nəzərə alaraq, Azərbaycanın bu məkanda mövcudluğu və maraqlarının təmsil və təmin olunması böyük önəm daşıyır.
- Belə bir coğrafiyada Baş Konsulluq fəaliyyətini necə qurur?
- Bütün bu maneələrə baxmayaraq, Baş Konsulluq öz fəaliyyətini Azərbaycan prezidentinin hücum diplomatiyası tapşırığına uyğun olaraq həyata keçirməkdədir. Baş Konsulluq fəaliyyət dairəsinə daxil olan ştatlarla ən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə, ştat qanunvericiləri və konqresmenlərlə əlaqələrin gücləndirilməsinə, Azərbaycan həqiqətlərinin geniş şəkildə yayılmasına səylər göstərir. Bu gün artıq Kaliforniyada və ABŞ-ın digər qərb ştatlarında Azərbaycanın dostlarının sayı sürətlə artır, ölkəmizin strateji önəmi daha yaxşı dərk edilir. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə həqiqətlər yerli ictimaiyyət tərəfindən daha yaxşı anlaşılır.
Baş Konsulluğa həvalə olunmuş 13 qərb ştatından artıq 7 ştatın ali qanunverici orqanları və qubernatorları son beş ildə Xocalı faciəsi ilə bağlı rəsmi sənədlər qəbul ediblər. Bu səpkidə Arizona, Aydaho, Havay, Montana, Nevada, Nyu Meksiko və Yuta ştatlarını qeyd etmək istərdim. Bundan əlavə, bir sıra qərb ştatlarının qanunverici orqanları qətnamələr qəbul edərək, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətini kəskin şəkildə pisləyiblər. Alyaska, Vaşinqton, Yuta, Nevada, Oreqon, Kolorado və Nyu Mekskio kimi ştatların ali qanunverici orqanları Azərbaycanın strateji önəmini vurğulayan və ölkəmizdəki dinlərarası harmoniyanı və multikulturalizmi təqdir edən qətnamə və bəyannamələr qəbul ediblər.
- Erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətləri ilə mübarizədə nə kimi işlər görülür? Ümumiyyətlə, Azərbaycanın haqq səsinin çatdırılması və ölkəmizin təbliği baxımından ən güclü vasitələr hansılardır?
- Kaliforniyada uzun illərdən bəri mövcud olan erməni lobbisi “məsum erməni” obrazını uğurla yaradaraq, buradakı insanların müəyyən rəğbətini qazana bilib.
Ancaq Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə yerli ictimaiyyətin məlumatı artdıqca, bu obraz da tədricən dağılmağa başlayır. Dəfələrlə olub ki, Xocalı soyqırımı ilə bağlı tədbirlərimizdən sonra amerikalılar mənə yaxınlaşaraq, indiyədək həmişə ermənilərdən onların 100 il öncə böyük itkilərə məruz qalmaları barədə eşitdiklərini, ancaq Ermənistanın özünün cəmi 26 il əvvəl Azərbaycan xalqına qarşı belə dəhşətli cinayətlər törətməsindən hiddətləndiklərini bildiriblər.
Qeyd etmək istərdim ki, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımının öyrənilməsinə ABŞ ictimaiyyəti bu gün daha böyük maraq göstərir. Son illərdə Xocalı soyqırımı haqda Kaliforniya və ABŞ-ın digər KİV-lərində amerikalı müəlliflər tərəfindən onlarla məqalə dərc olunub, eləcə də bir neçə kitab nəşr edilib və film çəkilib. Belə ki, tanınmış amerikalı jurnalist, Kaliforniyanın San Dieqo şəhərində fəaliyyət göstərən Raul Kontreras 2016-cı ildə Xocalı soyqırımına dair “Dağlarda qətliam” adlı kitab yazıb. Xocalı faciəsinə dair ABŞ-da nəşr edilmiş ilk kitab olan “Dağlarda qətliam” 2016-cı ildə siyasi mövzuda yazılmış ən yaxşı kitab nominasiyası üzrə ABŞ-ın məşhur Latino Kitab Mükafatına layiq görülüb. Bu mövzuda ikinci kitab isə “Xocalı: İnsanlığa qarşı cinayət” başlığı ilə Los Ancelesdə fəaliyyət göstərən yəhudi ravvin İsrael Barukun müəllifliyi ilə 2017-ci ildə nəşr olunub. Hər iki kitab Kaliforniyanın nüfuzlu “Berkeley Press” nəşriyyatı tərəfindən dərc edilərək, ABŞ-ın “Amazon”, “Barnes & Noble” və digər böyük kitab şəbəkələrində, eləcə də bir sıra məşhur universitetlərin kitabxanalarında yerləşdirilib.
2017-ci ildə Los Ancelesdə fəaliyyət göstərən yəhudi kinematoqraflar Xocalı soyqırımı haqda ABŞ-da ilk sənədli film çəkiblər. “Zülmətdən qaçarkən” başlıqlı film elə həmin il Baş Konsulluq tərəfindən dünyanın ən nəhəng yəhudi təşkilatlarından olan, Los Ancelesdə yerləşən Simon Vizental Mərkəzinin Tolerantlıq Muzeyində (ən böyük yəhudi soyqırımı muzeylərindən biri) nümayiş etdirilib.
Azərbaycanın burada təbliği baxımından ən güclü vasitələrdən biri də zəngin mədəniyyətimizin təqdim olunmasıdır. Bu səpkidə son illərdə yalnız Kaliforniyada Baş Konsulluq tərəfindən 50-dək mədəniyyət tədbiri keçirilib. Bunların sırasında xüsusilə 2013-cü ildə Los Ancelesdə “Arşın Mal Alan” operettasının, 2014-cü ildə San Dieqoda “Yeddi Gözəl” baletinin, 2015-ci ildə “Arşın Mal Alan” filminin Hollivudda təqdimatını, 2017-ci ildə isə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Los Anceles və San Dieqoda keçirilən konsertləri qeyd etmək olar. Bu tədbirlərin hər birində minlərlə amerikalı tamaşaçı iştirak edərək, ölkəmizin zəngin musiqisi və mədəniyyəti ilə yaxından tanış olublar.
- Bunların fonunda Azərbaycan diasporunun fəaliyyəti nə yerdədir?
- Erməni icması artıq 170 ilə yaxındır ki, Kaliforniyada mövcuddur. Azərbaycan icması isə əsasən son 30-40 il ərzində burada yerləşib və say etibarilə daha kiçikdir.
Buna baxmayaraq, son illərdə yerli icmamızda müəyyən canlanma müşahidə olunmaqdadır. Misal üçün, ötən ilin dekabr ayında Kaliforniyadakı bütün azərbaycanlıları və Azərbaycanın amerikalı dostlarını birləşdirən Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası yaradılıb. Yeni təşkilat artıq bir neçə uğurlu tədbirlər həyata keçirib. Bundan başqa, bu ilin fevral ayında Kaliforniya Senatında erməni lobbisinin Azərbaycana qarşı təşkil etdiyi dinləmələrdə Şimali Kaliforniyada yaşayan icma fəallarımız iştirak edərək, Xocalısoyqırımı və Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətləri çatdırıb, erməni lobbisinin bu təxribatının böyük rüsvayçılıqla nəticələnməsinə səbəb olublar. Hətta dinləmələrdə iştirak edən radikal erməni lobbi təşkilatı Amerika Erməni Assambleyasının nümayəndəsi icma üzvlərimizin tutarlı çıxışları qarşısında özünü itirərək, Xocalı qətliamının məhz Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyini etiraf etmişdi.
May ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü San Fransisko və San Xose şəhərlərində fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən silsilə tədbirlər vasitəsilə qeyd olunub.
Onu da qeyd edim ki, artıq yerli amerikalılar da Azərbaycanın Kaliforniyada haqq səsinin çatdırılmasında könüllü şəkildə fəallıq göstərirlər. Buna misal olaraq San Diego Bakı Dostluq Assosiasiyasını göstərmək olar. Assosiasiya tərəfindən bu il Qara Yanvar və Xocalı soyqırımına dair geniş tədbirlər keçirilib.
- Kaliforniya və digər qərb ştatları ilə Azərbaycan arasında iqtisadi münasibətlər necədir?
- Son illərdə Kaliforniya və bir sıra qərb ştatlarının Azərbaycanla ticarət dövriyyəsində artım müşahidə olunmaqdadır. Baş Konsulluğun əhatə etdiyi 13 ştatın 2016-17-ci illərdə Azərbaycanla ticarət dövriyyəsi Azərbaycan-ABŞ ümumi ticarət dövriyyəsinin 1/3 hissəsini təşkil edib. Müsbət məqam odur ki, son illərdə Azərbaycandan bu ştatlara ixracın da artmasını müşahidə edirik. Bəzi ştatlara, xüsusilə Kaliforniya, Alyaska və Arizona ştatlarına Azərbaycandan müxtəlif məhsulların ixracında üç qat, bəzən isə on qat artım baş verib. Ümumiyyətlə, ikitərəfli iqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün böyük potensial və maraq mövcuddur ki, bu istiqamətdə də işlər davam etdirilir.

Bu xəbər oxundu
- - -