Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyanın Qarabağ proqramı...

04.06.18, 8:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nikol Paşinyanın gözlənilmədən hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda müsbət dəyişikliyə yol aça biləcəyi ilə bağlı müəyyən ümidlər yaradıb.
Lakin bu ümidlər nə qədər realdır?
BBC Azərbaycanca Qafqaz üzrə yerli və beynəlxalq ekspertlərlə danışaraq Ermənistanda yeni hakimiyyətin Qarabağ münaqişəsinə nə təsiri olacağını öyrənib.
Britaniyada mənzillənən Chatham House araşdırma mərkəzinin Rusiya və Avrasiya proqramının təhlilçisi Laurence Broers deyib ki, digər uzunmüddətli münaqişələrə baxdıqda görürük ki, rəqib olan ölkələrdə cəmiyyətin daha da açılması müşahidə olunsa belə, düşmənçilik hissi qalır… və yeni liderlər də təhlükəyə həssas olurlar və təhlükəsizlik məsələlərində etimadlı olduqlarını göstərmək istəyirlər", o qeyd edib.
Ermənistan liderinin "çox təhlükəli" vəziyyətdə olduğunu deyən Broers, "təhlükəsizlik və geosiyasətdə" Nikol Paşinyanın zəif olduğuna görə bu mövzularda onun hələ ki, böyük addımlar atmadığını vurğulayıb.
"Onun manevr məkanı məhduddur", Broers deyib, "biz onun Qarabağ üzrə fərqli siyasətə sahib olması barədə mülahizələri şişirtməməliyik".
"Münaqişəyə gəldikdə Respublikaçı Ermənistan Partiyası ilə Paşinyanın geniş strateji hədəfləri çox da fərqlənmir."
O, Paşinyanı hakimiyyətə gətirən etiraz hərəkatının Qarabağ münaqişəsindən daha çox, yerli məsələlərə üstünlük verdiyini, islahat, yerli siyasət və korrupsiyaya qarşı mübarizə çağırışları üzərində qurulduğunu deyib.
İlham Əliyevlə əlaqələrə gəldikdə, Broers qeyd edib ki, Nikol Paşinyanın Azərbaycan prezidenti ilə əlaqələrinin "sələfindən pis olması mümkün deyil - ünsiyyətə gəldikdə isə bunu proqnoz etmək hələ ki, çətindir".
O, Qarabağın erməni və azərbaycanlı icmalarının danışıqlarda iştirakının orta və uzun müddətli baxımdan mümkünlüyünü, lakin bunun "çox həssas" məsələ olduğunu deyib.
"Bakı bir növ istədiyinə nail olub - artıq Qarabağ klanı yoxdur. İndi isə onlar ünsiyyət qurmağın yolunu tapmalıdırlar", Broers əlavə edib.
Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosyan, adi insanların qeyri-zorakı etirazlarla hakimiyyətin dəyişməsinə nail olmasını Dağlıq Qarabağ münaqişəsinə mənfi təsir göstərəcəyini deyib.
"Daha dəqiq desəm, artıq aydındır ki, Dağlıq Qarabağ mövzusunda Ermənistanın yeni hökuməti strateji səbəblərə görə daha ehtiyatlı, bəlkə də daha sərt bir mövqeyə çəkiləcək", o əlavə edib.
O, yeni hökumət üçün daxili siyasətin, o cümlədən iqtisadi və siyasi islahatların əsas prioritet olacağını və xarici siyasətdə heç bir dəyişikliyin olmayacağını qeyd edib.
Giragosyanın zənnincə buna digər bir səbəb, "təhlükəsizlik və ya hərbi məsələlər baxımından yeni hökumətin zəif" olmasıdır, çünki "yeni nazirlərin əksəriyyətinin Dağlıq Qarabağla əlaqələri yoxdur".
Bu səbəblərdən, o, "ən azı bu ilin sonunadək" diplomatik əlaqələrdə "yavaşlama" və bəlkə də Ermənistanın Azərbaycanla əlaqələrinin prezident səviyyəsindən nazirlər səviyyəsinə enəcəyini gözləyır.
Chatham House araşdırma mərkəzində ekspert və Beynəlxalq Böhran Qrupunun analitiki Zaur Şiriyev Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini xatırladaraq, azlıq hökumətini idarə etdiyinə görə Paşinyanın taleyinin yalnız bu seçkilərdən sonra müəyyən olunacağını deyib.
Bu səbəbdən, o, bu baş verənə qədər Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqe tutmasının məlum olmayacağını bildirib.
"Onların Sarkisyandan fərqli yanaşmaları ola bilər - kompromisə daha yaxın, vəziyyəti daha real qiymətləndirən - amma bunu biz yalnız seçkilərdən sonra görə bilərik", Şiriyev deyib.
O, Ermənistan parlamentində çoxluq təşkil edən və Paşinyanın əsas rəqibi olan Ermənistan Respublikaçı Partiyasının (ERP), Paşinyanın ictimai nüfuzuna Dağlıq Qarabağ münaqişəsi vasitəsilə mənfi təsir göstərməyə imkanları olduğunu bildirib.
"Ona görə də onlar öz ritorikalarında müəyyən qədər sərtlik nümayiş etdirdilər, çünki göstərməyə çalışdılar ki, Dağlıq Qarabağ münaqişəsinə onların mövqeyi sələflərindən fərqli deyil", cənab Şiriyev qeyd edib.
Lakin o, Paşinyanın əvvəlki sərt ritorikasının getdikcə "normallaşdığını" da vurğulayıb.
O bildirib ki, Paşinyanın Qarabağla bağlı 2016-cı ildən etibarən sərt çıxışlarının əsas səbəbi onun şəxsi mövqeyinin ifadəsindən daha çox, Sarkisyan hökumətini tənqid etmək üçün istifadə etdiyi bir üsul olduğunu başa düşmək lazımdır. Lakin eyni zamanda Paşinyanın 2008-ci il Ermənistan prezident seçkilərində keçmiş prezident Levon Ter-Petrosyanla eyni komandada olması "onların Dağlıq Qarabağ münaqişəsinin həllində oxşar fikirləri bölüşdükləri və eyni həll yoluna inandıqları mənasına da gəlmir".
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq: “Proqramın əsas tezislərini diqqətlə oxudum. Yeni heç nə yoxdur. Məsələn proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir”, “Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, “Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”, “Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq”, “Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək”.
Onun sözlərinə görə, proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vasibliyinin göstərilməsidir: “Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb. Bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sərkisyanın proqramında da olub. Guya Serj Sərkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sərkisyanın özünü xilas etməyib. Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir”.
E.Şahinoğlu həmçinin əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək istəyir: “Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır. Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu. Əgər Paşinyan keçmiş şefinin bu səhvindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq. Əks halda Serj Sərkisyan – Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər”.
Politoloq Vasif Əfəndiyev isə bildirib ki, Ermənistanda prezident seçkiləri ərəfəsində Armen Sarkisyanın seçilməsini dəyərləndirərkən bu ölkədə yeni qüvvələrin gələcəyini və bu qüvvələrin Qarabağ məsələsində bizim üçün kifayət qədər problemlər yaradacağını demişdim: “Artıq bu istiqamətdə hazırlıqlar görülür və Paşinyanın Dağlıq Qarabağ ermənilərinin tərəf olaraq danışıqlarda iştirakını şərt olaraq irəli sürmək niyyətindədir. Bu bəyanat səslənsə də hələ ki, hüquqi zəmini yoxdur”.
Onun sözlərinə görə, Paşinyan bu cəhdini Qərbin və eyni zamanda Rusiyanın dəstəyi ilə həyata keçirməyə cəhd edəcək: “Yaxın zamanlara ATƏT-in bu istəyi aktiv dəstəkləyəcəyi də mümkün görünmür. Üzümüzə gələn illərdə Avropaya nəql ediləcək Azərbaycan qazının həcminin artırılması gözlənilir. Hələ ki, bu faktor biz zaman udmaq üçün kömək olacaq. Lakin biz qarşıdakı illərdə bu problemi gözə almalıyıq. Nikol Paşinyanın Gürcüstan səfərinin əsas məqsədi Rusiya ilə quru yol vasitəsilə yük daşımalarının intensivliyini artırmaq üçündür. Bu səfərdən sonra bu istiqamətdə yükdaşımaların intensivliyi tam gücü ilə bərpa olmasa da daha 50 faiz artacağı gözləniləndir. Paşinyan Serj Sarkisyandan fərqli olaraq İran, Rusiya və qərblə yüksək səviyyəli münasibətlər qurmaq niyyətindədir”.
Bu arada Ermənistanın işğal etdiyi əraziləri azad etməsi və Dağlıq Qarabağ münaqişəsinin təcili şəkildə həlli edilməsi ilə bağlı fikirlərlə daim gündəmə gələn keçmiş prezident, “Erməni milli konqresi” partiyasının lideri Levon Ter-Petrosyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin İrəvan tərəfindən Xankəndində yaradılmış qondarma rejimə etiraz etməsini şərh edib.
Ter-Petrosyan İrəvandakı inqilabın Xankəndinə yayılmasının təhlükəli olduğunu bildirib.
“İrəvanda baş verənlərin Qarabağda baş verməsi yolverilməzdir. Çünki biz müharibə vəziyyətindəyik və daxildə baş verə biləcək hər hansı qığılcım faciəvi nəticələrə gətirib çıxara bilər. Rəqibimiz (Azərbaycanı nəzərdə tutur - red.) bu situasiyadan istifadə etməyi unutmayacaq”, - deyə o iddia edib.
Ter-Petrosyan keçmiş prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, həmçinin, qondarma rejimin həbsdə olan keçmiş “müdafiə naziri” Samvel Babayana Qarabağda vəziyyəti sakitləşdirməyə kömək etmələri üçün çağırış edib.
Qeyd edib ki, S.Babayan təcili şəkildə həbsdən azad edilməlidir.
“İndi hərəkətə keçməsək, sonra gec olacaq”, - deyə o bildirib.Qeyd edək ki, 1 iyunda separatçı rejimin “kəşfiyyatının” xüsusi təyinatlısı Azərbaycanın işğal altında olan Xankəndi şəhərində iki ermənini döyüb. Nəticədə, kütləvi dava baş verib. Polisin məlumatına görə, olayla bağlı 15 nəfər saxlanılıb.
Bu hadisədən sonra əhali kütləvi aksiyalara başlayıb.

Cavid

Bu xəbər oxundu
- - -