Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyədə seçkilər: İkinci tur qaçılmaz olacaq

05.06.18, 7:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyədə parlament və prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi çevrələr arasında mübarizə ciddiləşir. Hakim partiyanın namizədi olan hazırkı prezident Ərdoğanın reytinqi digər namizədləri üstələyib.
Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova bildirib ki, hazırda əsas rəqabət Ərdoğanla İncə arasında gedir. İyi Partiyanın namizədi Məral Akşənərin proseslərə ciddi təsir etmək imkanı yoxdur. Ona olan tənqidlərin başında 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı ortaya mövqe qoymaması dayanır. Bildirirlər ki, Akşənər həmin günlərdə heç bir siyasi qüvvəyə dəstək vermədi, xalqa səslənmədi, ümumiyyətlə, meydanlara çıxmadı. Yəni, bunu Akşənərə qəbahət sayırlar: “Görünür, İncənin müxalifətin əsas namizədi kimi qabağa çıxmasında bu məqam da rol oynayıb. Əlbəttə, Ərdoğan öndədir. Buna baxmayaraq, sadə əhali, ələlxüsus orta təbəqə arasında İncəyə dəstək verənlər çoxdur. Ərdoğana hazırda dəstək verənlər daha çox iş dünyasına bağlı, yaxud imkanlı şəxslərdir. Çünki Türkyə lirəsinin ucuzlaşması, yaxud ABŞ dollarının qalxması və sair hallar onlara xeyir verir. Lirə ucuzlaşdıqca iş adamlarının sərmayəsinin həcmi artır, onlar çox böyük gəlirlər əldə edə bilirlər. Ancaq bu fikri bütün iş adamlarına şamil etmək mümkün deyil. İqtidar namizədinə dəstək verənlər arasında əhalinin imkansız təbəqəsi də var. Bu da dövlət tərəfindən imkansız təbəqəyə yardımların göstərilməsi ilə bağlıdır. İstənilən halda iqtidar namizədinin qalib gəlməsini əvvəlkitək istəyənlər yoxdur. Yəni, reytinqi o dərəcədə yüksək deyil. Ərdoğanla İncə belə deyək, eyni yolda yanaşı gedirlər”.
Politoloq onu da vurğulayıb ki, sadalanan hallara baxmayaraq Ərdoğan yenə də prezident seçiləcək. O, seçki kampaniyasının qalibi olmaq üçün böyük fəallıq göstərir. Ölkədə AKP-nin gücü çox böyükdür. Partiyanın böyük maliyyə və digər resursları var: “Rusiyadan olan dəstəyi də unutmamalıyıq. Digər tərəfdən, Ərdoğanın xarici siyasətdəki rolunu danmaq olmaz. O, bir türk respublikasının dünya siyasətində mühüm rol oynamasına çalışır. Əlbəttə, bunu da inkar etmək olmaz. Ancaq mənim fikrimcə ikinci tur qaçılmaz olacaq və Ərdoğan ikinci turda qalib gələcək”.
Politoloq Türkiyədə olduğu zaman İyi Partiyanın namizədi Məral Akşənərin reytinqinin güclü olduğunu hiss etmədiyini deyib: “Onun haqqında qızğın müzakirələr getmirdi, fəaliyyəti o dərəcədə nəzərə çarpmırdı”.
Politoloq Türkiyənin son illərdə istər Avropa, istərsə də ABŞ tərəfindən ciddi təzyiqlərlə üzləşdiyi və nəticədə Ankaranın Rusiya ilə yaxınlaşmaq xətti götürdüyü məqamın seçkinin nəticələrinə necə təsir edə biləcəyi ehtimallarına da toxunub: “Dolların qalxması ilə əlaqədar olaraq Türkiyədə çox böyük narahatlıqlar var. Bahalıq baş alıb gedir. Əhali indiki iqtidara daha çox bunu irad tutur. Bildirirlər ki, ABŞ-la münasibətlər pozulub, ona görə də dollar bahalaşıb, iqtisadiyyatda problemlər yaranıb. Hazırda Rusiya ilə Türkiyə daha yaxındır və Türkiyə bazarı Rusiya üçün açılıb. Onlar bütün iqtisadi əlaqələri Rusiya ilə qurmağa üstünlük verirlər. Moskva Türkiyənin siyasi kursunun müəyyənləşməsində də hazırkı iqtidara yardım edir. Ümumiyyətlə, ABŞ-la münasibətlərin pisləşməsi hər bir dövlətə neqativ təsir edir. Hazırda İran da eyni vəziyyətdədir. ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranla imzalanmış nüvə sazişindən çıxmasını elan etməsindən sonra rial dollara nəzərən ucuzlaşıb. Mən dünən Bakıda bir neçə İran vətəndaşları ilə görüşdüm. Onlar da hazırda İran iqtisadiyyatında çox böyük problemlər olduğunu dedilər. Bu da əlbəttə, ABŞ-la bağlı olan məsələlərdir.
Eyni vəziyyət Türkiyə ilə bağlı hökm sürür. Bu gün Türkiyə iqtisadiyyatında çox böyük problemlər baş verir. Məhərrəm İncənin Ərdoğana iradlarından biri də iqtidarın iqtisadi cəhətdən ölkəni heçliyə sürükləməsi iradıdır. O bildirir ki, ölkədə istehsalat getdikcə artmaqdansa azalır”.
Politoloq iyunun 24-də Türkiyədə həm də parlament seçkisinin keçiriləcəyini xatırladaraq qeyd edib ki, Türkiyədə az qala hər gün bir hadisə baş verir. Bu da seçkinin nəticlərini dəyişə bilər. Ancaq bu günün şərtlərinə görə AKP-nin üstünlük qazanacağını söyləyə bilərik. Bununla belə, CHP də ondan geri qalmayacaq. CHP-nin deputatları onlardan 2-3 faiz az səs yığar.

Bu xəbər oxundu
- - -