Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Robert Minnullinin “Bülbüllərin toyu” kitabı çapdan çıxıb

05.06.18, 13:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“TÜRKSOY kitabxanası” seriyasından tatar ədəbiyyatının görkəmli nümayəndəsi Robert Minnullinin “Bülbüllərin toyu” şeirlər kitabı Bakıda çapdan çıxıb.
Kitabı tatarcadan çevirən, tərtib edən və “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, redaktoru isə dosent Nailə Əskərdir.
Kitabda bu il 70 yaşı tamam olan tanınmış tatar ədibi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Tatarıstanın Xalq Şairi Robert Minnullinin tatarca şeirləri Azərbaycan dilində tərcüməsi ilə birlikdə verilib. Yüksək bədii özəllikləri ilə seçilən bu şeirlərdə Vətən sevgisi, ana yurdun təbii gözəllikləri, saf məhəbbət, ömür və tale, ilin fəsilləri, quş, bülbül, nəğmə, sona, qağayı, yarpaq, dəniz, çay, günəş motivləri xüsusilə qüvvətlidir.
Nəşr ali məktəblərin filologiya fakültələrinin müəllim və tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Robert Minnullin tanınmış şair, publisist, jurnalist və siyasi xadimdir. Onun müxtəlif dillərdə 70-dən artıq kitabı nəşr olunub, 2007-ci ildə “Seçilmiş əsərləri”nin 7 cildliyi işıq üzü görüb. O, Tatarıstanın Əməkdar İncəsənət Xadimi, Başqırdıstanın Əməkdar Mədəniyyət İşçisidir. R.Minnullin 1977-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib.
O, “Akbaq sirkdə”, “Yeddi əmi atı qoşur” və “Aya uçduq” uşaq kitablarına və televiziyada ədəbiyyatı fəal şəkildə təbliğ etdiyinə görə 1982-ci ildə Musa Cəlil adına mükafata layiq görülüb. Tanınmış ədibin “Bizim kəndin zooparkı”, “Mənə qardaş lazımdır” kitabları respublika müsabiqələrində birinci yeri tutub. “Dünyadakı ən böyük alma” kitabı isə beynəlxalq Hans Xristian Andersen diplomuna layiq görülüb. Ona 1997-ci ildə Tatarıstan Yazıçılar Birliyinin Abdulla Əliş mükafatı verilib. Robert Minnullin 1998-ci ildə “Küçtənəç” kitabına görə Abdulla Tukay adına dövlət mükafatı alıb.

Bu xəbər oxundu
- - -