Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli Məclisdə torpaqların kadastr uçotu işlərinin nəticələri müzakirə olunub

06.06.18, 13:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aparılan torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı tədbir keçirilib. Komitədən bildirilib ki, ƏMDK tərəfindən iyunun 6-da Milli Məclisin aqrar siyasət komitəsində “Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimat olub. Məqsəd kadastr uçotu ilə əlaqədar görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı məlumatlandırmaqdır.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkədə aparılan torpaqların elektron kadastr uçotu işlərinin əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr torpaqlara nəzarətin mükəmməl mexanizmlərinin formalaşmasına, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılmasına imkan verir. Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, münbitlik dərəcəsi, şorlaşma vəziyyəti, mühafizə zonaları və digər məlumatlar əksini tapır. Bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 6 rayonda (Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakən) kadastr işlərinin praktiki istifadəsinə başlanılıb. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb. Bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, ərazidəki torpaqların təyinatını və keyfiyyət göstəricilərini özündə əks etdirir. Bu isə bələdiyyə torpaqlarının daha səmərəli idarə edilməsinə imkan verir.
Sonra Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatla çıxış edib. Bildirilib ki, aparılan torpaq uçotu işləri nəticəsində rayon torpaqlarının ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib. Həmçinin bələdiyyə xəritələri tərtib edilib, yay otlaqlarının geobotaniki xəritəsi hazırlanıb, o cümlədən torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Torpaqların relyefini, meyillilik dərəcəsini müəyyən etməyə imkan verən xəritələr də tərtib olunub. Ərazilərin əkinə yararlılığını öyrənməyə şərait yaradan münbitlik xəritələri hazırlanıb. Eyni zamanda, belə işlər nəticəsində hansı torpaqların eroziyaya uğradığını müəyyən etməyə imkan verən xəritələr də tərtib edilib.

Bu xəbər oxundu
- - -