Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pakistan Azərbaycana birbaşa aviareysin açılmasında maraqlıdır

06.06.18, 15:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İqtisadiyyat naziri Şahin Mustafayev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand ilə görüşüb.
Görüşdə Şahin Mustafayev dost Pakistanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən, Pakistan səfirliyinin Bakıda açılan ilk səfirliklərdən olduğunu qeyd edib. Vurğulanıb ki, 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Azərbaycan hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyası və Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupu fəaliyyət göstərir, 2017-ci ildə İşçi Qrupunun ilk iclası keçirilib.
Müdafiə, humanitar sahələrdə də əməkdaşlığımız genişdir və Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir sıra layihələr həyata keçirilib. Şahin Mustafayev Azərbaycanda bir sıra Pakistan şirkətlərinin fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə işgüzar dairələrin iştirakı ilə müxtəlif tədbirlərin, biznes forumların keçirildiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialı, əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə Azərbaycanın tranzit imkanlarından istifadə imkanlarını diqqətə çatdırıb.
Səfir Səid Xan Mohmand Azərbaycanın Pakistan üçün önəmli ölkə olduğunu, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd edib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir. Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırım kimi tanıyıb.
Səfir Səid Xan Mohmand ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının prioritet olduğunu bildirib, pakistanlı iş adamlarının Azərbaycanda yaradılmış sənaye zonalarında fəaliyyət göstərməkdə, nəqliyyat, enerji, sənaye, əczaçılıq, tikinti, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Pakistandan Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edən səfir Azərbaycanın viza rejiminin sadələşdirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirib. Səfir Bakı və İslamabad arasında birbaşa nəqliyyat əlaqəsinin qurulmasının Pakistan üçün önəmli olduğunu və bir Pakistan şirkətinin birbaşa hava reysinin açılmasına maraq göstərdiyini də diqqətə çatdırıb. Bundan başqa, Pakistan şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonasında əməkdaşlığa da maraq göstərirlər.
Səfir iqtisadiyyat nazirini iyul ayında Bakıda keçiriləcək Azərbaycan-Pakistan biznes imkanlarına dair konfransa və avqust ayında təşkil olunacaq Pakistan sərgisinə dəvət edib.

Bu xəbər oxundu
- - -