Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Kitabi-Dədə Qorqud”da türkün yaradılış konsepsiyası

07.06.18, 10:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Türk mifologiyasını yaşadan bədii mətnlərdə, eləcə də “Kitabi-Dədə Qorqud” dastanında türkün yaradılış konsepsiyası yaşamaqdadır. Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi türkün dünyaya baxışının, ictimai şüurunun əsasında durmaqla onu tarixin bütün çağlarında yaradıcı insana çevirib. “Kitabi-Dədə Qorqud”da əski oğuzların yaradılış haqqında təsəvvürlərinin izləri ilə rastlaşırıq. Dədə Qorqud dastanın əsas aparıcı siması, mahiyyətcə gedişatın yaradıcısıdır. İnsanlara aid olan yaradılışa Buğacın ölüb-dirilməsini, Beyrəyin, Banıçiçəyin, Təpəgözün doğulmasını misal göstərmək mümkündür.
Xalqımızın qədimliyini, ruhunu bütün çalarlarıyla özündə yaşadan “Kitabi-Dədə Qorqud” mahiyyət etibarilə ləyaqət dastanımızdır. Yüzillər ötəcək, dastan özünün bənzərsizliyini və əvəzedilməzlik statusunu daim saxlayacaq. Mərhum prof. Y.Qarayevin təbirincə desək: “Min üç yüz ildir ki, Qorqud xalqın qan və gen yaddaşı kimi yaşayır və özündən əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər sətrində, hər sözündə yaşadır. Üstəlik, növbəti, min üç yüz il üçün də ən sabit, etibarlı, mənəvi-əxlaqi kodlar və genlər yenə bu «ana kitabın» bətnində və ruhunda qorunub saxlanır”.
Dastanda ilk növbədə yaradılış əsas diqqəti çəkən məsələlərdəndir. Türk mifologiyasını yaşadan bədii mətnlərdə, eləcə də “Kitabi-Dədə Qorqud” dastanında türkün yaradılış konsepsiyası yaşamaqdadır. Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi türkün dünyaya baxışının, ictimai şüurunun əsasında durmaqla onu tarixin bütün çağlarında yaradıcı insana çevirmişdir. “Kitabi-Dədə Qorqud” dastanında əski oğuzların yaradılış haqqında təsəvvürlərinin izləri ilə rastlaşırıq. Yaradılış hadisəsi Dədə Qorqud dünyasının, ruhunun bənzərsizliyini, özünəməxsusluğunu sübut edir. Əcdadlarımızın təsəvvüründə, təxəyyülündə insanın yaranması, var olması, ölüb-dirilməsi zəngin mifoloji çalarlarla mənalandırılır, bununla da ulusal duyumun məhək daşına çevrilir.
“Kitabi-Dədə Qorqud” ilk növbədə türkün dastan təfəkkürünün zəngin yaradıcılıq imkanlarının canlı, yetkin təsdiqi kimi diqqəti çəkir. Burada yaradılış mifologeminin, ümumiyyətlə, mif yaddaşının bərpası çoxqatlı intuisiya (bunu şübhəsiz, düşüncə və yazı konteksində mifoloji fəhm də saymaq olar) mərhələlərindən keçir ki, sonda müəyyən davamlı sonuca (nəticəyə) varmaq mümkün olur. N.Cəfərov yazır: “Epos”, sadəcə, dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan - potensiyadır. Onu tam halında bərpa etmək mümkün deyil, mövcud mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin təsəvvür ideya-estetik, poetexnoloji, linqvistik və s. komponentlərin üzvi vəhdətindən ibarətdir”.
Anarın yanaşmasında isə “Kitabi-Dədə Qorqud” əcdadlarımızın dünyaduyumunun Ana kitabı kimi mənalandırılır: “Belə kitab xalqın mənliyini, mənşəyini və məskənini təsdiq edir, keçmişini və gələcəyini müəyyənləşdirir, özlüyünü, bənzərsizliyini, fəlsəfi və əxlaqi baxışlarını, dünyagörüşünü və dünyaduyumunu, etik və estetik dəyərlərini göstərir, xasiyyətinin, məcazının, davranışının ən incə psixoloji çalarlarını açır... Azərbaycan xalqının şah əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır».
Müxtəlif fikirlərdən göründüyü kimi, ”Kitabi-Dədə Qorqud”da birbaşa xəlqi yaddaşımızla səsləşən, tarixən ulusal yaddaşımızın hər sahəsinə şamil oluna bilən nəsnələr var. Burada ayrıca olaraq yaradılış məsələsinin araşdırılması dastan təfəkküründə yaşayan əcdad davranışlarının sistemli, özünəməxsus inanclı, yetkin dünyaduyumlu, sonrakı yaşama mistik güc, yenilməz ruh verən davranışlar kompleksi kimi diqqəti çəkməsindən irəli gəlir.
Oğuz düşüncəsinin məhsulu olan “Kitabi-Dədə Qorqud”un özünəməxsusluğu – o çağkı yaşamın (həyatın) demək olar, hər bir məqamı ilə bağlı bilgi verməsi ona olan marağı həmişə diri, canlı saxlayır. Dastandakı türk yaradılış konsepsiyasının izlərinin bərpası bu qəbildəndir. Seyfəddin Rzasoyun təbirincə desək, oğuzlar turk etnosunun qolu kimi başqa turk xalqlarından aydın bilinən diferensial əlamətləri ilə fərqlənmişlər. Oğuz mifini turk mifologiyasının müstəqil etnokosmik təzahürü kimi bərpa etməyə imkan verən elmi-metodoloji bünövrədir.
Dədə Qorqud dastanın əsas aparıcı simasıdır, mahiyyətcə gedişatın yaradıcısıdır. Onun hər şeydən xəbərdarlığı, hətta hadisələrin gedişini əvvəlcədən görməsi ulu ozanın şəxsində xalqın mifoloji duyumunun gücündən xəbər verir. İlk baxışda dastan yaradıcısı kimi diqqəti cəlb edən Dədə Qorqud xalqın ruhunun nəinki qoruyucusu, ümumiyyətlə, yaradıcısıdır; o, hər şeydən öncə Adverəndir: bu, dastan düşüncəsində gerçəkləşən, oğuz türkünün yaradılış funksiyasının özülünü təşkil edən mühüm amildir. Ona görə ki, əslində hər şey advermədən başlayır. Burada advermə (adlanma) mifoloji düşüncədə yaradılışın başlanğıcı olmaqla yanaşı, həm də davamının əsası, yaşamda (həyatda) nə varsa, mövcudluğunun nədəni (səbəbi), inkişafı, yetkin təsdiqidir.
Yazıda insanlara aid olan yaradılış mifologeminin (Buğacın yenidən ölüb-dirilməsi, Beyrəyin doğulması, Banıçiçəyin doğulması, Təpəgözün doğulması və s.) tədqiqi qarşıya qoyulduğundan ilk növbədə advermə anlayışının mahiyyətinə diqqət yetirək.
Füzuli Bayat yazır ki, KDQ boylarında Dədə Qorqudun advermə səlahiyyəti hərtərəfli motivasiya edilib. KDQ-də advermə baş kəsib, qan tökməklə ilişgili şəkildə təqdim olunur. Bu advermə uşaqlıq dövründən gənclik dövrünə keçidin bədii əks-sədasıdır. Eyni aktın Altay-Sayan xalqlarının dastanlarında, özbək, qazax, qırğız folklorunda, bütün türk nağıllarında təkrarlanması bunun etnoqrafik baxımdan gənc döyüşçü cərgəsinə qəbul mərasiminin qalığı kimi yozulmağına imkan verir. Belə mərasimdə gənc döyüşçüyə adla yanaşı at, qılınc və kəmər də verirdilər. Bu funksiyanı ağsaqqal döyüşçü, tayfanın başçısı, ağ şaman və b. hörmətli adamlar yerinə yetirirdilər. Şor dastanlarında qəhrəman özü adsız yaşamaq istəmədiyindən, bir kasa qımızla uca dağ başına çıxıb ona ad verilməsini tələb edir. Naməlum bir qoca qəhrəmanın əlindən qımızı alıb içir və ona adını, atını və atının rəngini verir”.
Buradan advermə aktının müəyyənlik statusu daşıdığı ortadadır. Müqayisələr göstərir ki, “Kitabi-Dədə Qorqud”dakı advermə ilə burada haqqında danışılan advermə ənənəsi arasında müəyyən oxşarlıqlar mövcuddur. Şor dastanlarında qəhrəmanın ad almaq üçün rituala uyğun hərəkət etməsi onun əslində yeni dönəmdə doğuluşu, deməli, yaradılışı deməkdir. “Kitabi-Dədə Qorqud” dastanında biz yenidən doğulmanın – yaradılışın sözügedən mahiyyət üstə - Oğuz təfəkkürünün özünəməxsusluğundan gələn bənzərsiz çalarını görürük. Burada konkret obraz – Adverən Dədə Qorquddur. Onun sözü qanundur. Dədəlik statusunu özündə daşıyan Qorqudla zarafat etmək qətiyyən olmaz. Burada Adalanın Adverənin qoyduğu ada yetməsi, onu doğrultması başlıca şərtdir. Adlanma – mahiyyətcə doğuluş mifologeminə adekvatdır. Deməli, Adalma – Yaradılış prosesi fərdin şəxsində xalqın varolumunun epos səviyyəsində təsdiqi, canlı yaşamıdır.
F.Bayatın təhlillərindən aydın olur ki, boylarda Dədə Qorqudun Oğuz igidlərindən üçünə ad qoyması heç də onun funksiyasının bununla bitdiyini göstərmir: “Dastan, sadəcə olaraq Dədə Qorqudun qoyduğu adlardan üçünü xatırladır. Çünki yuxarıdakı epik klişe Oğuz igidlərinin adlarının bu yolla alındığını sübut edir. Həm də dastandan göründüyü kimi, Dədə Qorqudu adqoyma mərasiminə xüsusi olaraq dəvət etmirlər, o, özü gəlib ad verir. Eyni ilə Şor dastanlarında, qırğız dastanı “Manas”da adverən ya cəmiyyətə kənardan gəlir, ya da ağ paltarlı şəxs olur”.
Göründünyü kimi, “Kitabi-Dədə Qorqud”da Dədə Qorqudun advermə statusu geniş imkanlarla səciyyələnir: Dədə sözünün ilkinliyi, tərəddüdsüz qəbuledilənliyi, hökmlülüyü, Oğuz elinin ruhunu tam mənasıyla ifadə və təsdiqi, ağsaqqallıq rəmzi olması bu qəbildəndir. Dədə Qorqud ruhundan yaratdığı dünyasını cidd-cəhdlə qoruyur: onun öncəgörənliyi (loğmanlığı), qeybdən xəbər verməsi, eləcə də ad qoyması, elçilik etməsi, qopuz çalması, boy boylaması, söz söyləməsi – hamısı yaradıcı (ilahi yaradılış xislətli) missiyasından irəli gəlir.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)