Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Nağdsız ödəmələrlə bağlı 3 yeni layihə planlaşdırılır

07.06.18, 12:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nağdsız hesablaşmaların genişləndirilməsi prosesi son 2 ildə xüsusilə intensiv xarakter daşıyıb. 2017-ci ildən "Nağdsız hesablaşmalar haqqında" Qanuna edilmiş dəyişikliklər nəticəsində irəliləyişlər olsa da, bu, daha çox dövlət rüsumları və ödəmələr sistemini əhatə edib, lakin nağdsız hesablaşmaların kütləvi xarakter daşıdığı bir çox sahələrdə əhəmiyyətli dəyişikliyə nail olunmayıb. Vergilər Nazirliyindən verilən məlumata görə, nağdsız ödəmələrin genişləndirilməsini hədəfə alan layihələrin icrası davam edir. 2018-ci ildə 3 yeni layihənin başlanması nəzərdə tutulur. Bunlar "Nağdsız Azərbaycan", "3D bank sektorunda blokçeyn texnologiyalarına keçid" və "Ani ödənişlər" proqramlarıdır. Nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında Mərkəzi Bank (MB) bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq aparır.
MB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, hökumət nağdsız hesablaşmalara keçid üzrə yeni proqramı reallaşdırmağı nəzərdə tutur. Bu məqsədlə qlobal müstəvidə sürətlə inkişaf edən texnoloji proseslər izlənir, maliyyə-bank sektorunun daha da müasirləşməsi istiqamətində imkanlar diqqətdə saxlanır və yaxından araşdırılır: "Ortamüddətli dövrdə üç aparıcı layihənin fəlsəfəsi məhz bu texnologiyalara əsaslanıb. İlk layihə "Nağdsız Azərbaycan" layihəsidir. Bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasını və innovativ ödəniş sisteminin tətbiqini özündə əks etdirən layihənin icrası beynəlxalq qurumların iştirakı ilə hazırlanıb. Proqram Prezident Administrasiyasında müzakirə edilir və yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir".
A.Quliyev qeyd edib ki, nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan ikinci layihə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması ilə bağlıdır: "Hazırda qalib şirkətin müəyyənləşdirilməsi üçün tender prosesləri gedir. Azərbaycanın bank sektorunda müştəri məmnunluğunun artırılması məqsədi daşıyan layihə ilkin məhsul kimi, ilin sonunadək bank ictimaiyyətinə təqdim ediləcək. Üçüncü layihə isə rəqəmsallaşmanı genişləndirmək üçün ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin tətbiqi ilə bütün iqtisadi sistemlər arasında beş-on saniyə ərzində ödənişlərin tamamlanması təmin olunacaq".
Mütəxəssislər hesab edirlər ki, iqtisadiyyatın yüksək səviyyədə nağdlaşması bir sıra neqativ nəticələr doğurur: makroiqtisadi idarəetmə çətinləşir, iqtisadiyyat investisiya resurslarından məhrum olur, maliyyə-vergi intizamı pozulur, şəffaflıq aşağı düşür, dövlət büdcəsinə vergi-gömrük gəlirləri və bank sisteminin resurs bazası azalır, faiz dərəcələri yüksəlir, pul çapı ilə bağlı əlavə xərclər meydana çıxır və s. Bu baxımdan, maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.
"Nağdsız Azərbaycan"ın eks­pertləri hesab edirlər ki, ölkədə nağdsız ödəmələrin inkişafı üçün böyük potensial olsa da, hazırda nağd ödənişlərin payı 90 faizdən çoxdur. Bunun əsas səbəbləri uçotdan yayınan (qeyri-rəsmi və ya «kölgə») iqtisadiyyatın, qeyri-formal məşğulluğun, qeyri-mütəşəkkil və pərakəndə ticarətin miqyasının yüksək olması, maliyyə savadlılığının aşağı səviyyəsi, infrastruktur və texniki amillər (ödəniş sistemlərinin çeşidinin az, xidmət tariflərinin isə yüksək olması, POS-terminallarla bağlı əməliyyat xərclərinin çoxluğu, regionlarda rabitə infrastrukturunun zəifliyi), qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olması (bank olmayan ödəniş xidməti provayderlərinin fəaliyyətinin tənzimlənməməsi, elektron pulun normativ hüquqi bazasının olmaması, kart sahiblərinin hüquqlarının yetərincə müdafiə edilməməsi) və s. kimi amillərlə bağlıdır.

Bu xəbər oxundu
- - -