Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan qəti addımlar atacaq”

08.06.18, 8:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Prezident İlham Əliyev son çıxışında Ermənistanın xasiyyətnaməsini, bu ölkənin hakimiyyətində olan ünsürlərin kriminalla birləşmiş adamlar olduğunu, onların nəinki ardı kəsilməyən cinayətlərə imza atdığını, həm də ölkəni fəlakətə sürüklədiyini bütün çılpaqlığı ilə ortaya qoydu”.
Bu sözləri Prezident İlham Əliyevin ötən gün keçirilən iftar mərasimindəki nitqini şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, bu gün Ermənistan və qondarma DQR-də baş verənlər hər iki rejimin hakimiyyət orqanlarının qanunsuz formada idarə olunduğunu təsdiqləyir:“İndi artıq Ermənistan vətəndaşları, eləcə də Qarabağdakı separatçıların qurduqları qondarma rejimdəki əziyyətlərdən, təzyiqlərdən və korrupsiyadan bezmiş insanlar özləri də etiraf edirlər ki, Ermənistanın və Qarabağdakı qondarma qurumun rəhbərliyinə gətirilmiş adamların hamısı eyni yollarla insanlara zülm edir, onların haqlarını ayaqlar altına qoyur. Normal ölkələr konstitusiya və qanunverici aktlarla idarə olunur, onların prosesləri şəffaf formada təmin olunur. Ancaq bu gün Ermənistanda bunun əksini görürük. Bütün bu qaranlıq şərait, kölgə iqtisadiyyatı, inşaların qarəti və onlara qarşı kobud təzyiqlər onu göstərir ki, vaxtilə Ermənistan rəhbərliyində təmsil olunanlar ancaq zorakılıq sistemini formalaşdırıblar və orada normal cəmiyyətdən söhbət gedə bilməz. Bir müddət öncə ermənilər qondarma rejimdə guya demokratiyanın “zəfərini” nümunə göstərirdilər. Ancaq indi orada baş verən hadisələr artıq hər şeyi ifşa edir. Baxın, qondarma rejimdə güc strukturlarının özbaşınalığı, məmurların zorakılığı bir nöqtədə kəsişir və bu da insanları küçələrə axışmağa vadar edir. Artıq bütün dünya görür ki, Ermənistanda qeyri-stabil, kövrək vəziyyət yeni risklər, təhdidlər istehsal edir və bunları ixrac edir”.
Politoloq hesab edir ki, bunların qarşısını almaq üçün Ermənistanla bağlı tədbirlər görülməlidir:
“Azərbaycan bunu etməyə qadirdir. Hesab edirəm ki, Azərbaycan bu separatizmdən, xunta rejimindən və başıpozuq qüvvələrin inhisarından öz torpaqlarını və vətəndaşlarını azad etmək üçün qəti addımlar ata bilər”.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə isə, Bakı İrəvana danışıqlarda iştirak etməyə və Dağlıq Qarabağ məsələsini müzakirə etməyə hazır olduğunu bildirib:”Ortada Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı faktı var və problemlər beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir. Ermənistanın hər hansı bir iddiası keçərli deyil. Bu baxımdan Azərbaycan tərəfindən edilən çağırış ortadadır. Bakı İrəvana danışıqlarda iştirak etməyə və Dağlıq Qarabağ məsələsini müzakirə etməyə hazır olduğunu bildirir. Həmçinin Prezident İlham Əliyev məsələ ilə bağlı Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoyur. Ermənistanda baş verən son hakimiyyəti dəyişikliyi müəyyən suallar yaradır ki, işğalçı ölkənin yeni rəhbərliyi artıq bu məsələdə obyektiv mövqe ortaya qoyacaq, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşacaq və mehriban qonşuluq siyasətinə üz tutacaqmı? Bəs, Ermənistan bütün bu suallara nə cavab verəcək? Hesab edirəm ki, əgər Ermənistan əsas mahiyyəti saxlayaraq, ənənəvi siyasətini "yeni imicdə" davam etdirərsə, ciddi sarsıntı və fəlakətlərlə üzləşəcək”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ermənistanın cavabından asılı olmayaraq torpaqlarını işğaldan azad etməkdə israrlıdır:“İşğalçı ölkənin yeni rəhbərliyinin ilk növbədə Dağlıq Qarabağla bağlı apardığı siyasət Ermənistanın, o cümlədən indiki baş nazir Nikol Paşinyanın taleyini həll edəcək”.
Politoloq Qabil Hüseynli isə deyib ki, Ermənistanda 20 ildir iqtidarda olan rejim üçün əsas siyasi hədəf hakimiyyət idi. Bu yolda törədilmiş cinayətlər onlar üçün bir növ adətə çevrilmişdi.
O bildirib ki, Prezident İlham Əliyev həm BMT-nin kürsüsündən, həm də müxtəlif beynəlxalq tədbirlərdə çıxışları zamanı Ermənistanda hərbi xunta rejiminin olduğunu vurğulayırdı:“Serj Sərkisyan səhra komandiri olduğu müddətdə qanlı qırğınların iştirakçısı və təşkilatçısı olub. Xocalı soyqırımı Serj Sərkisyanın, eləcə də onun keçmiş müdafiə naziri Seyran Ohanyanın adı ilə qırılmaz surətdə bağlıdır. Köçəryan da səhra komandiri vəzifəsində çalışıb. O, həmin dövr ərzində həm Azərbaycan torpaqlarının işğalı, həm də burada məskunlaşmış əhaliyə qarşı böyükmiqyaslı hərbi terror tədbirlərinin həyata keçirilməsindəki rolu ilə tanınır. Onlar məhz qaniçən cəlladlıq vəzifəsi nəticəsində Ermənistanda hakimiyyətə gəliblər. Həm Köçəryan, həm də Serj Sərkisyan xarakter etibarilə ümumiyyətlə insanlığa qarşı cinayətkar olduqlarını erməni xalqına da sübut etdilər. Bu 20 ildə ermənilər gördülər ki, Sərkisyan, Köçəryan və onların əlaltıları üçün əsas məqsəd hakimiyyətdir və bu yolda onlar azərbaycanlılar kimi, erməniləri də qıra bilərlər. Söhbət 10 il bundan əvvəl mart ayının 1-də əhalinin İrəvanda etirazlarına qarşı zor tətbiq edilməsi və rəsmi məlumata görə 9, müxalifətin bildirdiyinə görə isə 31 nəfər etriazçının qətlə yetirilməsindən, yüzlərlə insanın yaralanmasından gedir. Köçəryan-Sərkisyan xuntası hakimiyyət üçün erməniləri belə qırmağa hazırdır və bunu sübut edib”.
Politoloq vurğulayıb ki, onlar hədəf kimi götürdükləri məqsədə doğru getməyə maneçilik törədən hər kəsi - istər azərbaycanlı, istrəsə də erməniləri qırıblar:
"Qarabağ klanına daxil olan 20 minlik dəstə Ermənistanda hərbi xunta rejimi yaradıb. Bu rejim birbaşa hərbi qüvvələrə söykənirdi. Onlar əhalinin çıxışlarını indiyədək amansızlıqla yatırıb və baş verən itkilərə də əhəmiyyət verməyiblər”.
Politoloq qeyd edib ki, yaranmış amansız rejimin nəticəsi özünü miqrasiya proseslərində də göstərib:
“Ermənistan bu gün dünyada miqrasiyaya ən çox məruz qalan ölkələrdəndir. Əhalinin ən azı 60%-i ölkəni tərk edib. Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan təxminən 1,5 dəfə çoxdur. Bütün bunların hamısı xunta rejiminin yeritdiyi repressiya siyasətinin nəticəsində baş verib. Maddi rifah halı çox aşağı olan insanların Ermənistandan mühacirət etməsi çoxdandır ki, adət halına çevrilib. Bu gün Ermənistanda cəmi 1,5-2 milyon adam yaşayır”.
Politoloqun sözlərinə görə, sovet hakimiyyəti illərində Dağlıq Qarabağda təxminən 120 minə yaxın erməni yaşayırdısa, indi bu rəqəm cəmi 65-70 min arasındadır:
“Ancaq onlar saylarının az olmasına, bu qədər miqrasiya proseslərinə baxmayaraq, davakar və işğalçı siyasətlərindən qətiyyən əl çəkmək istəmirlər. Bu gün də onlar Naxçıvan ərazisinə həyasız iddialara irəli sürürlər, Dağlıq Qarabağla bağlı danışıqlar prosesini pozurlar, Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqlarda məskunlaşmaq prosesi aparırlar. Bu məsələdə onlara kömək edən qəyyumların olması da istisna edilmir. Ancaq yalnız hərbi xunta rejimləri bu cür siyasəti hazırlayıb həyata keçirə bilər. Onu da Köçəryan və Sərkisyan 20 il ərzində Ermənistanda tətbiq edib. Bu gün Paşinyanın ətrafına əhalinin toplanmasına səbəb də Qarabağ klanının ölkədə yaratdıöğı amansız siyasi rejimə olan nifrətdir”.
Milli Məclisin deputatı Sahibə Qafarovanın fikrincə, prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İrəvanın keçmiş kriminal hakimiyyətinin qanunsuz, cinayətkar fəaliyyəti haqqında söylədiyi fikirlər, münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyi həm beynəlxalq ictimaiyyətə, həm də erməni xalqına da ciddi mesajlarla dolu idi.
Onun sözlərinə görə, dövlətimizin başçısının da ifadə etdiyi kimi, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkünlərimizin öz yurd – yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüuquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən də qəbul olunur və dəstəklənir. "Bu gün Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması heç kimdə şübhə doğurmur. Bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan separatçı, kriminal rejimi tanımır. Şübhə yoxdur ki, bütün bunlar möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiyanın parlaq nəticələridir. Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycanın işğal altındakı torpaqları azad olunacaq, buna heç bir şübhə yoxdur. Bu məsələdə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Həm tarixi həqiqətlər, beynəlxlaq hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, Azərbaycanın iqtisadi gücü, hərbi potensialı və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir", - deyən Sahibə Qafarova əlavə edib ki, erməni xalqı da bu gerçəkliyi nə qədər tez dərk edərsə, bir o qədər onların mənafeyinə olar.
Millət vəkili deyib ki, bu gün Ermənistandakı ağır böhranın kökündə bu dövlətin Azərbaycana qarşı işğalçılıq siyasəti dayanır. "Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Azərbaycan torpaqlarını işğal etməsi Ermənistana nəinki nəsə qazandırıb, əksinə bu dövlət işğalçılıq siyasətinin ağır fəsadlarını yaşamaqdadır. Bütün regional layihələrdən, mühüm enerji və nəqliyyat dəhlizlərindən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistan Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində dalan dövlətə çevrilib. Bunda ölkəyə rəhbərlik etmiş kriminal ünsürlərin, o cümlədən Ermənistanın keçmiş rəhbərlərinin də rolu olub", - deyə S.Qafarova vurğulayıb.
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyev iftar mərasimindəki nitqində çox ciddi arqumentləri ilə Ermənistanın keçmiş rəhbərlərini növbəti dəfə ifşa etdi. Dövlətimizin başçısı Ermənistanın əvvəlki hakimiyyətinin bir çox hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törətdiyini, bu qaniçən, kriminal, quldur rejiminin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistanın bu acınacaqlı vəziyyətə düşdüyünü bildirdi. Prezident İlham Əliyev dedi ki, nəhayət erməni da xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdüb.

Cavid

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)