Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olunub

08.06.18, 12:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Ukraynanın tanınmış yazıçıları Vladimir Danilenkonun “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarının təqdimat mərasimi keçirilib. Azərbaycan Tərcümə Mərkəzindən bildirilib ki, tədbirdə bu qurumun idarə heyətinin sədri, yazıçı Afaq Məsud iki xalq arasında tarixboyu davam edən dostluq və qardaşlıq münasibətlərindən, son illər Mərkəzin Ukrayna-Azərbaycan ədəbi əlaqələri üzrə həyata keçirdiyi layihələrdən, iki ölkənin ədəbiyyatını qarşılıqlı olaraq tanıdan antoloji nəşrlərdən söz açaraq, bu işin daha geniş və əhatəli şəkildə davam etdiriləcəyini bildirib.
Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko iki dost dövlət arasında anlaşmanın və doğmalığın təməlini qoyan belə layihələrin ictimai-siyasi əhəmiyyətindən danışaraq, bu şərəfli missiyanı davamlı və layiqincə həyata keçirdiyinə görə Azərbaycan Tərcümə Mərkəzinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev, yazıçı Etimad Başkeçid kitabların ədəbi-bədii məziyyətləri barədə danışaraq, bu nəşrlərin Ukraynanın tarixi, müasir həyatı, ədəbi-bədii düşüncəsi barədə Azərbaycan oxucusunda dolğun təsəvvür yaradacağını, kitaba, ədəbiyyata diqqət və marağın artmasına öz töhfəsini verəcəyini bildiriblər.
Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və tanınmış nasir Nikolay Xomiç çıxış edərək son iki ildə Ukrayna Yazıçılar Birliyinin Azərbaycan Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilmiş nəşr layihələrindən danışaraq, ilk dəfə olduqları Bakının gözəlliyinə valeh olduqlarını, qədim şairlərin heykəlləri ilə dolu olan paytaxtın burada keçirilən kitab bayramları, ədəbi-bədii tədbirlərlə böyük ədəbiyyat ocağına, bədii düşüncə mərkəzinə çevrildiyini diqqətə çatdırıblar. Sonda Vladimir Danilenko Ukraynanın milli ornamentli suvenirini Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsuda təqdim edib.

Bu xəbər oxundu
- - -