Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“DSX-də mükəmməl tədris sistemi formalaşıb”

11.06.18, 11:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

General-mayor Elçin İbrahimov: “Azərbaycanda heç bir qurumda belə tədris sistemi yoxdur”

Dövlət Sərhəd Xidməti (DSX) Aparatının rəhbəri, general-mayor Elçin İbrahimovun APA-ya müsahibəsini təqdim edirik.

- Milli Məclisə təqdim edilən “Dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara əlavə və dəyişikliklər hansı zərurətdən irəli gəlib?
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında “Dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi barədə təkliflər paketinin Milli Məclisə təqdim olunması 2017-ci ildə “Dövlət sərhədi haqqında Əsasnamə”də təsbit edilmiş struktur islahatların məzmunundan irəli gəlir. Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 5 iyun 1454 saylı Dövlət Sərhəd Xidmətinin tərkibində 4 hərbi birləşmənin olması təsbit edilib. Bunlar Sərhəd Qoşunları, Çevik Hərəkət Qüvvələri, Sahil Mühafizəsi və Sərhəd Nəzarətidir. Bu qərarının qəbul olunması Dövlət Sərhəd Xidmətində idarəetmə sisteminin təkmilləşdirilməsi, hərbi hissə və bölmələrin qarşıda duran vəzifələrin icrası üçün optimal şəraitin yaradılmasına yönəlib.
Bu islahatların nəticəsi olaraq Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi idarəetmə sistemi yaradılıb. Əgər əvvəllər Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələri və bölmələri Sərhəd Qoşunlarının tərkibində idisə, hazırda Sərhəd Qoşunları Dövlət Sərhəd Xidmətinin tərkibində olan 4 hərbi birləşmədən biridir. Sərhəd Qoşunlarının komandanı Dövlət Sərhəd Xidmətinin rəisinin müavinidir.
Digər hərbi birləşmələrə gəlincə, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində sərhəd mühafizəsinin təmin edilməsi, həmçinin neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinə cavabdeh olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə bu dəyişikliklər nəticəsində hərbi birləşmə statusu verilib. Eyni zamanda Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı hərbi hissələri Çevik Hərəkət Qüvvələrinin tərkibinə daxil edilib. Bununla da dövlət sərhədində baş verə biləcək hər hansı təhdid və təxribatlara qarşı çevik reaksiya verilməsinə şərait yaradılıb. Dövlət sərhədinin buraxılış məntəqələrində fəaliyyət göstərən Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarət məntəqələrinin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi ilə Sərhəd Nəzarəti yaradılıb. Burada əsas məqsəd dövlət sərhədində buraxılış məntəqələrində tam peşəkar heyətin xidmətə cəlb olunması, dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində maksimum qısa müddət ərzində daha etibarlı sərhəd nəzarətinin təşkili olunmasıdır.
Hazırda Milli Məclisə təqdim olunmuş qanun layihələri əsasən 2017-ci ildə qəbul edilmiş struktur islahatlarının qanun səviyyəsində təsbit olunması məqsədini daşıyır. Yəni “Sərhəd qoşunları haqqında” qanunun adında və mətnində “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz olunması təklif edilir. Eyni zamanda qeyd olunan 4 hərbi birləşmənin Dövlət Sərhəd Xidmətinin nəzdində fəaliyyət göstərməsinin qanunda əksini tapması təklif edilir. Digər tərəfdən, Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrinin Azərbaycan Respublikasının ərazisinin müdafiəsinə cəlb edildiyi halda onlar tərəfindən silah və döyüş texnikasının tətbiqi qaydalarının müəyyən edilməsi burada əksini tapır. O cümlədən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə cəlb edilən və könüllü daxil olan vətəndaşlar üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilən sağlamlıq vəziyyətinə dair əlavə tələblərin qanun müddəası kimi təsbit olunması nəzərdə tutulub.
- Ötən dövr ərzində bu islahatlar nə dərəcədə effektli olub, özünü doğruldub?
- Bu, həqiqətən də kifayət qədər düşünülmüş, uzun müddət həm beynəlxalq təcrübədə istifadə edilmiş, həm də digər qurumlarda həyata keçirilən struktur islahatların nəticələri nəzərə alınaraq verilmiş qərar idi. Nəticə etibari ilə yeni yaradılmış hərbi birləşmələr sırf xidmətlə, qarşıya qoyulmuş vəzifələrlə məşğuldur. Başqa sözlə, Sərhəd Qoşunları, Çevik Hərəkət Qüvvələri, Sahil Mühafizəsi və Sərhəd Nəzarətinin hər birinə hərbi birləşmə statusunun verilməsində əldə olunan effektivlik, səmərə ondan ibarət olub ki, bu istiqamətdə konkret səylərin eyni sahəyə yönəldilməsi təmin olunub. Əvvəllər xidmətlə yanaşı, struktur qurumların rəhbərləri həm təminat məsələlərini, həm də maliyyə məsələlərini həll etməli idilər. Ancaq bu hərbi birləşmələrin yaradılması imkan verdi ki, sırf xidməti vəzifələrinin icrası üçün tələb olunan xidməti fəaliyyətin planlaşdırılması ilə məşğul olsunlar. Təminat, maliyyə və digər inzibati prosedur məsələlər isə Dövlət Sərhəd Xidmətinin Aparatı və birbaşa Aparatın tabeliyində olan hərbi hissələr tərəfindən həyata keçirilir. Hər bir qurumun rəhbərinin hərbi qurumun fəaliyyətinə tam cavabdehlik daşıması və qarşıda duran vəzifələrin icrası üçün lazım bildiyi bütün gücləri səfərbər edə bilməsi əslində dövlət sərhədində baş verən və baş verə biləcək hallara qarşı dərhal reaksiya verməsi imkanı yaradır. Struktur islahatlarının da məqsədi daha peşəkar, daha bacarıqlı heyət hesabına qarşıda duran vəzifələrin daha qısa müddətdə daha effektiv həyata keçirilməsidir. Yaradılmış təhsil sistemi də bu strukturları peşəkar kadrlarla təmin edir.
- Təhsil sistemi necə təşkil olunub və müasir tələblərə cavab verirmi?
- Dövlət Sərhəd Xidmətində hamı tərəfindən mükəmməl qəbul edilən tədris sistemi formalaşıb. Azərbaycanda heç bir qurumda belə tədris sistemi yoxdur. Dövlət Sərhəd Xidmətinin tərkibində xüsusi təyinatlı təhsil müəssisəsi statusuna malik Xüsusi Məktəb və Akademiya fəaliyyət göstərir. Dördüncü sinfi bitirmiş 10-12 yaşlı uşaqlar Xüsusi Məktəbdə 5-ci sinfə qəbul edilir. Bizim məktəbdə tam dövlət təminatında, heç bir əlavə pul ödənilmədən 7 il ərzində bu uşaqlar orta təhsil alırlar. Sadəcə bir faktı qeyd edim ki, biz 2018-ci ildə bu Xüsusi Məktəbə qəbul üçün təxminən 100 kursant yerinə 1400-dən artıq ərizə qəbul etmişik. Bir yerə təxminən 14 nəfər iddiaçı olub. Onlar 7 il bu məktəbdə hazırlandıqdan sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olurlar və 4 il Akademiyada təhsil alırlar. Akademiyanı leytenant rütbəsində bitirdikdən sonra sərhəddə xidmət etməyə göndərilirlər. Beləliklə, Dövlət Sərhəd Xidməti bir zabitin hazırlanmasına nəticə etibari ilə 11 il sərf edir.
Onu da nəzərə çatdırım ki, Xüsusi Məktəb 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə zəruri tədris bazası ilə təchiz olunub və Dövlət Sərhəd Xidmətinin bazasına verilib. Həmin vaxt məktəbin açılışında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Bizim üçün də çox böyük şərəf, qürur mənbəyi idi ki, bu il martın 5-də həmin məktəbin yeni korpusu da istifadəyə verilib. Həmin korpusun da açılışında Mehriban Əliyeva iştirak etdi. Beləliklə, əgər əvvəllər il ərzində məktəbə 40-50 nəfər qəbul edə bilirdiksə, yeni korpusun istifadəyə verilməsi nəticəsində bu məktəbdə oxuya biləcək heyətin sayını 700 nəfərə qədər qaldıra bilərik. Bu da tədricən həyata keçiriləcək.
- Sərhəd pozucularına qarşı mübarizə hansı səviyyədədir? Bu istiqamətdə son illər hansı nəticələr əldə olunub?
- Xidməti fəaliyyətlərin nəticələri sonda statistik göstəricilərdə əksini tapır. Sərhəd xəttində, biz ona yaşıl sərhəd deyirik, yəni quru sərhədlərində sərhəd pozucularının saxlanılması, narkotik qaçaqmalçılığının qarşısının alınmasının həm sayı artıb, həm də aşkarlanan narkotik vasitələrin sayı artıb. Bu, həm Dövlət Sərhəd Xidməti, həm də digər aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən birgə tədbirlər sayəsində mümkün olub. Digər tərəfdən, son dövrlər dövlət sərhəd buraxılış məntəqələrində saxta sənədlərin aşkarlanması tendensiyası artıb. Bu da əməkdaşlarımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsinin bir göstəricisidir. Eyni zamanda bu sahəyə xüsusi diqqətin yetirilməsi, xarici həmkarlarla birgə təcrübə mübadiləsinin həyata keçirilməsi, sənədlərdə saxtalaşdırma üsul və metodlarının şəxsi heyətə öyrədilməsi xidmətin keyfiyyətinin artırılmasının göstəricidir. Son dövrlərdə Dövlət Sərhəd Xidmətinin saytında, mətbuat mərkəzimizin məlumatlarında açıqlanan informasiyalarla tanış olsaq və əvvəlki dövrlə müqayisə etsək, xidmətin nəticələrinin əhəmiyyətli dərəcədə daha yüksək səviyyədə olmasını müşahidə edə bilərik.
- Yeni sərhəd buraxılış məntəqələrinin fəaliyyətə başlaması, buraxılış məntəqələrinin fasiləsiz xidmət göstərməsi sahəsində hansı yeniliklər var?
- Azərbaycan-İran Hökumətlərarası Komissiyasının bu il martın 12-də keçirilmiş iclasında Culfa, Astara və Biləsuvar dövlət sərhəd buraxılış məntəqələrinin fasiləsiz iş rejiminə keçirilməsi barədə qərar qəbul edilib. Bu qərara əsasən, bu il 10 may tarixində bu üç sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçməli idi. Bu, həyata keçirildi. Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan-İran Hökumətlərarası Komissiyasının qərarı icra olundu. Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi mayın 10-da iranlı həmkarlarımızla Astarada görüş keçirdi. Görüşdə bir daha bütün məqamları müzakirə etdik və mayın 10-dan etibarən həmin buraxılış məntəqələrindən şəxslərin 24 saat, yəni fasiləsiz təmin olundu. Bu qərarın da qəbul olunması ilk növbədə vətəndaşların dövlət sərhədindən keçidinin asanlaşdırılmasına, yaranan növbələrin aradan qaldırılmasına yönəlmiş bir addım idi. Əvvəlki dövrlərlə də müqayisə etdikdə görürük ki, bu, həm sərhəd nəzarəti məntəqələrinin qarşısında duan vəzifələrin daha effektiv həyata keçirilməsinə, həm də vətəndaşların dövlət sərhədindən keçidi ilə bağlı məmnunluq səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb.
- Rusiya ilə Azərbaycan arasındakı sərhəd buraxılış məntəqələrində vəziyyət necədir?
- Hazırda heç bir sərhəd buraxılış məntəqəsində xidməti fəaliyyətə hər hansı mənfi təsir göstərə bilən hal yoxdur. Rusiya ilə dövlət sərhədində Samur və Yalama dövlət sərhəd buraxılış məntəqələri fəaliyyət göstərir. Həmin sərhəd buraxılış məntəqələri Yalamada qatar, Samurda isə avtomobil nəqliyyatı yolunda fəaliyyət göstərir. Həmin buraxılış məntəqələrində hansısa növbələrin yaranması, vətəndaşların keçidində bu və ya digər problemlərin olması qeydə alınmayıb.
Onu da qeyd edim ki, yalnız Novruz bayramı ərəfəsində İranla dövlət sərhədindəki sərhəd buraxılış məntəqələrində növbələr olub. Bu isə ölkəmizə çoxlu sayda İran vətəndaşlarının gəlməsi ilə bağlı olub. Bu da turizmin inkişafı ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının inkişafı və nəticə etibarilə xarici dövlət vətəndaşları üçün Azərbaycana gəlmək, turizm potensialından yararlanmaq imkanlarını genişləndirib. Təbii ki, 3 il, 5 il əvvəlki statistik göstəricilərlə müqayisə etsək, Azərbaycana gələn əcnəbilərin sayı əhəmiyyətli dərəcədə artıb. Biz də Dövlət Sərhəd Xidməti olaraq bu vəziyyətə uyğun tədbirlərimizi görürük ki, vətəndaşların sərhədindən keçid zamanı ən optimal, ən qısa müddət ərzində dövlət sərhədindən keçidini təmin edək. Sərhədçinin şüarı odur ki, sərhəd dosta açıq, düşmənə bağlıdır. Təbii ki, bütün dostlarımız üçün də qapılarımız açıqdır.

Bu xəbər oxundu
- - -