Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi

11.06.18, 13:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi keçirilir. Bununla yanaşı, VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road&Traffic 2018) sərgisi də təşkil olunub. Sərgi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
“TransCaspian/Translogistica” sərgisi Böyük Britaniyanın “ITE Group” şirkətlər qrupu tərəfindən təşkil olunan “TransRussia” (Moskva), “TransPoland” (Varşava), “TransUzbekistan” (Daşkənd), “TransUkraine” (Kiyev) və “TransKazakhstan” (Almatı) kimi ixtisaslaşmış nəqliyyat-logistika sərgiləri, eləcə də “BreakBulk” beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir.
Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Azərbaycan, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və sair) təqdim edir.
Sərgidə nəqliyyat şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edirlər. Sərgi iştirakçılarının 30 faizdən çoxunu debütantlar təşkil edir və onların arasında dəniz daşımalarını həyata keçirən şirkətlər (Abşeron Logistika Mərkəzi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı), dəmir yolu daşımaları sahəsində ixtisaslaşan şirkətlər (“ADY Container”), avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə şirkətlər (Belarusun “APS Solver” şirkəti, Litvanın “Arijus UAB” şirkəti), hava nəqliyyatı şirkətləri (“Silk Way Group” şirkəti) yer alır.
VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road & Traffic 2018) sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. Bu sərgi də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, AZPROMO və ASK tərəfindən dəstəklənir.
Sərgidə Azərbaycan, ABŞ, Belarus, İran, Polşa, Rusiya, Türkiyə və ilk dəfə olaraq Slovakiyanı təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər xidmət və məhsullar “Road & Traffic 2018” sərgisində təqdim edəcəklər. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. Sərgilər peşəkar ziyarətçilər üçün iyunun 11-13-də, tələbələr üçün isə iyun ayının 13-də açıq olacaq.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)