Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriyada sülh olacaqmı?

12.06.18, 8:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Artıq Suriyada konsensusa gəlmək üçün müəyyən addımlar atılır. Çünki bu müharibə sonsuzadək davam edə bilməz. Baş verən proseslər bütün Suriyanın iqtisadi, siyasi və hərbi potensialını məhvə aparıb.
Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev Demokratik Suriya Qüvvələrinin siyasi qanadı Demokratik Suriya Məclisinin ölkə lideri Bəşər Əsədin dialoq təklifini qəbul etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu dövlətin yenidən qurulması üçün buradakı tərəflər bir-birinə güzəştə getməklə addımlar atmalıdır:
“Bundan sonra burada razılığın əldə olunması üçün işlər görülə bilər. Amma Suriyada hər hansı bir demokratik qüvvənin, eyni zamanda Bəşər Əsəd tərəfdarlarının hər hansı bəyanatı hələ Suriyada problemlərin həll olunması demək deyil. Çünki Suriyada problemlərin həll olunması üçün bütün maraqlı tərəflər ümumi bir konsensusa gəlməlidir. Burada mühüm əhəmiyyət kəsb edən supergüclərin də maraqları nəzərə alınmalıdır”.
Politoloq qeyd edib ki, xüsusilə son vaxtlar çox cidd-cəhdlə İran və Rusiya burada öz maraqları baxımından çıxış edir:
“Suriya ərazisində terror təşkilatlarının ocaqları olduqca onlar xüsusi xidmət orqanlarının və digər dövlətlərin əlində bir vasitəyə çevriləcək. Buna görə də bu məsələnin həlli yaxın vaxtlarda mümkün olmayacaq. Bu gün Suriyanın taleyini həll etmək Suriya xalqının özünə məxsus deyil. Hər hansı bir konsensusun əldə edilməsi üçün buradakı bütün tərəflərin maraqları nəzərə alınmalıdır. Hazırda bu mümkün görünmür”.
Politoloq vurğulayıb ki, dəfələrlə Astanada və digər ərazilərdə Suriya ilə bağlı keçirilən görüşlər, konfranslar uğursuzluqla nəticələnib:
“Ortada İsrail, İran, Rusiya, ABŞ, Türkiyə faktoru var. Bu dövlətlərin və onlara uyğun olan qruplaşmaların hamısı öz maraqlarını təmin etdikdən sonra bölgədə hər hansı bir addım atmaq olar. Çünki bölgədə elə dövlətlər var ki, Bəşər Əsədin Suriyada hakimiyyətdə qalmasını istəmir. Bununla bağlı bəyanatlarla çıxış etməsə də, bu dövlətlərin mövqeyi artıq faktdır. Eyni zamanda Bəşər Əsədin tərəfdarı olan müəyyən dövlətlər var ki, Əsəd baş olmaqla, ələvi qruplaşmasının Suriyada hakimiyyətdə olmasını istəyir. Lakin bütün bunlara baxmayaraq, bu bəyanatın verilməsi mühüm əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Demokratik Suriya Qüvvələrinin siyasi qanadı Demokratik Suriya Məclisi ölkə lideri Bəşər Əsədin dialoq təklifini qəbul etdiklərini açıqlayıb.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)