Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təhsil haqqında” qanuna dəyişiklik qəbul olunub

12.06.18, 13:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin növbədənkənar iclası keçirilib. Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, iclasın gündəliyindən 1 məsələ çıxarılıb. Bununla da iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 22-yə düşüb. Qeyd edək ki, Azərbaycanda avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırılmasını nəzərdə tutan qanun layihəsi gündəlikdən çıxarılıb.
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı vitse-spiker Valeh Ələsgərov deyib ki, ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılmalıdır: “Bununla bağlı ekologiya və təbii sərvətlər nazirinə də müraciət etmişəm”. Valeh Ələsgərov bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə verilən cəzanın yetərli olmadığını diqqətə çatdırıb: “Su anbarına tullantı axıdanlar 6550 manat məbləğində cərimə olundu. Milyonlar qazanan iki quruma görə bu cərimə nədir ki? Qanunu pozanlara görə verilən cəza yetərli olmayanda insanlar qanuna əməl etmək istəmir. Ona görə də cərimələr artırılmalıdır. Bu rəqəm az olduqca insanlara qanuna əməl etməkdə maraqlı olmayacaq”.
Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev diqqətə çatıdırıb ki, Xəzərin Bakı bulvarı hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur: “Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır”.
Deputat həmçinin məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problemin illərdir qalmasına da diqqət çəkib: “Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir. Bu, onların emalını da asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir. Bu tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll etməlidir”.
Deputat Vahid Əhmədov deyib ki, son vaxtlar ekologiya ilə bağlı ciddi problemlər müşahidə edilir. Onun sözlərinə görə, Bakıda ağacların qırılması və yerində göydələnlərin tikilməsi ekoloji durumu pozur: “Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac qıranlara qarşı cərimələr tətbiq edir. Amma buna rəğmən ağacların qırılması halları davam edir”.
Deputat xatırladıb ki, Göyçayda körpünün çökməsi də ekoloji tarazlığın pozulmasının nəticəsidir: “Qubada çınqılların daşınması Vəlvələ çayı üzərində olan körpünün uçmasına səbəb oldu. Çınqılların daşınması ilə bağlı lisenziyalar necə verilir? Nəyə görə, yerli icra hakimiyyəti lisenziya verməlidir, amma məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi daşımalıdır?”.
Plenar iclasında həmçinin “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Layihə ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını nəzərdə tutur.
Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddənin 5-ci bəndi yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Deputat Vahid Əhmədov bildirib ki, guya təhsillə, müəllimlərlə əlaqədar təhsil sistemində ciddi islahatlar aparılır: “İsa (İsa Həbibbəyli) müəllim siz ziyalı adamsınız. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, eyni zamanda AMEA-nın vitse-prezidentisiniz. Ancaq hazırda “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər əhali arasında stress yaradır. Tələb edirik ki, müəllimlər mütləq sertifikasiyadan keçməlidirlər. Hətta elmlər namizədləri, doktorları da imtahan verib sertifikasiya almalıdırlar. Özü də 5 il müdətinə. 5 ildən sonra bu adam yenidən imtahan verməlidir axı. Həmin müəllim bu stressi yenidən yaşamalıdır. İslahat budur? Alimlər, müəllimlər arasında bu stress yaradırsa demək ki, islahat deyil. Ümumiyyətlə, sertifikasiya nə ilə əlaqədardır? Elmlər namizədi müdafiə edib bu adı alır, elmlər doktoru imtahan verib bu sertifikatı alıb. Bəs bu niyə yenidən imtahan verməlidir? Ümumiyyətcə “Təhsil haqqında” qanuna edilən dəyişikliklər başa düşülən deyil”
Deputat Hikmət Babaoğlu söyləyib ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir: “Amma “Təhsil haqqında» qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. “Digər dillər” nədir? Dünyada 5 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir”.
Hikmət Babaoğlu qanunun 11-ci maddəsinə təklif edilən müddəalara da münasibət bildirib. Həmin maddədə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi məsələsi əksini tapır. Millət vəkilinin fikrincə, burada sadəcə təhsilin keyfiyyətinin qiymətləndirilməsindən söhbət getməlidir: “Əgər təhsilin keyfiyyət təminatından danışırıqsa, onda bu, təhsil müəssisəsinə gedən yollardan, həmin müəssisənin binasının keyfiyyətindən başlamış kadr məsələlərinə qədər böyük bir spekti əhatə edir. Ona görə də, layihədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi vurğulanmalıdır”.
Hikmət Babaoğlu həmçinin, sənədin 15-ci maddəsinin 2-ci bəndinin qanundan tamamilə çıxarılmasını təklif edib: “Burada təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisəsələrindən söhbət gedir. Yəni bununla biz xarici ölkə vətəndaşlarına ölkəmizdə təhsil müəssisələri yaratmağa icazə veririk. Amma bilirik ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycan dövləti qarşısında heç bir hüquqi öhdəçiliyi yoxdur. Belə olan halda, onlar nə üçün ölkəmizdə təhsil müəssisələri açmalıdır? Onların ən müxtəlif məqsədləri ola bilər. Dünyada belə termin var - “qeyri-ərazi müstəmləkəçiliyi”. Söhbət ondan gedir ki, ölkə ərazi baxımdan işğal olunmur, amma qeyri-ərazi baxımından işğal olunur. Yəni insanların, ölkə vətəndaşlarının beyni işğal edilir. Mən düşünürəm ki, əgər vətəndaşlığı olmayan şəxslər bu formada ölkəmizdə təhsil müəssisələri açacaqlarsa nəticə etibarilə biz qlobal imperialzimin qeyri-ərazi müstəmləkəçiliyinə məruz qala bilərik. Ona görə də bu müddəa qanun layihəsindən çıxarılmalıdır”.
Hikmət Babaoğlu çıxışında həmçinin layihə ilə bağlı redaktə xarakterli təkliflər də verib.
Deputat Fazil Mustafa deyib ki, “Kids Studio” uşaq mərkəzində uşaqlara qarşı zorakılıq faktının olması ilə bağlı mətbuatda məlumatlar yayılıb: “Bu hadisə İsraildə, Fransada və s ölkələrdə olsaydı cəmiyyət yerindən titrəyərdi. Ancaq bizdə rəsmi şəkildə hələ bir açıqlama verilməyib. Bəlkə bu təxribatdır, Azərbaycanda baş verməyib? Həmin bağçanın ünvanına kimi göstərilib. O tərbiyəçinin etdiyi hərəkətlər qətiyyən yolverilməzdir”.
O bildirib ki, bağçada tərbiyəçi olan adamın harada hazırlanması çox önəmlidir: “Özünün normal ailə düzəni olmayan insanın bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir. Özü-özünü tərbiyə edə bilməyənə o boyda təhsil müəssisəsini necə həvalə etmək olar? Azərbaycanda onlarla belə nümunə var. Axı, o uşaqlar bizim gələcəyimizdir. Təhsil müəssisələrinə götürülən insanların psixoloji hazırlığı məsələsinə baxılmalıdır. Mən sizə deyim ki, Yaponiyada bütün uşaq bağçalarındakı müəllimlər kişilərdir.
Qadınlar məktəb və bağçalara işə götürülmür. Mən bilmirəm ki, bunun səbəbi nədir. Yəqin ki, onlar ciddi bir araşdırma apardıqdan sonra belə bir qərara gəliblər ki, bağça tərbiyəsi məhz kişilərə həvalə olunmalıdır. Bəlkə biz də bu istiqamətdə sosioloji araşdırmalar aparaq, işlər görək?
Fazil Mustafa deyib ki, özəl və dövlət bağçalarında uşaqlara qarşı zorakılıqlar yolverilməzdir: “Biz bu məsələyə həssas münasibətimizi bildirməliyik” .
Spiker Oqtay Əsədov isə deyib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən ali məktəblərdə fakültələr var. “Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir”.
Deputat Aqil Abbas deyib ki, bir neçə il bundan öncə Boloniya sisteminə keçirildi: “Bu təhsil sisteminin o qədər başına oyun açırlar ki, özləri də bilmirlər. Oyun gedir və hələ də gedəcək”.
Aqil Abbas bildirib ki, əvvəllər dərslər sentyabrın 1- i başlayıb, mayın axırında bitirdi: “Bu da cəhənnəmə olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdi? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir? İsa müəllim bundan danışın e. Bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kiloqramdır. Ştanqist yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kiloqramlıq çanta məsələsinə baxılsın. Ona görə uşaq məktəbə gedəndə ata-anası onu aparır. Bildiyimiz kimi, yeni təhsil naziri təyin olunub. Təzə nazir də gəlib deyəcək ki, dərslər iyunun 30-na qədər olsun. Xahiş edirəm, bu qaldırdığım məsələlərə baxılsın”.
Deputat Asim Mollazadə vurğulayıb ki, sovet vaxtında universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu: “Bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar”.
Deputat bildirib ki, imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır: “Çünki hər zaman imkanlı ailələr övladlarını xaricdə və ölkəmizdə oxutdurmaq üçün vəsait tapa bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir”.
Asim Mollazadə deyib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır: “Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”.
Qanun layihələri səs qoyularaq qəbul edilib.
Xatırladaq ki, Milli Məclis Milli Məclisin növbəti növbədənkənar iclasları iyunun 28 və 29-da keçiriləcək.
Bununla da Milli Məclisin növbədənkənar iclaslarının keçirilməsi başa çatacaq. Növbədənkənar iclasda “2018-ci ilin dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq.

Əli

Bu xəbər oxundu
- - -