Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dövlət büdcəsinin gəlir və xərcləri artırılır

12.06.18, 13:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 mlrd. 110 mln. manat, xərclər isə 23 mlrd. 61 mln. manat nəzərdə tutulub.
Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Dəyişikliyə əsasən, 2018-ci ilin dövlət büdcəsində gəlirləri gözlənilən ümumi daxili məhsulun 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33,9% çoxdur.
Yenidən baxılma ilə xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.
Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz-bənd, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz-bənd çoxdur.
2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyədə proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,3%-nə bərabər olacaq. Kəsirin yuxarıda qeyd olunan artımı dövlət büdcəsinin 2018-ci il yanvarın 1-nə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək.
Yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır.
2018-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi də artırılır.
Layihəyə əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 10 mlrd. 966 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 750 mln. manat və 19% çoxdur.
Qanun layihəsində Dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradan səbəblər açıqlanıb. “Büdcə sistemi haqqında” qanunun 23,2-ci və 23,3-cü maddələrinə əsasən, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi (Pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsinin maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin, ölkədə turizmin inkişafı, yol infrastrukturlarının tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi, bəzi infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi və digər zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün ehtiyac yaranıb.
Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaitin 2018-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir. Beləliklə, dövlət və ictimai büdcədən gəlir və xərclərin tarazlaşdırılması və əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb.

Bu xəbər oxundu
- - -