Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“TANAP-ın açılışında Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi?”

13.06.18, 11:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Bu layihə Gürcüstanın strateji önəmini artırır”

“TANAP-ın açılışında iki müəamma diqqətimi çəkdi. Açılışda qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Serbiya və Ukrayna prezidentlərinin iştirakı anlaşılan idi. Hər iki dövlət gələcəkdə TANAP-la nəql ediləcək Azərbaycan qazını Cənubi Avropa ölkələri üzərindən alacaqlar. Bəs bu vacib mərasimdə Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi? Bunu anlamadım”. Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Boru xəttinin Gürcüstandan da keçdiyini bildirən politoloqun sözlərinə görə, Gürcüstan rəsmiləri bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün boru və nəqliyyat xətlərinin açlışında iştirak ediblər: “Əlbəttə, düşünülə bilər ki, Gürcüstan TANAP üzərindən daşınacaq qazdan almayacaq, ancaq bu layihə Gürcüstanın strateji önəmini artırır. Şübhə etmirəm ki, Gürcüstanın Prezidenti Mixail Saakaşvili olsaydı, mütləq bugünkü mərasimdə iştirak edərdi.
İkinci müəamma da diqqətimi çəkdi. TANAP-ın açılış mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da iştirak edirdi. Məsələ burasındadır ki, TANAP Kiprdən keçməyəcək, əks halda bunun üçün Aralıq dənizinin dibi ilə boru xətti çəkilməli idi. Bu səbəbdən Şimali Kipr TANAP-dan daşınacaq qazı ala bilməyəcək. Buna baxmayaraq, Kipr lideri mərasimdə iştirak edirdi, hətta o mərasimdə çıxış edən ikinci dövlət başçısı oldu”.
Elxan Şahinoğlu hesab edir ki, Şimali Kipr liderinin mərasimdəki iştirakı və çıxışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsüdür:
“Şimali Kiprdə yaşayan insanlar Türkiyə ilə yanaşı, Azərbaycan üçün də doğma insanlardır. Təsadüfi deyil ki, Azrəbaycan prezidentindən sonra çıxış edən Mustafa Akıncı İlham Əliyevın sözlərinə belə bir əlavə də etdi: Türkiyə ilə yanaşı biz də Sizinlə qardaşıq.
Şimali Kipr üçün TANAP layihəsi yunan Kiprinin Aralıq dənizinin zənginliklərinə təkbaşına yiyələnməsinə maneə yaradır. Məsələn, Şimali Kipr istəyir ki, İsrail kəşf etdiyi zəngin qaz resurslarını dünya bazarlarına yunan Kipri üzərindən deyil TANAP üzərindən daşısın. İsrail bu variantı nəzərdən keçirir. Ancaq bunun üçün Türkiyə ilə İsrail arasındakı gərginlik azalmalıdır. İlham Əliyev Türkiyə ilə İsraili barışdırmaq üçün tarixi şans əldə edə bilər. İsrailin öz qazını TANAP üzərindən daşıması bölgədə Azərbaycanla Türkiyənin əhəmiyyətini daha da artıracaq. Bu elə İsrailin də xeyrinədir. İsrail hipotetik boru xətləri haqqında düşünməkdənsə və ya Türkiyənin acığına yunan Kirpi ilə danışıqlar aparmaqdansa, öz qazını hazır TANAP üzərindən Avropaya çatdıra bilər”.

Bu xəbər oxundu
- - -