Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney Azərbaycan mətbuatı ana dili uğrunda mübarizənin aparıcı vasitəsi kimi

20.06.18, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Təbriz Tibb Universitetində yayımlanan “Səhər” dərgisi ədəbi mədəni mövzulara çox yer verir, Şimali Azərbaycan ədəbiyyatından zəngin nümunələr çap edirdi. Bu dərgi Azərbaycan ədəbiyyatı və ədəbi dilinin inkişafını daimi gündəmdə saxlayırdı. Ərdəbildə və İsfahanda nəşr olunan “Dan ulduzu” dərgisində daha çox Şimali Azərbaycandakı ədəbi dil prosesi, Azərbaycan folklorunun qaynaqları öz əksini tapırdı. Burada əsas məqsəd Azərbaycan dilinin qorunması, genişlənməsi, öyrədilməsi, Şimali Azərbaycan ziyalılarının Cənubda tanıdılması idi. “Öyrənci” dərgisi Əmir Kəbir adına Tehran Politexnik Universitetinin tələbələri tərəfindən nəşr olunurdu. Əsas məqsədi Azərbaycan milli mənsubiyyətinin kütlə tərəfindən mənimsənilməsi, Tehran radio-televiziya verilişlərində azərbaycanlıların assimilyasiyasına yönəldilmiş məqsədli siyasətə qarşı durmaq və mübarizə aparmaq idi. Tusi adına Tehran Sənaye Universitetində yayımlanan “Çağrı” dərgisinin naşirləri Azərbaycan dilinin qorunmasını, milli oyanışa, dirçəlişə dəstək verməyi, ictimai, mədəni sahədə azərbaycanlıların haqlarını qorumağı əsas məqsəd hesab edirdi. Zəncanda tələbələr tərəfindən nəşr olunan “Səs” dərgisində daha çox ziyalılarla aparılan müsahibələr nəşr olunurdu. Tehran Universitetinin nəşri olan “Yol”, Ərdəbildə “Pəyamenur” Universitetinin “Sayan” dərgisi Azərbaycan Milli Hərəkatının müxtəlif komponentləri arasında informasiya mübadiləsi və əlaqələndirici vasitə rolunu yerinə yetirməkdə əvəzsiz idi. Həmin dərgilərdə tələbələr Azərbaycan xalqının etno-milli varlığı, İranın siyasi və milli münasibətlər sistemində tutduğu yer, milli məsələnin həlli perspektivləri ilə bağlı məsələləri iki səviyyədə: empirik və nəzəri, üç ölçüdə: qlobal, regional və yerli, nəzərdən keçirərək milli ideologiyanın müxtəlif aspektlərini işləyib hazırlayırdılar. Bu istiqamətdə fəaliyyət İranda azərbaycanlı ziyalıların milli zəmində mövqeyini müəyyən etməklə yanaşı, eyni zamanda ölkədə nisbətən demokratiyanın, söz və əqidə azadlığının vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa əsas verir. Lakin mübarizənin çərçivədən çıxa biləcəyindən narahat olan fars milliyyətçi-ruhani rejimi öz qabaqlayıcı tədbirlərini də görməkdə idi. Milli-mədəni haqlar uğrunda hərəkat gücləndikcə, rejim milli qüvvələrə basqılarını daha da artırırdı. Milli kimliyi haqda düşünən və bu yöndə fəaliyyət göstərən fəallara təzyiq edilir, onlar aradan götürülürdülər. Məsələn, İranın Həmədan şəhərində “Vahid” jurnalının sahibi, Şəhriyar adına Tələbə Birliyinin rəhbəri, universitetin tibb fakültəsinin tələbəsi Ruhulla Dindar qətlə yetirilmişdi. Adıçəkilən tələbə sahibi olduğu dərgidə milli oyanışa təkan verən məqalələr dərc etdirirdi və Bütöv Azərbaycan ideyası uğrunda mübarizənin öncüllərindən idi. Beləliklə, bir tərəfdən maddi vəsait və maddi-texniki imkanların məhdudluğu, digər tərəfdən milli-siyasi və milli-ictimai problemlərin kəskin şəkildə qoyulması qeyd olunan mətbu orqanlarının tez-tez bağlanmasına səbəb olurdu.
Yuxarıdakı təsnifatdan göründüyü kimi, 90-cı illərin ortalarında İranda yaranmış nisbi liberal mühit şəraitində nəşrlərin sayı sürətlə artmışdı. 1997-ci ildə hakimiyyətə gələn islahatçılar (1997- 2005-ci illər) kütləvi informasiya vasitələrinin inkişafı üçün dövlət büdcəsindən böyük vəsait ayırmışdılar. Gündəlik qəzetlərin sayının 5-dən 26-ya qalxması, ümumi tirajın 1,2 milyondan 3,2 milyona çatması da bunu sübut edir. Dərgilərin sayı 778-dən 1.375-ə çatmış, cəmi 118 milyon yeni kitablar və s.
Xatəminin prezidentlik illərində mətbuata münasibət mülayimləşsə də əsas hakimiyyət rıçaqlarını əldə saxlayan mühafizəkar dairələr bu sahəyə nəzarəti əldən verə bilməzdilər. Sərt xətt tərəfdarlarını qayğılandıran əsas məsələlərdən biri ölkəni informasiya blokadasında saxlamağın get-gedə çətinləşməsi idi. Çünki informasiya azadlığı plüralizmə aparırdı. 1999-cu il iyulun əvvəlində İran Məclisinin 22 mühafizəkar deputatı tərəfindən hazırlanmış və müzakirəyə çıxarılmış “Mətbuat haqqında qanunun islahı” adlı sənəd mətbuata dövlət nəzarətinin gücləndirilməsi məqsədini güdürdü. Bu yeni qanunda bir çox məsələlərin işıqlandırılması qadağan edilirdi. Qanunu pozanlara qarşı cəza tədbirləri daha da gücləndirilir və inqilab məhkəməsinə mətbuat barədə şikayətlərə baxmaqda daha böyük səlahiyyətlər verilirdi. Beləliklə, rejim özü üçün təhlükəli ideya və tələblərin qarşısını zorakılıq və “qanun çərçivəsində” almağa başlamışdı.
Hərəkatın güclənməsindən narahat olan hökumət milli hüquqlar uğrunda mübarizə aparan KİV-lərə qarşı yenə də təzyiqləri gücləndirməyə başladı. Fikir və söz azadlığı ilə bağlı məqalələr çap edən qəzetlər bir-birinin ardınca bağlanırdı. Bu azadlığın qurbanı olaraq qapanan “Came” qəzetinin keçmiş redaktoru Şəmsül Vaizi bir müsahibəsində ölkədəki fikir və söz azadlığı haqda belə demişdi: “Ölkədəki söz və fikir azadlığı onu bəyan edənədəkdir, ondan sonra yoxdur”.
2000-ci ildən sonra demək olar ki, Cənubi Azərbaycan mətbuatında müstəqillik şüarları ara-sıra eşidilir, yuxarıda qeyd etdiyimiz kimi, demokratik dəyərlərin bərqərar edilməsi meyli güclənirdi. İran hakimiyyəti isə bu meylin rüşeym halında boğulmasına can atır, azad mətbuatı sıxışdırır, qəzet müdirlərini məhkəməyə çəkir, həbsxanaya salırdı. Söz azadlığına dözə bilməyən qüvvələr bütün bunları dini hakimiyyətin möhkəmlənməsi adı altında həyata keçirirdilər.
2000-ci il fevralın 7-də doktor Çöhrəqanlının siyasi baxışlanna görə həbs edilməsinin ardınca, fevralın 11-də Ərdəbil şəhərində “Can Azərbaycan” jurnalının əməkdaşları, Birliyi Gücləndirmə Təşkilatı və tələbələr Çöhrəqanlının və silahdaşlarının həbsinə, eyni zamanda parlament seçkiləri ərəfəsində həyata keçirilən qanun pozuntularına etiraz nümayişi keçirmişdilər. Nümayişçilər “Yaşasın elimiz, dirçəlsin dilimiz”, “Azərbaycan yatmayıb, arzusuna çatmayıb” və s. bu tipli şüarlar səsləndirmişdilər. Polislə toqquşma zamanı nümayişçilər, o cümlədən millət vəkilliyinə namizəd Kamal Muradi döyülmüş, 5 nəfər həbs edilmişdi.
Fars şovinizminin ana dilinə qoyduğu qadağalar ana dilində məktəblərin fəaliyyət göstərməməsi, danışıq dilində daha çox fars kəlmələrinin işlədilməsi adı çəkilən dövrdə milli mətbuatın əsas mövzusuna çevrilmişdi. “Güneydə türkcəmizin qorunması üçün milli iradəyə sahib olmalıyıq” başlıqlı məqalənin müəllifi Kəyan Səfərli türk dilinin bugünkü vəziyyətini aşağıdakı kimi təsvir edir: “Balaca bir quşun ölməsi kədərləndiricidirsə, bir insanın ölümü dəhşətli və qorxunc deyilmi? Yeni minilliyin başlanğıcında Güney azərbaycanlılarının 95 faizi öz ana dilində yazıb-oxumaqdan məhrumdur. Daha doğrusu, yazıb-oxumağa qadir deyil. Bu isə milli faciədir. Dil mədəniyyətin zirvəsi, düşüncənin anasıdırsa, milli kimliyin tanınması və tanıtdırılmasında başlıca amildirsə, bu zaman biz Güney azərbaycanlılarının Azərbaycan mədəniyyətindən danışmağa hüququmuz çatırmı? Manqurtlaşma yolunun yol¬çusu deyilikmi?”
“30 milyonluq millətimiz və 7 minillik tariximiz var” yazan müəllif “bu 30 milyon nə biçim insanlardır? sualını da, sualın cavabını da verir: “Bunlar ən ilkin hüquqlarından belə məhrumdurlar. Çoxu hələ öz hüquqlarının tapdandığından belə xəbərsizdirlər. Öz uşaqlarına ana dilini yox, başqa bir dili öyrədən, bununla da öz milli kimliklərini itirən ailələrin sayı artmaqdadır. Bu gün danışılan dilimizi “türkcə” adlandırmaq olmur. İşlətdiyimiz sözlərin 80 faizi alınma sözlərdir. Belə gedərsə, dilimiz ölümə yaxınlaşır”. Kəyan Səfərli daha sonra “bunun qarşısını almaq üçün nə etmək lazımdır?” sualını qoyur və ona cavab verir: “Konstitusiyanın 15-ci maddəsi icra olunmalıdır. Bu maddənin icra olunması başlıca tələblərimizdən biridir. Bu gün uşaqlarımız üçün ana dilimizin öyrədilməsi məktəblərdə mümkün deyilsə, azca çalışmaqla öz evlərimizdə buna nail ola bilərik. Belə olanda hər bir ev bir məktəbə çevriləcək”. Belə tələblər “Şəms Təbrizi” (“Azərbaycan istənilən zaman heyranedici gücünü göstərə bilər” adlı məqalədə), “Omide-Zəncan” (“Məktəblərdə türk dilinin tədrisi” adlı yazıda) kimi qəzetlərdə kəskin şəkildə qoyulmuş və geniş şərh edilmişdi.
Bütövlükdə, Azərbaycan tarixi və dili ilə bağlı elmi əsaslarla hazırlanıb dərc olunan yazılar fars şovinizmini artıq daha tez-tez və ciddi narahat edirdi. Tehranda çıxan, mürtəce paniranist və panfarsist fikirlər yayan mətbu orqanlar bu tipli yazılara qarşı açıq savaşa keçmişdi. Belə nəşrlərdən biri olan “Ariya” və bu kimi digər qəzetlər Azərbaycan tarixini, milli varlığını davamlı olaraq saxtalaşdıraraq şübhə altına alırdılar. Cənubi Azərbaycan qəzetlərindəki milli ruhlu yazılardan və ziyalıların mövqeyindən narahat olan şovinist düşüncənin nümayəndəsi Faruq Səfizadə “Nəvide Azərbaycan” qəzetinə həmin iddialarla dolu bir məqalə göndərmişdi. O, məqalədə qəzetə “nəsihət” verərək cənubi azərbaycanlıların “türk” adlandırılmasını qeyri-elmi sayırdı.
2001-ci ilin əvvəllərində İranda hakimiyyət daxili qarşıdurmanın dərinləşməsi ölkədəki antidemokratik vəziyyəti daha da pisləşdirdi. Bu vəziyyət Cənubi Azərbaycanda qanun çərçivəsində aparılan milli mübarizədən də yan keçməmişdi. Qəzetlərin bağlanması, mətbuat nümayəndələrinin təzyiqlərə məruz qalması, milli hüquqların qorunması tələbi ilə bağlı məqalələrə senzura qoyulması, bir sıra siyasi xadimlərin həbs olunması daha da genişləndi. Güney Azərbaycanda demokratik mətbuatın bağlanması hökumət tərəfindən planlı şəkildə və sürətlə həyata keçirilirdi. Belə ki, Cənubda çap olunan 22 adda qəzetin 10-u (“Azərbaycanın səsi”, “Əhrar”, “Şəms Təbrizi” və s.) barədə cinayət işi açılmışdı.
Bəhs olunan illərdə Azərbaycan türklərinin təbii haqlarını müdafiə edən milli fəallarla yanaşı, rejimi təmsil edən bir sıra din xadimləri də var idi. Ərdəbildə dərc olunan “Araz” qəzetinin redaksiya heyəti ilə vilayəti-fəqihin Ərdəbildəki nümayəndəsi, şəhərin imam-cüməsi, höccətül-islam Amili arasında keçirilən görüşdə o, bir sıra sualları cavablandırmış və türklərin mədəniyyətinin qədimliyinə və kamilliyinə işarə edərək qeyd etmişdi: “Bizim keçmiş ədəbiyyatımız və tariximiz ibrət götürülməli, öyrənilməli məsələlərlə doludur. Biz tariximizi öyrənməliyik. Ana dilində məktəb və universitetlərə icazə verilməsini zəruri sayırıq. Burada pis əməl görmürük”.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -