Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dedilər, Azər Qərib ermənidi, komendantı döyüb“

21.06.18, 10:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Publika.az-ın müsahibi özünü "oralar"da heç vaxt "qərib" hiss etməyən tanınmış aparıcı, səyyah Azər Qəribdir (ixtisarla)

- Azər bəy, elə bir ölkə, yaxud şəhər varmı ki, onun haqda olan əlçatmaz, möhtəşəm məkan stereotipini bizim üçün qırasınız? Məsələn, mənim üçün bu məkan Parisdir.
- Düzü mən də Parisə ilk səfərimdə ondan çox şey gözləyirdim. Amma otelim bir o qədər ürəkaçan deyildi, kamera ilə bağlı gömrükdə problem yaşadıq və s. Ona görə Paris haqda ilk rəyim mənfi oldu. Hardasa 15 il əvvəl idi. Həm də, onda şəhər o qədər də təmiz deyildi. Ürəyim qırıldı ki, Paris, mən səndən daha çox şey gözləyirdim. Amma sonrakı səfərlərimdə daha yaxşı hotellərdə qaldım, daha rahat səyyah həyatı sürdüm. Ondan sonra düşüncələrim dəyişdi. Buna baxmayaraq, Paris çox sevdiyim şəhərlər siyahısında deyil. Bir də Afina şəhəri məni məyus etdi. Çünki daha möhtəşəm mənzərə gözləyirdim. Qədim Yunanıstanın paytaxtı, tarixi torpaqlar və s. Amma reallıqda o qədər də ürəyimə yatmadı.
- Tamamilə doğrudur. Bəs hansı meqapolisləri sevirsiniz?
- London, Madrid, Roma…Stereotiplərə qayıtdığda isə, məsələn, həmişə Sloveniya ilə Slovakiyanı səhv salırdım. Hətta düşünürdüm ki, maraqlı heç nə yoxdur bu ölkədə. Amma ilk səfərimdən oralara vuruldum. O qədər gözəl, yaşıl, təmizdir ki, Sloveniya... Ərazilərinin 90 faizi meşələrdir. Buna baxmayaraq, ağac məmulatlarını idxal edirlər. Görün, öz təbiətlərini necə qoruyurlar. Eyni şeyi Yaponiya haqda da deyə bilərəm. Mən düşünürdüm ki, ultramodernlikdən, texnologiyanın yüksəlişindən, göydələnlərdən başqa heç nəyə rast gəlməyəcəm. Amma o qədər yaşıl, gözəl təbiətli ölkədir ki, yaxşı mənada təəccübləndim.
- Bu qədər səyahət edirsiniz. Heç olubmu ki, qarşınıza bir xörək qoyublar. Yeyəndən sonra öyrənmisiniz ki, məsələn, bu akula əti imiş? Ümumiyyətlə, mətbəx mövzusunda konservativsiniz?
- Daddığım ekzotik yeməklərdən akula ətinin şorbasını və qurbağa ətini misal çəkə bilərəm. Ümumiyyətlə isə yemək süfrəyə gəlmədən mütləq soruşuram ki, bu hansı ərzaqlardan hazırlanıb. Bu barədə konservativəm. Milli mətbəximizi heç nəyə dəyişmərəm. Amma Şərqi Avropa ölkələrinin, Macarıstanın, Rumınyanın, Ukraynanın, Çexiyanın mətbəxləri yaxşıdır. Ceyran ətindən dadlı xörəklər hazırlayırlar.
- Bəs bu illər ərzində əcnəbi dillərə marağınız yarandı?
- İtalyan dilinə marağım vardı. Hətta bu dili dinləməyi çox sevirəm. Xaricdə olanda “Rai Uno” kanalına qulaq asıram. Bir ara qərar verdim ki, italyanca öyrənim. İki dərsdən sonra gördüm ki, yox, yaş artıq şagird yaşı deyil. Amma dil problemi yaşamıram.
- İngilis və rus dilləri kifayət edirmi?
- Əlbəttə, üstəlik türk dili də... Mən həmişə deyirəm ki, dil söz toplusu deyil, intellektdir. Yəni bir az məntiqin varsa, istədiyini izah edə biləcəksən, onlar da səni anlayacaq.
- İntellektdən söz düşmüşkən, Azərbaycan dili də daxil, istənilən dildə belə bir misal var ki, çox oxuyan yox, çox gəzən çox bilər...
- Bu sualı mənə çox verirlər, amma razı deyiləm. Çox oxuyan çox bilər. Tək təhsil ocaqlarını yox, mütaliəni də nəzərdə tuturam. Çox gəzənin digər mədəniyyətlər haqda daha geniş məlumatı olar, bu qədər...
- Bəs hansı xalqın mədəniyyəti, musiqisi ruhən sizə daha yaxındır?
- Gürcülər mənə daha yaxındırlar. Kinosu da, musiqisi də... Çox kreativ və istedadlı xalqdır. Digərlərini qabardıb deyə bilmərəm. Hər birinin öz gözəl xüsusiyyətləri var.
- Gürcülərə yaxşı toxundunuz. Bu xalqı istər avropalılar, istər slavyanlar bizdən daha çox sevirlər. Baxmayaraq ki, onlarda olandan bizdə də var, hələ ki, özümüzü görcülər qədər tanıda bilmirik. Sizcə, məsələnin kökünü harada axtaraq, onların PR-ı daha güclüdür?
- Əvvəla burada din faktoru var. Əcnəbilər Gürcüstana gedəndə bilirlər ki, xristian ökəsinə gedirlər. Bizim haqqımızda olan stereotipləri təzəlikcə sınmağa başlayıb. Bəziləri hətta Azərbaycanı Əfqanıstanla səhv salırlar. Bundan başqa, Azərbaycan neft ölkəsidir. Onlarsa turizmi daha çox inkişaf etdirməyə başladılar. Amma bizim üçün Gürcüstan dolların dəyərinin yüksək olduğu vaxtlar əlverişli idi. İndi ucuzluqdan bir şey qalmayıb bizim üçün. Məsələn, 5 ulduzlu otelləri onlayn sifariş etsəniz, bir gecəsi 250-300 dollara başa gəlir. Bunun harası ucuzdur?!
- Bəs əcnəbi qonaqlara ən çox hansı bölgələrimizi, gəzməli yerlərimizi görməyi tövsiyə edirsiniz?
- Standart məkanlar var. Bakıda Bulvar, Fəvvarələr meydanı, Qobustan, bir də bütövlükdə Qəbələ. Bunu tək qəbələli olduğum üçün demirəm. Rayonların içərisində ən çox inkişaf etmiş bölgə Qəbələdir. Həm hotel bazası var, həm xizək kurortu, həm də əyləncəsi...
- Ümumiyyətlə, ölkəmizi çox gəzmisiniz?
- İsmayıllı, Şamaxı, Qəbələ ərazisində çox olmuşam. Belə çox gəzməmişəm Azərbaycanı.
- Bəs özünüz o çantanı çiyninizə alıb, ölkələri gəzdiyiniz vaxtlarda ekstrimal hadisələrlə çox rastlaşırdınız?
- Ən ekstrimal səfərim Əfqanıstana olub. Kabilda çəkiliş edəndə bizi 3 BTR müşaiyət edirdi. Qalanları adi problemlər idi. Məsələn, təyyarəyə gecikdin, hoteldə boş nömrə tampayıb, lobbidə yatdın, gecəni vağzalda keçirdin və s. Bunlar istənilən səyyahın başına gələ bilən narahatlıqlardır.
- Mədəniyyətlərimiz arasında kəskin fərqə görə “başınız ağrıyan” ölkə olub?
- Çalışmışam belə səhvlərə yol verməyim, çünki nəticəsi ağır ola bilərdi. Məsələn, Asiya ölkələrində uşağın başını sığallamaq olmaz. Valideyni görsə, davayadək gəlib çıxar. Ona görə səfərdən əvvəl mütləq internetdə axtarış edirəm, filan ölkədə hansı hərəkətləri etmək olmaz. Bəzi ölkələrdə barmağımızla göstəriyimiz qələbə işarəsi pis anlama gəlir, xanımı tərəfindən xəyanətə uğrayan kişilərə göstərilir. Ona görə mütləq məlumatlanıram.
- Bilirəm ki, indi işləriniz çoxdur. Amma dünya səyyahları daha çox karyeralarının ən maraqlı məqamlarını kitab halında çap edirlər. Belə bir fikriniz yoxdur?
- Bilmirəm, oxumusunuz, ya yox, bir ara “Oralar party” adı altında maraqlı oçerklər yazırdım. Bəlkə nə vaxtsa, onları birləşdirib, kitab halına saldım. Amma bizdə vəziyyət fərqlidir. Bütün dünyada nəşriyyat gəlir müəllifin yanına ki, gəl, mən sənə maliyyə yardımı göstərim, əsərini çap edək. Bizdə isə əksinə, müəllif nəşriyyatların ardınca gedir ki, kitabı çıxsın. Mənsə heç vaxt bu addımı atmaram.
- Yəqin səbəb olur ki, kitaba, mütaliəyə meylli xalq deyilik.
- Bu mənim ən ağrılı mövzumdur. Çox ürəksıxıcı faktdır ki, gənclərimiz kitab oxumur. Deyirlər, hər yerdə elədir. Mən Rusiyaya da, Ukraynaya da gedirəm. Avropanı ümumiyyətlə nəzərdə tutmuram. Orada elə kitab mağazaları var ki, 4-5 mərtəbəli saraya bənzəyir. Bütün bu ölkələrdə gənclər kitab oxuyurlar. Bizdə isə geniş kitab mağazaları yeni-yeni açılır. Məsələn, Moskvada yaxud, Kievdə metroya minirsən, 10 nəfərdən heç olmasa, 5-i kitab oxuyur. Bizdə 10 nəfərdən 9-u telefonla oynayır. Yerdə qalan biri də yanındakının telefonuna baxır, görsün nə yazır.
- Məlum tikinti şirkəti ilə açıq savaşınız mediada çox müzakirə olundu. İstərdim özünüz açıqlayasınız...
- 10 ildir pul verib, mənzil almışam, rəsmi sahibi ola bilmirəm. "Kupça" deyilən sənəd verilmir. Yazırlar ki, mənziliniz həbs altındadır. "Altes" Qrupdan ev alan bütün mənzil sahibləri eyni problemi yaşayır. 10 ildir haqqımı tələb edirəm. Biz gözümüzü açıb, halal-haram söhbəti görmüşük. Adicə qonşu bir divar tikmək istəyəndə, gəlib qapını döyürdü ki, ay qonşu, halallıq ver. 10 ildir mənzilimizi sata bilmirik, kirayə verə bilmirik, hədiyyə edə bilmirik. Heç bir hüququmuz yoxdur. Adi bir müqavilə var əlimizdə. Yəni sabah kim istəsə, gəlib bizə deyə bilər ki, buradan çıxın, "Altes" Qrup müflis oldu. Biz o binalarda yaşayan hüquqsuz insanlarıq. Bu da azmış kimi gəlib mənim damımın üstündə əlavə mərtəbə tikdilər. Mənim eyvanım, şüşələrim batır. Beton qonşunun maşınının üstünə düşür. Bunun əvəzində üzr istəməyin, kompramis axtarmağın yerinə sərt reaksiya verdilər ki, siz kimsiniz?! Tikintini dayandırdıq, indi məndən qisas almaq istəyirlər, amma mən də tərsəm (Gülür).
-Hətta reketlik etdiyiniz də deyildi...
- Şaiə yaydılar ki, Azər Qərib bizdə PR menecer işləmək istəyirdi. Alınmadı deyə, reketlik edir. Sən demə, mən öz maraqlı həyatımı, səyahətlərimi atıb, bu şirkətin çalışanı olmaq istəyirmişəm. O şirkətin ki, 10 ildir tənqid edirəm. Sonra dedilər Azər Qərib ermənidir, blokda siqaret çəkir, komendantı döyüb və s. O boyda şirkətin öz səviyyəsini biruzə verməyi məni sevindirir, heç mənə ehtiyac qalmır. Əfsuslar, bizim ölkədə hələ ki, "Nüfuz puldan üstündür" anlamı öz yerini tam tutmayıb, primitiv düşüncə qalıb gəlir hərdən.
- Bəs belə narahatlıqlar sizi xaricə köçməyə təşviq etmədi? Ümumiyyətlə, köçüb getmək istəmisiniz?
- Hansısa bir şirkətə görə niyə köçməliyəm ki? Ola bilsin 10 ildən sonra bir sakit yerdə, okean sahilində, palmaların kölgəsində bir evdə yaşamaq istəyim. Amma o durumdan da tez bezərəm. Çox adam təəccüblənir getməməyimə. Anam, evim burdadır. Həm də sosial mövqe məsələsi var. Baxmayın da, burada 5-10 nəfər tanıyır, küçədə hörmətlə yanaşır. Orada kim olacam? Heç kim. Bu yaşdan sonra da nə uğur qazana bilərəm qürbətdə? Bəstəkar deyiləm, aktyor deyiləm...
- Azər bəy, təcrübəli səyahətçi kimi yeni başlayanlara məsləhət verin. Nədən başlasınlar?
- Pul yığmaqdan (Gülürük).
- Ən çox hesab tutan ölkələrin adlarını çəkə bilərsiniz?
- Mən bu anlayışla razı deyiləm. İstənilən ölkədə varlı da yaşamaq olar, kasıb da. Gecəsi 5 dollarlıq hosteldə qalıb, ucuz kafelərdə qarnını doyura bilərsən. Əsas məsələ gedib çıxmaqdır. Bunun üçünsə ucuz aviabiletlər əldə etmək lazımdır. Bizim xalqımız da araşdırıb tapmağı sevmir. Hər şeyi son günə saxlayırıq. Məsələn, ingilis bu ildən gələn yay istirahətinin biletini də, qalacağı oteli də kifayət qədər ucuz qiymətə sifariş verir, planlaşdırır. Biz hər şeyi son ana saxlayırıq.
-Sizcə, bu bilgisizliyimizdən qaynaqlanır.
- Yox, qətiyyən. Bu mentalitet məsələsidir. Hər şeyi sonda həll edirik. Əşi, düzələr, əşi, alınar... Xaricdə gənclər internetdən çox yararlanırlar. Hətta tələbələr üçün xüsusi proqramlar var. Həm işləyib, həm də dincəlirlər. Xüsusi endirim kampaniyaları var. Bunları izləmək lazımdır. Biz ofisiant işləməyi özümüzə sığışdırmırıq. Ancaq onlar ailəsi zəngin olsa da, öz pullarını qazanmaqdan utanmırlar.
- Hətta türkiyəlilər belə...
- Çünki onlar daha çox avropalılaşıblar. Axı avropalı olmaq mini ətək, dekolte geyinmək deyil. İnsan beynində Avropa insanı olmağı bacarmalıdır. Milli dəyərləri də unutmamaq şərtilə. Bizdə isə ultravropalılaşmaq istəyənlərlə ultrageridə qalmaq istəyənlərin savaşı gedir. Hələliksə qalib yoxdur.
- Sonda bir pozitiv cümlə deyin, söhbətimizi yekunlaşdıraq.
- Life is beautiful (Həyat gözəldir)

Bu xəbər oxundu
- - -