Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan öhdəlikləri layiqincə yerinə yetirir”

21.06.18, 12:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun Bakıda keçirilən Ombudsmanların XV Beynəlxalq Konfransının iştirakçıları ilə görüşü olub.
Ziyafət Əsgərov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkədə ombudsmanların beynəlxalq konfransının təşkilini təqdir edib. Cari ildə keçirilən XV konfransda müzakirəyə çıxarılan “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunun əhəmiyyətini vurğulayıb.
Vitse-spiker bu cür beynəlxalq miqyaslı tədbirin Azərbaycanda bir neçə əlamətdar hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə üst-üstə düşməsini xüsusi qeyd edib. Eyni zamanda, 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. O, insan haqlarının qorunması sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verilir: “Azərbaycan bu sahədə beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilib. Sonra ölkəmizdə ombudsman institutu təsis edildi, insan hüquqlarının müdafiəsi sahəsində digər qurumlar yaradıldı. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda qadınlara kişilərlə bərabər geniş hüquqlar, o cümlədən seçki hüququ verilmişdi. Hal-hazırda ölkəmizdə “Gender bərabərliyi haqqında” qanun qəbul olunub. Bütün dövlət qurumlarında qadınlar ən yüksək səviyyədə təmsil olunurlar”.
Ziyafət Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu deyib. O bildiirib ki, dövlət bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması, siyasi, sosial, iqtisadi hüquqlarının təminatı baxımından zəruri tədbirlər həyata keçirir: “Lakin beynəlxalq səviyyədə onların haqları qorunmur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hələ 1993-cü ildə BMT tərəfindən 4 qətnamə qəbul olunub, ATƏT, AŞPA, İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq qurumlarda bununla əlaqədar müvafiq qərarlar verilib. Lakin Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur, öz işğalçılıq siyasətini davam etdirir”.
Vitse-spiker xarici ölkələrin ombudsmanlarını Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında səylərini əsirgəməməyə çağırıb.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxışında Ombudsman institutu ilə Milli Məclis arasında əməkdaşlıqdan söhbət açıb.
Konfrans iştirakçıları səmimi görüşə görə minnətdarlıqlarını ifadə ediblər. Azərbaycan xalqının qonaqpərvərliyini və Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər. Qonaqlar ölkələr arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Bu xəbər oxundu
- - -