Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bolqarıstanın Sozopol şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib

21.06.18, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bolqarıstanın ən qədim şəhərlərindən olan Sozopolda “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbir Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileylərinə həsr olunub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş etdirilib, Q.Qarayevin əsərləri səsləndirilib, ölkəmizin tarixi, mədəniyyəti, multikulturalizm ənənələri barədə “Bakı – müasirlik və qədimliyin harmoniyası” mövzusunda fotosərgi və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.
Respublikamızın festivalda iştirakı proqramı çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən Sozopol şəhər kitabxanasına ölkəmiz haqqında kitablar – bolqar dilinə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı”, Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri, dahi Nizaminin fransız dilinə tərcümə edilmiş əsərləri və s. hədiyyə edilib.
Festival çərçivəsində baş tutmuş plenerdə Makedoniya, Rumıniya, Mərakeş, Livan, Belçika, Fransa ilə yanaşı, Azərbaycandan da rəssamlar – Bəhruz Kəngərli və Bəhram Xəlilov iştirak ediblər. Onların plenerdə yaratdığı əsərlər festivalda nümayiş olunub. Bu əsərlərin, həmçinin Sofiya şəhərində sərgilənməsi nəzərdə tutulur.
Gecənin açılışında çıxış edən səfir Nərgiz Qurbanova müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin geniş şəkildə qeyd edildiyini, o cümlədən Bolqarıstanda yerli tərəfdaşlarla birgə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Səfir deyib ki, cari ildə, həmçinin müsəlman dünyasında ilk opera olan “Leyla və Məcnun”un 110, Azərbaycan milli teatrının 145, kinematoqrafiyasının 120, görkəmli bəstəkar Q.Qarayevin 100 illik yubileyləri keçirilir. “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı fotosərgi, Q.Qarayevin əsərlərindən ibarət konsert, Azərbaycan milli mətbəxinin təqdimatı, “Əli və Nino” filminin nümayişi – bütün bu tədbirlərin məqsədi Azərbaycanın dünya mədəniyyəti və incəsənətinə töhfələrini nümayiş etdirməkdir.
Daha sonra N.Qurbanova hər tədbir barədə yığcam məlumat verib. Bildirib ki, fotosərgidə Azərbaycan paytaxtının gözəlliyi, qədim tarixi və mədəni müxtəlifliyi əksini tapıb. İstedadlı bolqar rəssamı və fotoqrafı Tanya Uzunova tərəfindən çəkilmiş fotoşəkillər Bakı və onun ətrafının multikultural mühitini və əsrarəngiz gözəlliklərini əks etdirir.
Q.Qarayevin yaradıcılığına toxunan səfir görkəmli bəstəkarın zəngin musiqi irsinin məhəbbət və mübarizə, sevinc və kədər, xəyal və gerçəkliyi ifadə etdiyini, onun Birinci Beynəlxalq Los-Anceles Musiqi Festivalına Sovet İttifaqının göndərdiyi iki bəstəkardan biri olduğunu diqqətə çatdırıb. Səfir deyib ki, UNESCO Baş Assambleyasının 39-cu sessiyasının qərarı ilə Q.Qarayevin yubileyi 2018-ci il ərzində ayrı-ayrı ölkələrdə qeyd olunur. Gecədə səsləndirilən əsərlərin əlyazmaları Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova tərəfindən müxtəlif arxivlərdən əldə edilərək kitab halında çap edilib. Diplomat Yeni Bolqarıstan Universitetinin professoru, gənc virtuoz pianoçu Ani Linçevanın ifasında təqdim olunacaq həmin musiqi nümunələrinin qonaqların zövqünü oxşayacağına ümidvar olduğunu deyib.
“Əli və Nino” filmi barədə qonaqlara məlumat verən səfir ekran əsərinin sevgi hekayəsi fonunda Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr olunduğunu söyləyib. Filmin, həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə olduğunu vurğulayan səfir ölkəmizin tarixən Şərqlə Qərb arasında müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olduğunu bildirib.
Qeyd edək ki, festival Sozopol şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisə kimi, Bolqarıstanda bu qəbildən olan yeganə tədbirdir. Festivalın Bolqarıstan tərəfindən təşkilatçıları Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Dövlət Arxiv Agentliyi, Bolqarıstan Elmlər Akademiyası, Milli Qalereya və Sozopol İcra Hakimiyyətidir. Tədbirin beynəlxalq təşkilatçıları sırasında Azərbaycan, Belçika, Livan, Mərakeş, Rumıniya, Makedoniya, Fransa, Gürcüstan və İsveçrənin Bolqarıstandakı səfirlikləri yer alır. Festivalın açılışı ilə Sozopolda yay turizm mövsümünün başlandığı elan edilir. Festivalın proqramına sərgi və konsertlər, beynəlxalq elmi seminar, beynəlxalq plener, milli mətbəxlərin dequstasiyası daxildir.

Bu xəbər oxundu
- - -