Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa və Amerikada yaşayan Güney Azərbaycanlıların diasporunun fəaliyyətində ana dili məsələsi

22.06.18, 7:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

İnternet, həmçinin dil sferasında assimilyasiyanın ən təsirli, təhsil sistemi ilə müqayisə edilə biləcək, bəlkə də ondan daha təsirli vasitədir. İnternet resursları təhsildən sonrakı dövrdə assimilyasiyanı davam etdirən, genişləndirən, gücləndirən bir vasitəyə çevrilib. İnternet ictimai, siyasi, iqtisadi mədəni, məişət və bütün digər sferaların universal əlaqə, bilik, məlumat vasitəsi və mənbəyi olduğundan onun təsiri qat-qat artıqdır. İranda əksər mərkəzi, regional, yerli internet resurslarının fars dilində olması onun assimilyasiya gücünü qat-qat artırır. Nəinki İranda, eləcə də Güney Azərbaycanda Azərbaycan dilində internet resursların azlığı, olanların da rejimə xidmət etməsi ana dilinin ictimai həyatın ən “milli” sahələrindən belə uzaqlaşdırılmasına şərait yaradır, xaricdə təşkil olunmuş internet saytlarının Azərbaycan dilinin hüquqları və funksiyalarını genişləndirmək səyini auditoriyasının məhdudluğu səbəbindən asanlıqla neytrallaşdırır. İranda medianın, o cümlədən internetin dövlət nəzarəti altında olması Azərbaycan dilində saytların yaradılmasını çətinləşdirsə də qeyri-mümkün etmir. Ona görə Azərbaycan dilində fəaliyyət göstərən internet resurslarının yaradılması birinci dərəcəli əhəmiyyət daşıyır. Azərbaycan türkcəsində internet resurslarının çoxluğu Azərbaycan dili uğrunda mübarizənin ön cəbhəsidir və onun mövcudluğunun təminatçılarından biridir.
Azərbaycan mühacirətinin tarixi çox qədimdir. Azərbaycanlıların öz tarixi vətənlərindən (burada söhbət həm Quzey, həm də Güney Azərbaycandan gedir) hicrət tarixinin başlanğıcı ilə bağlı konkret nə isə demək mümkün deyil. Bu proses həmişə baş verib. Çünki mühacirət hər bir xalqın tarixində yaşanan davamlı, arasıkəsilməz bir sosial hərəkatdır. Mühacirətdə nümayəndəsi və ya icması olmayan heç bir böyük xalq yoxdur. Azərbaycan diasporunun təşəkkül tapıb sosial bir faktor, ayrıca qüvvə kimi meydana çıxması hər zaman baş verib.
Məsələyə “diaspor” məfhumunun hazırda daha çox ictimai funksionallıq və milli şüurun inkişafı kontekstində əsas götürülən müasir anlamı baxımından və konkret olaraq Güney Azərbaycan hüdudları çərçivəsində yanaşdıqda isə onu söyləmək olar ki, güney azərbaycanlıların dünya ölkələrinə nəzərəçarpacaq sayda və kütləvi şəkildə yayılması əsasən son 100 ilin hadisəsidir. Başqa sözlə, xaricdəki Güney Azərbaycan diasporunun təşəkkül tarixi böyük nisbətdə XX əsrin əvvəllərindən etibarən hesablanmalıdır. Amma burada belə bir məqamı bir daha xüsusi vurğulamaq lazımdır ki, bu təsnifat şərti xarakter daşıyır. Söhbət azərbaycanlıların epizodik mühacirət aktlarından, onların yaşadıqları ölkələrdə hətta çox məhdud tərkibdə icmalaşmasından gedirsə, bu tarix daha böyükdür. Amma bizim tədqiqatımız konkret tarixi dövrü (XX əsrin 70-ci illərindən çağdaş dövrə qədərki müddət) əhatə etdiyindən qaldırılan məsələyə qısaca nəzər salacağıq.
Azərbaycan mühacirətinin tarixi spesifik tarixdir və o, heç bir xalqın mühacirəti ilə müqayisə oluna bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan mühacirəti XIX əsrdə iki yerə parçalanan, iki ayrı və çox fərqli imperiyanın zülmü altında, çox fərqli siyasi sistemlərin və ideologiyaların təsirinə məruz qalan, son 200 ildə gərgin ictimai-siyasi kataklizmlərin, sosial-mədəni təbəddülatların, çoxsaylı inqilab və çevrilişlərin episentrində olan bir xalqın mühacirətidir. Doğrudur, bu gün dünyada parçalanmış xalqlar və onların diasporu az da olsa var. Amma hazırda Quzey Amerikadakı və Uzaq Şərqdəki çoxsaylı Çin diasporu ilə Azərbaycan diasporu arasında ciddi fərqlər var. Bu fərqi şərtləndirən ən böyük amil ana dili və milli mədəniyyətin daşıyıcısı və ifadəçisi olmaq problemidir. Ancaq Çin dili və ya mədəniyyəti nə Çin, nə də Tayvan mənşəli çinli üçün yad və anlaşılmaz deyil. Ona görə də, tutaq ki, ABŞ-dakı çinli icmasının klassik anlamda diaspor kimi formalaşması və təşkilatlanması prosesi çox rəvan getmişdir. Belə ki, bu ölkədə hətta çinli mühacirlərin kompakt halda yaşadığı, öz dilində orta təhsil aldığı, TV və qəzetlər aça bildiyi əlahiddə şəhərciklər (şəhərlər içindəki bu cür qapalı şəhərciklərə “çayna- taunlar” deyilir) var. Buna görə də burada köhnə və yeni nəsil mühacirlər, yaxud üçüncü nəsildən olan emiqrantlar problemi yaşanmır. Bu isə həmin icmanın milli şüuru və milli mənlik amilləri zəminində yaxınlaşmasını daha da sürətləndirən amildir.
Azərbaycan diasporunun özünün çox spesifik bir sosial orqanizm olduğunu anlamaq üçün gətirdiyimiz bu nümunədən çıxış edərək söyləyə bilərik ki, burada çoxsaylı obyektiv problemlər var. Onlardan ən başlıcası budur ki, hazırkı Azərbaycan diasporu üç fərqli siyasi və dövlət sisteminə, fərqli sosial-mədəni inkişaf səviyyəsinə, sosial tərbiyəyə, davranışa və təcrübələrə, fərqli icti¬mai baxışlara malik iki müxtəlif ölkədən - İrandan Güney (Azərbay¬can) və SSRİ-dən (Quzey Azərbaycan, 1991-ci ildən sonra isə müstəqil Azərbaycan Respublikası) çıxmış azərbaycanlı müha¬cirlər ordusundan təşəkkül tapıb. Bu fərqlər özünü azərbay¬canlıların milli konsolidasiyası prosesində mütləq göstərir. Özü də təəssüf ki, çox vaxt neqativ planda göstərir.
Mövzudan kənara çıxmamaq şərti ilə qısaca onu deyə bilərik ki, 1991-ci ildən - Azərbaycanın quzeyində müstəqil milli dövlət yaranandan bu günə qədər iki ölkədən çıxmış azərbaycanlıların nümayəndələrinin birləşdiyi heç bir güclü və effektiv diaspor təşkilatı yaranmayıb və ya bu istiqamətdəki azsaylı təşəbbüslər uğursuz olub. Məsələyə XX əsri əhatə edən mühacirətin səbəbləri, dalğaları, sosial şərtləri prizmasından yanaşdıqda cənubi azərbaycanlıların mühacirətində üç əsas dövrün olduğu aydın görünür:
1) XX əsrin 20-40-cı illərindəki dalğa;
2) II Dünya müharibəsindən sonra başlayıb 1979-cu il İran İslam inqilabına qədər davam edən dalğa;
3) inqilabdan sonrakı dalğa.
Bu köç dalğalarının hər birinin özünəməxsus səbəbləri, ictimai motivləri və sosial təbiəti var. Birinci mərhələdə güneylilər ikinci vətən kimi əsasən Avropa ölkələrini seçirdilər. Bəhs olunan dövrdə onların Amerika ölkələrinə (əsasən ABŞ və Kanadaya) kütləvi axını cüzi istisnalarla müşahidə edilməyib. Bu dövrü səciyyələndirən ən qabarıq cəhət həmin dalğada siyasi mühacirlərin olmama¬sı, yaxud yox dərəcəsində olmasıdır. Bu mərhələdə mühacirəti daha çox şərtləndirən amil iqtisadi, qismən də sosial xarakterli idi. Başqa sözlə, bu mərhələdə daha çox tacirlər, iş adamları və qismən də təhsil almaq üçün Avropa ölkələrinə (ən çox da Almaniya, Fransa və Belçikaya) gedən gənclər mühacirət etmişdi. O dövrdə Güney Azərbaycandan mühacirət edənlərin çoxu elitanın nüma¬yəndələri idi. Ölkədən kapitalı və ailəsi ilə birgə köçən Güney Azərbaycan biznes dairələrinin nümayəndələrinin Avropaya axını 30-cu illərdə daha güclü idi. Burada o zamankı beynəlxalq vəziyyətin də müstəsna rolu vardı. Belə ki, faşist Almaniyası ilə İranın münasibətləri çox isti olduğundan bu ölkə iranlı iş adamla¬rının mühacirətini açıq-aşkar təşviq edir, onlara burada işləmək, təhsil almaq və naturallaşmaq üçün maksimum yaxşı şərait yaradırdı. İş o yerə çatmışdı ki, 30-cu illərdə təkcə Almaniyada deyil, Avropanın digər iri şəhərlərində də Güney Azərbaycan mənşəli tacirlər zümrəsi yaranmışdı. Onların əksəriyyəti sonradan bir daha geri qayıtmadı. Bu dalğada köçənlərin törəmələri hətta bu gün də Avropada yaşamaqdadır. Eyni sözləri 20-30-cu illərdə Avropaya təhsil almaq məqsədilə gedib bir daha geri dönməyən cənublular haqqında da söyləmək olar.
II Dünya müharibəsindən sonra başlayıb 1979-cu il İran İslam inqilabına qədər davam edən ikinci mühacirət dalğası birinci ilə müqayisədə həm say, həm də sosial tərkib nöqteyi-nəzərindən xeyli əhatəli idi. Bu mühacir kütləsinin strukturunda həm kəmiyyət, həm keyfiyyət baxımından ciddi dəyişikliklər nəzərə çarpır. Əvvəla, bu dalğa daha çox sayda insanı əhatə edirdi. İkincisi, Güney Azərbaycan cəmiyyətinin az qala bütün sosial təbəqələrinin nümayəndələri bu axına qoşulmaq imkanı qazanmışdı. Birinci mərhələdə yalnız yuxarı təbəqənin, daha varlı adamların, xüsusilə də orta təbəqələrin mühacirəti izlənirdisə, ikinci dövrdə hətta kənd yerlərindən olanlar da, orta və kasıb təbəqələrin təmsilçiləri də mühacirətə getməyə başlamışdı.
Üçüncüsü, bu dövrdə mühacirətin coğrafiyası da genişlənmişdi. Şah hökumətinin ABŞ-la strateji tərəfdaşlıq siyasəti yürütməsi azərbaycanlıların İran mühacirətinin tərkibində ABŞ və Kanadaya gedən yolunu da açmışdı. Dördüncüsü, bu mərhələdə mühacirəti şərtləndirən səbəblərin siyahısı yetərincə genişlənmişdi. Başqa sözlə, 50-70-ci illərdə xaricə mühacirət edən cənublu azərbaycanlılar ölkədən həm iqtisadi (iş qurmaq, sərmayə yatırmaq), həm sosial (əsasən təhsil almaq, hətta evlilik səbəbi ilə), həm də siyasi (60-ci illərdəki “ağ inqilab” repressiyalarından qaçaraq) səbəblərdən gedirdilər. Bu dövr azərbaycanlıların mühacirətinin ən intensiv mərhələlərindən sayılır.
Güney azərbaycanlıların mühacirətinin üçüncü dalğası isə 1979-cu il İran İslam inqilabından sonra başlayıb və bu günə qədər davam edir. Bu mərhələ cənubluların siyasi mühacirətinin ən yüksək zirvəsini təşkil edir. Həmin dalğa sosial tərkibinə görə çox rəngarəngdir. Bura gənclər, orta və yaşlı nəslin nümayəndələri, şəhərlilər, kəndlilər, təhsillilər, təhsilsizlər, ətalətli kütlə, siyasi cəhətdən fəal olanlar, siyasi mübarizəni uduzaraq hakimiyyətə gələ bilməyən sol fikirli inqilabçılar və islahatçılar, hakimiyyəti əlində saxlaya bilməyən iqtidar yönümlü və şahçı-mühafizəkarlar daxildir. Bu mərhələnin ən xarakterik xüsusiyyəti siyasi motivin aparıcı və daha qabarıq olması, passionar qüvvələrin çoxluğudur. Mühacirətin əsas səbəbləri çoxmillətli ölkə olan İran¬da insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, millətlər arasında ayrı-seçkilik siyasəti, siyasi, mədəni fəaliyyətin demək olar ki, qadağan edilməsi, iqtisadi böhran, işsizlik və təhsil imkanlarının məhdudluğu idi. Bu zaman bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır ki, İranı tərk edib yaşamaq və ya işləmək üçün xaricə üz tutanlar arasında təkcə azərbaycanlılar, ərəblər, bəluclar yox, farslar da var. Digər qruplardan fərqli olaraq sonuncular milli haqları uğrunda yox, İranda sadəcə hakimiyyət dəyişikliyi uğrunda mübarizə aparırdılar və əksəriyyəti hətta sonradan şahçılara və respublikaçılara qoşulurdu.
Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -