Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Lavrovun sözlərindən belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq üçün idi”

22.06.18, 10:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Bəs həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu?”

“Bütün üzv dövlətlər tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə əməl olunması zəruridir”. Bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında artıq 25 ildir Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması haqqında suala cavab verərkən söyləyib. Baş katib BMT-nin bütün üzv dövlətlərinin təşkilatın Təhlükəsizlik Şurasının qərarlarına hörmətlə yanaşmasının zəruriliyini vurğulayıb. Həmin suala cavab verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib: “Sözügedən qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib. Onlar bir çox hallarda, o cümlədən bizim ölkəmiz tərəfindən atılan addımlarla yanaşı, qan tökülməsinin qarşısının alınması, vəziyyətin siyasi dialoq müstəvisinə keçirilməsinə imkan yaratdı. Nəticədə, istisnasız olaraq bütün tərəflərin razılığı ilə ATƏT-in Minsk qrupu yaradıldı və bu çərçivədə qalan bütün məsələlərin, o cümlədən ərazilərin azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə problemin siyasi həllinə nail olunması qərara alındı. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar və Fransa ilə birlikdə bununla məşğuldur. Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üzərində işləyirik. Bu prosesin başa çatması üçün münaqişə tərəfləri arasında konsensus olmalıdır. Əminəm ki, bu istiqamətdə irəliləyən kimi münaqişənin nizama salınması daha yaxın olacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, BMT-nin baş katibi Antonio Quterrişin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə keçirdikləri mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin niyə yerinə yetirilmədiyi sualına verdikləri cavablarda sətiraltı ifadələrini aydınlaşdırmağa çalışdım: “BMT-nin baş katibi suala sanki konkret cavab verib. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir". Ancaq bu cavabda da qüsur var. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət yox, yerinə yetirməlidirlər, yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir. Sergey Lavrov isə verilən suala ikibaşlı cavab verib. Birincisi, o deyib ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Necə işlədiyini 20 ildən çoxdur görürük. Cavabın sonrakı hissəsi daha maraqlıdır: “Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni bir kəlmə də qətnamələrin məğzinə toxunulmayıb. Lavrovun sözlərindən belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Bəs həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu? Sonra da şikayət edirik ki, Ermənistan niyə BMT-nin 4 qətnaməsini yerinə yetirmir? Yerinə yetirməz də. Qətnaməni qəbul edən təşkilatın və qətnaməyə səs verən əsas ölkənin təmsilçiləri qətnaməni yerinə yetirməyən ölkənin adını çəkmədikləri bir yana, qətnamənin yerinə yetirilməsini də vacib saymırlar”.
Danışıqlar prosesinin ürəkaçan olmadığı bir vəziyyətdə Nikol Paşinyanın Qarabağa ikinci dəfə də səfər etməsi vəziyyəti daha da qəlizləşdirir. Politoloq Qabil Hüseynli deyib ki, Paşinyanın Dağlıq Qarabağa ikinci səfəri, faktiki olaraq, beynəlxalq hüquq normalarına zidd olan bir hərəkətdir. Onun sözlərinə görə, Paşinyan hansı məqsədi güdürsə-güdsün, bu işğal edilmiş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərdir: “Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, bu, Azərbaycanı müharibəyə çağırış xarakteri daşıyır. Çünki Paşinyan əgər sülh prosesinə sadiq olsaydı, belə qıcıqlandırıcı səfərlər etməzdi. Həmin səfərlər isə Ermənistanın güclənən Azərbaycan Ordusu qarşısında ciddi narahatçılıq keçirməsi ilə sıx bağlıdır. Bu baxımdan, Ermənistanın Dağlıq Qarabağdakı qoşun kontingentindən bir növ xəbərdar olmaq və orada olan boşluqları doldurmaq üçün edilən səfərdir. Paşinyan ordumuzun Naxçıvan bölgəsində apardığı uğurlu əməliyyatdan ciddi sürətdə narahat olduğunu bir daha nümayiş etdirdi".
Bütün bu proseslər müharibə ehtimalını artırır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib ki, əgər Ermənistan sülhdən danişırsa, ilk növbədə öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Bundan sonra regionda sülh və təhlükəsizlik təmin oluna bilər". E.Məmmədyarov bildirib ki, bir neçə il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölqəsinin erməni və azərbaycanlı icmalar arasında təmaslar olub və bununla bağlı layihələr həyata keçirilib: "Azərbaycan bu qəlbdən olan təmasları dəstəkləyir".
Azərbaycan ordusunun daim təlimlər keçirməsi ekspertlər tərəfindən müharibəyə hazırlıq kimi qiymətləndirilir. Polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, müharibə bitməyib: “Sadəcə atəşkəs rejimidir. Atəşkəs rejimi isə müharibənin olmaması demək deyil”. O bildirib ki, sülh yolu ilə Qarabağ münaqişəsi öz həllini tapmasa, Azərbaycan əldə olan bütün imkanlardan istifadə edərək öz torpaqlarını geri qaytaracaq: “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin qurulmasına izn verməyəcək. Bu birinci növbədə Azərbaycan ordusu üçün bir tapşırıqdır. Ordumuz hər zaman Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olmalıdır”. Polkovnik vurğulayıb ki, Azərbaycan ordusunun Ali Baş Komandan tərəfindən təsdiqlənmiş döyüş hazırlığı planları var: “Hərb planına uyğun olaraq, hər il Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər həyata keçirir. Ən sonuncu təlimlər artilleriya hissələri tərəfindən həyata keçirildi. Təlimlər ilk növbədə döyüş hazırlığının yüksəldilməsi üçün keçirilir. Müharibə onsuz da davam edir. Aktiv anti-terror əməliyyatları formasında, əks-hücum əməliyyatı fonunda Azərbaycan öz torpaqlarını azad etməyə hər an başlaya bilər. Bunun üçün Azərbaycan Silahlı Qüvvələri hər zaman hazır olmalıdır. Ordumuz yeni texnika, silah-sursatla təmin olunur”.
Polkovnik qeyd edib ki, Azərbaycanın yeni aldığı hərbi texnikalar şəxsi heyətin minimum itkilərlə məqsədə nail olmasına və işğalçı qüvvələrə maksimum şəkildə zərbə vuraraq, darmadağın etməyə hədəflənib: “Prezident çıxışında da demişdi ki, əgər Azərbaycan və Ermənistanı münaqişənin həllində tək qoysalar, Azərbaycan qısa bir zamanda əldə olan imkanları ilə işğalçı qüvvələri darmadağın edərək, ərazi bütövlüyünü bərpa edəcək”.
Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələri təlimlər həyata keçirir.
Erməni işğalçılarına daim siyasi həbi dəstək verən Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın isə Ermənistanla münasibətləri korlana bilər.
Onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 11-12 iyulda Brüsseldə keçiriləcək NATO sammitində iştirak etməyə hazırlaşır.
Bu barədə “Haykakan Jamanak”a Paşinyan hökumətindəki mənbə məlumat verib. "Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün olduqca vacibdir. Baxmayaraq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, respublikamızın təhlükəsizliyinin təmin olunması məsələsində rəsmi İrəvan NATO-ya tərəfdaş təşkilat və etibarlı müttəfiq gözü ilə baxır", – deyə Ermənistan hökumətinin rəsmisi bildirib.
Qeyd edək ki, bundan əvvəlki çıxışlarında və Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Paşinyan Ermənistanın xarici siyasət kursunu dəyişməyə hazırlaşmadığını bəyan etmişdi. Lakin “Haykakan Jamanak” yazır ki, NATO-nun dövlət başçıları səviyyəsindəki sammitinə qatılmaq Paşinyanın yalan söylədiyini üzə çıxaracaq və bu,Moskvaya xəyanətdir. Həmçinin, KTMT-yə rəğmən Ermənistanın təhlükəsizlik məsələsində başqa "müttəfiq" axtarması Rusiya ilə münasibətlərdə qaranlıq məqamların olduğunu göstərir.

Əli

Bu xəbər oxundu
- - -