Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğanın şansı yüksəkdir

22.06.18, 10:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qardaş ölkə Türkiyə iyunun 24-də yeni prezidentini seçməyə hazırlaşır. Hazırda ölkənin siyasi gündəmini məşğul edən əsas məsələ də məhz eyni gündə keçiriləcək prezident və parlament seçkiləridir. Qeyd edək ki, bu seçkilər iqtidar və müxalifət üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək. Ötən il ölkənin prezidentlik idarə sisteminə keçirilməsi ilə bağlı konstitusiyaya dəyişikləri üzrə referendumda prezident Rəcəb Tayyip Ərdoğan az fərqlə qalib gəlmişdi. Bəs bu seçki prosesində Ərdoğan yenidən qalib gələ biləcəkmi sualı ilə bir neçə siyasiyə müraciət etdik.
ALDP sədri Fuad Əliyev qəzetimizə açıqlamasında bildirib ki, prezidentlik uğrunda AKP lideri Rəcəb Tayyib Ərdoğan, CHP-nin namizədi Məhərrəm İncə, İYİ Partiyası başqanı Maral Akşənər, HDP-nin lideri Səlahəddin Dəmirdaş, Səadət Partiyasının başqanı Təməl Qaramollaoğlu və Vətən Partiyasının başqanı Doğu Perinçək mübarizə aparacaq. Seçkinin birinci turunun asan keçməyəcəyi aydındır. Ancaq Ərdoğanın reytinqinin digər namizədlərə nisbətən yüksək olduğu və hələ də xalq qarsında nüfuzunu saxlaması onu deməyə əsas verir ki, əgər seçki ikinci tura qalarsa, o zaman Ərdoğan qalib çıxacaq: “Çünki Türkiyənin ətrafındakı geo-siyasi fon həddindən artıq gərgindir. Rəsmi Ankaranın balanslaşdırılan Yaxın Şərq siyasəti, qonşularla münasibətləri, dünya siyasətindən baş çıxarmaq, üstəgəl daxili vəziyyəti nəzarətdə saxlamaq, sərhədlərini və ərazi bütövlüyünü qorumaq heç kimə asan gəlməsin. Ərdoğan kifayət qədər güclü və idarəetmə təcrübəsinə malik olduğundan bu işlərin öhdəsindən gələ bilir. Bundan başqa, AKP – MHP koalisiyasının Türkiyədə kifayət qədər nüfuzu var. Bu nüfuz Ərdoğanın qalib gəlmə şansının çox yüksək olduğu deməkdir. Onu da unutmayaq ki, Ərdoğanın maddi , o cümlədən media imkanları hədsiz genişdir. Açığı, cəmiyyətdə də onun dəstəyi böyükdür və bu, artan sürətlə davam edir. Türk xalqı onun daxili və xarici siyasətini, uzaqgörənliyini, liderliyini dəyərləndirib. Odur ki, hər iki turda Ərdoğanın qələbəsi gözləniləndir”.
Politoloq Vasif Əfəndinin fikrincə isə, Türkiyədə keçirilən prezident seçkiləri həqiqətən də dünya üçün örnək olan bir demokratiya nümunəsidir. Seçki prosesi, mitinqlərin kütləviliyi və xalqın seçimlərə xüsusi önəm verməsi çox təqdirəlayiqdir. Hazırda dünyanın heç bir yerində seçkilərə bu qədər önəm verən ikinci xalq tanımıram. Türk xalqının bu çabalarının boşa getməməsini , özünə layiqli dövlət başqanı və parlament seçməsini arzu edirəm. Hazırda əsasən iki siyasi qüvvənin - AKP və CHP-nin seçim qarşıdurması və şiddətli mübarizəsi gedir. Azərbaycan olaraq bizim borcumuz türk xalqının seçiminə hörmətlə yanaşmaqdır: “Prtezident seçkilərində görünən odur ki, ikinci tur qaçılmazdır. İkinci tura cənab Ərdoğanla Məhərrəm İncənin çıxacağı da şübhəsizdir. Son nəticə isə əslində birinci turda namizədlərin nə qədər səs almasından çox asılıdır. Sayın Ərdoğan 45 %-üstündə səs ala biləcəksə ,seçkini qazanacağı ehtimalı böyüdkür. Lakin parlament seçkilkərində üstünlüyün birləşmiş müxalifətdə olacağı gözlənilir. 24 mayda türk xalqına başarılar diləyirəm”.
Türkiyə üzrə siyasi ekspert Ruslan Bəşirli seçkilərdə Rəcəb Tayyib Ərdoğan və AK Partiyanın qalib gələcəyini düşündüyünü bildirib: “Ərdoğanın bu seçkilərdə qalibiyyəti Türkiyə və bölgə üçün çox vacibdir. Türkiyə məhz Ərdoğanın və Ak Partiyanın dönəmində istikrara, iqtisadi yüksəlişə, siyasi azadlıqlara nail olub. Terror təşkilatlarına qarşı çox böyük əməliyyatlar aparılıb. İstər Əl-Bab , istərsə də Afrin əməliyyatı Türkiyənin güclü bir prezident tərəfindən idarə olunduğunu ortaya qoydu. Artıq ABŞ və Rusiya kimi böyük güclər də Ankara ilə hesablaşmaq məcburiyyətindədir. Türkiyə Tayyib Ərdoğanın dövründə öz Osmanlı keçmişini ortaya qoydu, məzlumların yardımçısı oldu. Ak Partiya dönəmində Türkiyə öz silahını , İHA-lar, tank , helikopterini istehsal etdi. Türkiyə artıq bağımsız bir politika ortaya qoydu. Xalq bunları görür və xalqın teror təşkilatı PKK-nın siyasi qanadı HDP ilə iç-içə olanlara deyil, terrora qarşı mücadilə edən Ərdoğana səs verəcəyini düşünürəm”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə Türkiyədə 24 iyun növbədənkənar seçkilərdə hakim partiyanın reytinqi kifayət qədər yüksək olduğunu deyib: “16 il ərzində ölkənin iqtisadi vəziyyəti xeyli inkişaf edib. Xarici və daxili siyasətdə uğurlu siyasətə imza atılıb. Prezident Ərdoğanın Türkiyəni beynəlxalq və regional oyunçuya çevirməsi, Suriya və İraqda terrorizmə qarşı uğurlu hərbi əməliyyatlar Ərdoğanın apardığı uğurlu siyasətin tərkib hissəsidir. Məhz Suriyada Afrin əməliyyatı, İraqda, Qəndildə PKK-ya qarşı əməliyyatlar bu terror təşkilatına son 30 ildə ən ağır zərbə vurulur. Bu gün Türkiyə demək olar ki, bütün sahələrdə uğurlara imza atıb. FETÖ-nun sıradan çıxarılması, demokratiyamın inkişafı və Azərbaycanla yüksək səviyyədə qardaşlıq bağlarının möhkəmləndirilməsi bugünki iqtidarın siyasətinin bariz nümunəsidir. 24 iyunda türk xalqının növbəti seçimi və bu uğurlu islahatlar üçün məhz Ərdoğana səs verəcəyi şübhədizdir”.

Bu xəbər oxundu
- - -