Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qadının cəmiyyətin həyatında rolu daha yüksəkdir

25.06.18, 6:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir.
İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında biloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirib. XX əsrin sonunda “Gender” anlayışı formalaşıb ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.
Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul edib və onlara qoşulub.
2006-cı ildə əlavə olaraq Gender Bərabərliyi haqqında yeni qanun qəbul olunub.
Azərbaycan Konstitusiyasına görə ölkədə yaşayan bütün vətəndaşlar cinsinə, dilinə, dininə, irqinə görə bərabər hüquqa malikdir.
İnsanların, cəmiyyətin yenidən qurulmasından gözlədikləri müsbət cəhətlərdən biri də, hər bir insanın öz müqəddaratını özünün müəyyən edə bilməsi, imkanlarının genişlənməsidir. Bütün məsuliyyəti öz üzərinə götürə bilən, bu və ya başqa seçimi etməyi və qarşıya qoyulmuş məqsədlərə çatmağı bacaran şəxsiyyətin roluna bu yeni yanaşma, insan fəaliyyətinin bütün sahələrini əhatə edir. Deyilənlər qadınlara da bütünlüklə aiddir. Qadınlar iqtisadiyyatda, cəmiyyətdə, nəhayət, dəyişikliklər prosesinin özündə mühüm rol oynayırlar. Onlar haqqı ödənilən və ödənilməyən əməklə məşğul olaraq, iqtisadiyyatda fəal iştirak edir, siyasi həyat və şəxsi təşəbbüs sahəsində əhəmiyyətli xidmət göstərirlər. Qadınlar uşaqların xoşbəxtliyinin təmin olunmasında həlledici, ailədə və cəmiyyətdə, xüsusən keçid dövrünü yaşayan ölkələrin gələcəyinin təmin olunması üçün inkişaf etdirilməsi zəruri olan sahələrdə əsas rol oynayırlar. Azərbaycan da bu ölkələr sırasına daxildir.
Bəs Azərbaycanda Gender bərabərliyinin vəziyyəti, gender qanununa riayət olunması hansı səviyyədədir?
Qeyd edək ki, ictimai həyatın mühüm yönlərindən olan gender probleminin doğurduğu mənafe toqquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdır. Bu səbəbdən də problemi Azərbaycan cəmiyyətində baş verən proseslərdən təcrid olunmuş şəkildə təhlil etmək mümkün deyildir. Azərbaycanda yaşayan qadınlar özünün xüsusi maraqları olan əlahiddə qrup olmayıb, sadəcə bütün əhalinin yarısını təşkil edirlər və onların konkret problemlərinin, fundamental, sosial əhəmiyyəti vardır.
Cəmiyyətin yenidən qurulmasına cəhd edən qadın bütün məsuliyyəti ilə hər cür ağır yükün altına girir. Kişilərlə bərabər istehsalatda, sənayedə, kənd təsərrüfatında və əmək sərf olunan digər bütün sahələrdə çalışa bilirsə, qarşı cinsin edə bilmədiyi, işdən sonrakı ev-ailə və məişət qayğılarını da çəkirsə onun yeni, daha mükəmməl , qadına dəyər verilən inkişaf etmiş cəmiyyət arzulaması niyə də qəbul olunmasın?
İctimai həyatın mühüm cəhətlərindən biri olan Gender probleminin yaranması mənafe toquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdırsa onu ölkədə baş verən siyasi və iqtisadi məsələlərlə də, əlaqələndirmək lazımdır.
Gender problemini bu proseslərdən təcrid edərək təhlil etmək mümkün deyil. Qadınlar Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edir və zərərçəkənlərin də durumunun bu həddə gəlib çıxmasının fundamental və sosial tərəfləri var.
Qadınların gündəlik həyatı da öz növbəsində bütün cəmiyyətin həyatına çox böyük təsir göstərir və onların inkişafı bütövlükdə bəşəriyyətin tərəqqisini səciyyələndirən həssas göstərici kimi çıxış edir. Gender münasibətləri ilə istiqamətlənmə özlüyündə insanların cinslərindən asılı olmayaraq bərabərhüquqlu olmasını müdafiə edir.
Bu bir sirr deyil ki, Konvensiyanın Azərbaycanda həyata keçirilməsi məqsədilə bir sıra böyük problemləri həll etmək lazımdır. Söhbət bərabərliyin təmin olunmasının hüquqi və dövlət mexanizmlərinin adekvatlığından tutmuş qadınların roluna və onların əsas hüquqlarının pozulmasına aid olan davranış modelləri, mədəni və b. təsəvvürlərin xarakterinə qədər məsələləri əhatə edən problemlərin geniş dairəsindən gedir. Qadınların əsas hüquqlarına gəlincə, qadınlara qarşı ayrı-seçkiliyə «qadınların ailə vəziyyətindən asılı olmayaraq, onların siyasi, iqtisadi, sosial, mədəni, vətəndaş və istənilən başqa sahədəki insan hüquqları və əsas azadlıqlarından kişilərlə qadınların bərabərhüquqluluğu əsasında istifadə etməsini və ya onları həyata keçirməsini cinsi əlamətə görə zəiflətməyə yönəlmiş, yaxud onları yox dərəcəsinə endirən istənilən fərqləndirmə, məhrumetmə, yaxud məhdudlaşdırma» (BMT-nin qadınlara qarşı bütün ayrı-seçkilik formalarının ləğvinə dair Konvensiyası) kimi tərif verilir.
Cəmiyyətin iqtisadi, sosial və siyasi inkişafı prosesində qadınların iştirakının səciyyəsi və səviyyəsi onların firavanlığı, həm də şübhəsiz ki, keçid prosesinin özünün uğur qazanması üçün həyati əhəmiyyət kəsb edir. Qadınların yerli səviyyədə siyasi fəaliyyətdə və elmi istehsalat birliklərindəki işlərdə iştirakı, onların siyasi və ictimai həyatda nüfuzlarının artmasına kömək etdiyi kimi, ailə iqtisadiyyatında və kiçik sahibkarlıqda qadınların əməyinin müdafiə olunub qiymətləndirilməsi də öz növbəsində onların iqtisadi sahədə yerinin möhkəmlənməsinə kömək edir. Bu da qadınların bütün cəmiyyətin tərkibində uğurla inkişaf etməsinin parlaq nümunəsi ola bilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iqtisadiyyat və informatika kafedrasının baş müəllimi Lalə Mustafayeva bildirib ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatında baş verən struktur dəyişikliklər qadınların və kişilərin vəziyyətinə müxtəlif cür təsir göstərirlər: “Respublika iqtisadiyyatında qadınların məşğulluq dərəcəsinin nisbətən yüksək olmasına baxmayaraq, son illər onların iqtisadi sahədə azalması meyli yaranıb. Əksər başqa dövlətlərdə olduğu kimi, Azərbayjanda da qadınların sayca çoxluq təşkil etdikləri bir neçə "qadın" peşə sahələri vardır: məsələn, səhiyyə və təhsil, sosial sığorta və pensiya təminatı, incəsənət və mədəniyyət və s. respublikada yaranmış əmək bazarı qadınların müxtəlif kateqoriyaları üçün qeyri-bərabər xarakterizə olunur. Sovetlər dövrü ilə müqayisə etdikdə aydın olur ki hətta qadınlar arasında belə müxtəlif qruplar ayırmaq olar ki, onların bir qismi öz şəxsi keyfiyyətlərinə görə bazar iqtisadiyyatında öz yerini tapır. Əvvəllər öz ixtisasları üzrə işləyən, lakin aldıqları məvacib onları təmin etmədiyinə görə öz peşələri üzrə işləməkdən imtina edən və daha çox gəlir gətirən fəaliyyət növləri ilə məşğul olan qadın qrupları mövcuddur. Bunların bir hissəsi bir neçə fəaliyyət növü ilə məşğul olur. Həm şəhərlərdə, həm də rayon yerlərində qadınlar öz evlərində qida məhsulları hazırlayıb satışa verir, dayəlik, repetitorluq edir. Bəzi qadınlar bunu əlavə gəlir mənbəyi kimi istifadə edir, bəziləri isə öz əsas iş yerlərini buraxıb mənfəət gətirən əməklə məşğul olurlar. Qadınların bir qismi isə, xüsusilə sovetlər dövründə yüksək ixtisaslı mütəxəssis olan qadınlar psixoloji səbəblərdən yeni şəraitə uyğunlaşa bilmir, böyük çətinliklərlə üzləşir və çox vaxt işsiz qalır”.
Azərbaycan Dövlət İqtisad Universtetinin sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Gülmirə Məmmədova qadınların təhsili və peşəkarlığından bəhs edib. O bildirib ki, təhsilin, gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsini təmin edən ən qiymətli vasitələrdən biri olması getdikcə daha çox dərk edilir: “Bütün səviyyələrdə qadın və qızların təhsili və təlimi sahəsində, xüsusən kifayət qədər siyasi və maliyyə vəsaitlərinin təmin oluduğu sahələrdə tərəqqi əldə edilib. Bütün regionlarda yerli icmalarda imkansız və təcrid olunmuş qruplardan olan qadın və qızların təhsil alması üçün alternativ təhsil və sistemləri yaradılmışdır ki, bu da onların təhsilin bütün sahələrdə məşğul olmalarına və təhsil, təlim sistemində gender haqqında mövcud olan mənfi rəyə son qoymalarına təkan verir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin ingilis dili kafedrasının baş müəllimi Ofeliya Qurbanovanın fikrincə, cəmiyyətin malik olduğu əmək resurslarının strukturunun təhlili göstərir ki, bir qayda olaraq əhalinin orta hesabla 50%-ni qadınlar təşkil edir. Lakin, əhalinin strukturunda qadınların xüsusi çəkisinin belə çox olmasına baxmayaraq, onların cəmiyyətin həyatının ayrı-ayrı sahələrində rolu kişilərə nisbətən çox aşağı səviyyədədir: “Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif regionlarında və ölkələrində bu sahədə olan problemlər kəskin fərqliliyi ilə səciyyələnir. Belə ki, inkişaf etmiş ölkələrdə qadının cəmiyyətin həyatında rolu daha yüksəkdir. İnkişaf etməkdə olan və ən yoxsul dünya ölkələrinin müqayisəli təhlili isə göstərir ki, bu sahədə mövcud olan problemlər II qrupda daha kəskin xarakter daşıyır. Azərbaycanda cəmiyyətin qadın problemlərinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, ölkəmizin bu sahədə olan problemləri inkişaf etmiş ölkələrin problemləri ilə oxşardır”.
O.Qurbanova onu da vurğulayıb ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qadının cəmiyyətin həyatında rolunun yüksəldilməsinə ciddi fikir verilir. Bir məsələni də qeyd edək ki, göstərilən problemin həllinin tarixi kökləri vardır: “Belə ki, ölkəmizin tarixində ilk dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən qadının cəmiyyətdə hüquq bərabərliyinin təmin olunması sahəsində ilk qanunlar verilmiş və icra edilib. Ədalət naminə onu da göstərmək lazımdır ki, Sovet idarəçiliyi dövründə ictimai həyatın bütün sahələrində demək olar ki, qadınların hüquq bərabərliyi təmin edilib.
Lakin, sistem transformasiyası və qloballaşan dünyaya inteqrasiya prosesinin formalaşdırdığı məzmunca yeni sosial-iqtisadi situasiya şəraitində qadının cəmiyyətdəki rolu ilə bağlı bir sıra problemlər əhəmiyyətli dərəcədə kəskinləşib. Ona görə də gender bərabərliyi, qadın və dövlət quruculuğu, qadın və siyasət, qadın və ailə və s. , bu qəbildən olan digər problemlərin kompleks şəkildə həll edilməsi dövlətin yeritdiyi ümumsosial və iqtisadi siyasətin başlıca elementlərindən biri kimi çıxış edir”.
Onu da xatırladaq ki, Azərbaycanın bu yaxınlarda qoşulduğu "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyanın tələblərinə uyğun olaraq ölkənin qadın problemləri üzrə Milli Fəaliyyət Planını qəbul edib və həyata keçirməkdədir. Qadın və iqtisadiyyat, qadın və təhsil, qadın və məcburi köçkünlük və s. groblemlər hökümət, ictimai birliklər tərəfindən hərtərəfli araşdırılmalı və onların sistemli şəkildə həllinə nail olunmalıdır. Fikrimizcə, yalnız bu halda sosial-iqtisadi inkişafın dayanıqlılığına cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə və yekun olaraq, sosial ədalətin qərarlaşmasına nail olmaq mümkündür.

Habil Hüseynov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.

Bu xəbər oxundu
- - -