Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney azərbaycanlıların diasporunun meydana gəlməsi və təşkilatlanması

25.06.18, 6:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Dil uğrunda ictimai-siyasi mübarizə problemini Güney Azərbaycan diasporunun fəaliyyətinin əsas hissəsi kimi araşdırdığımız bu tədqiqatın əsas obyekti də əsasən elə bu dalğada mühacirət edənlər və onların ictimai fəaliyyətidir. Qeyd etdiyimiz kimi, bu dalğa mühacirlər arasında siyasi cəhətdən aktiv fərdlərin - cənublu hərəkatçıların üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Güneyli hərəkatçı isə ilk növbədə ana dili və elementar milli hüquqlar uğrunda mübarizə aparan, siyasi cəhətdən hazırlıqlı və təcrübəli, artıq milli özünüdərk mərhələsini keçmiş passionar qüvvə deməkdir. Əsasən bu nəsildən olan Güney Azərbaycan diasporu milli-ictimai fəaliyyətlə məşğul olub.
Azərbaycan diasporunun parçalanmış xalqın mühacirəti əsasında formalaşması özü ilə başqa bir çətinlik də gətirib. Bu da dünyanın hər yerinə səpələnmiş mühacirlərın sayı ilə bağlıdır. Bu gün dünyada nə qədər azərbaycanlının yaşaması, yəni Azərbaycan diasporunun da sayı məsələsi mübahisəlidir. Bunun da obyektiv səbəbi var. Quzey Azərbaycandan çıxan mühacirləri məskunlaş¬dıqları ölkələrdə “rus” və ya “sovet vətəndaşı”, Güney Azərbay¬candan olanları “iranlı”, bəzən hətta “fars”, Türkiyə mənşəliləri isə “türk” kimi qeydə alıblar. Amma burada bir məsələ dəqiqdir ki, hazırkı Azərbaycan diasporunun ən çoxsaylı hissəsini cənublu mühacir azərbaycanlılar təşkil edir. Bu da üç amillə bağlıdır. Birincisi, dünya üzrə ən çox azərbaycanlı İran ərazisində (Güney Azərbaycanda, habelə Tehranda və İranın digər şəhərlərində) yaşayır. Onların ümumi sayının 30 milyondan çox olduğu ehtimal edilir. Məsələyə sadə arifmetik hesablama əsasında yanaşanda da görünür ki, Güney Azərbaycanın xaricə mühacir “ixrac etmək” üçün demoqrafik potensialı daha böyükdür. İkincisi, Güney azərbaycanlıların Avropa və Amerika qitələrinə mühacirət etmək imkanları şimallılardan xeyli əvvəl və daha geniş olub. Üçüncü səbəb İranda, o cümlədən Güney Azərbaycanda baş verən icti¬mai-siyasi və sosial iqtisadi proseslərin spesifikasında və mahiyyətində gizlənir. Bunlar SSRİ (Şimali Azərbaycan) və Türkiyədəki azərbaycanlıların həyatında baş vermiş ictimai-tarixi proseslərdən tamamilə fərqli proseslər idi.
Beləliklə, hazırda Azərbaycan diasporunun, o cümlədən mühacirətə gedən cənublu azərbaycanlıların dəqiq sayı barədə yuxarıda göstərilən səbəblər üzündən konkret söz demək olmur. Diasporun coğrafiyasına gəlincə isə o, kifayət qədər genişdir - ABŞ və Kanadadan, Avstraliya və Yeni Zelandiyadan Hindistana, Avropa ölkələrindən Asiya qitəsinə qədər uzanır.
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr boyunca bir neçə mühacirət dalğası nəticəsində təşəkkül tapmış Güney Azərbaycan diasporunun heç bir diasporda rastlaşmayan spesifik xüsusiyyətləri var. Bu spesifika: a) azərbaycanlı mentalitetilə; b) Vətənin parçalanmış vəziyyətindən yaranan özünəməxsusluqlar; c) Qərb sivilizasiyasına inteqrasiya yolunu seçmiş azərbaycanlıların Qərb-Şərq fərqlərindən törəyən təzadların təsirlərinə məruz qalmaları ilə şərtlənir.
Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların sosial-mədəni oriyentasiyası, milli şüur səviyyəsi və iqtisadi durumu arasında ciddi fərqlər var. Onların yaşadıqları ölkələrin sosial, mədəni və iqtisadi şərtlərinin də göstərdiyi təsir özünü sonda dias¬pora qruplarının ictimai fəaliyyətində bu və ya digər dərəcədə büruzə verir.
Müasir Güney Azərbaycan diasporu yetərincə böyük və mürəkkəb bir etno-siyasi və sosial-mədəni təsisatdır. Burada Həsən Şəriətmədari, Rza Urmulu kimi transmilli iqtisadiyyat təmsilçilərinin, İbrahim Əhrari, Əkbər Behkəlam, Yaqub Zürufçu kimi mədəniyyət və incəsənət xadimlərinin mənsub olduğu sosial təbəqələrdən tutmuş savadsız işçi miqrantlara qədər ən müxtəlif yarımqruplar müvafiq ardıcıllıqla sıralanır. Həm bu sosial qruplaşmanın doğurduğu fərqləri, həm azərbaycanlıların mədəniyyət və təhsil səviyyəsində fərqləri, həm də hazırda yaşadıqları ölkələrin fərqli mühitlərinin təsirini nəzərə alaraq onların təşkilatlanmasını nəzərdən keçirək. Çünki sadalanan amillərin təşkilatlanma prosesinə təsiri əhəmiyyətlidir.
İndiyə qədər belə təsəvvür var idi ki, xaricdə ilk Azərbaycan milli təşkilatları Bakıdakı 1988-ci il meydan hərəkatının təsiri altında yaranıb. Bu, kökündən yanlış fikirdir. Doğrudur, diasporun, o cümlədən cənublu mühacirlərin Quzey Azərbaycandakı ictimai-siyasi durumdan şaquli asılılıq vəziyyətinə düşməsi, bu olayların təsiri altında təşkilatlanması məhz o vaxtdan müşahidə olunur. 20 Yanvar faciəsi və dövlət müstəqilliyinin əldə edilməsi güney azərbaycanlıların milli ideya ətrafında sıx birləşərək təşkilatlanmasına həlledici təkan vermişdi. Amma nəzərə almaq lazımdır ki, Avropada ilk Azərbaycan təşkilatları (özü də sırf milli dil, milli mədəniyyət, milli kimlik şüarları ilə) güneyli mühacirlər tərəfindən Quzey Azərbaycanda başlayan milli-azadlıq hərəkatından xeyli əvvəl - hələ 80-ci illərin əvvəllərində qurulub. Bu prosesin mərkəzi Almaniya idi. Bu da səbəbsiz deyildi. Güney azərbaycanlıların Avropada böyük sayda yaşadığı və Güney Azərbaycan diasporunun milli zəmindəki fəaliyyətinin ən güclü olduğu ölkə Almaniyadır. Burada bir neçə faktorun rolu var. Birincisi artıq vurğuladığımız kəmiyyət (say) amilidir. İkincisi, ənənələr və indiyə qədərki təcrübə amilidir. İran mənşəli mühacirlər bu ölkədə hələ XX əsrin 30-cu illərindən çoxsaylı, fəal və mütəşəkkil olublar. Üçüncüsü parçalanmış ölkə olmaq təcrübəsini yaşamış Almaniya dövlətinin parçalanmış xalqın nümayəndələri olan azərbaycanlıların bu tipli təşəbbüslərinə aşkar-gizli rəğbətlə yanaşması amilidir. İkinci amildən danışsaq deyə bilərik ki, Almaniyada hələ 70-ci illərdə də güneyli mühacirlərin yaratdığı, özü də zahirən sol baxışların çətiri altında, amma sırf milli məzmunda qurduğu Azərbaycan təşkilatları var idi. Bəlli olduğu kimi, Almaniya iranlı tələbələrin təhsil aldığı ölkələr arasında həmişə öndə olub. Şah hökumətinin dəstəkləyib təşviq etdiyi Qərb yönümlü təhsil siyasəti 50-70-ci illərdə İrandan Avropa və ABŞ-a, o cümlədən Almaniyaya, Fransa, Belçika və Böyük Britaniyaya böyük bir tələbə-gənc kütləsinin axışmasına səbəb olmuşdu. Bu kütlədə minlərlə cənublu da var idi. 60-cı illərdə Qərbi Avropanı bürüyən və sosial haqsızlığa, milli zülmə, dini və irqi ayrı-seçkiliyə etirazını ifadə edən solçu tələbə hərəkatı bu cərəyanın içində olan güneyli mühacirlərə təsir etmiş, onların dünyagörüşündə, mütərəqqi ideyalar mənimsənməsində ciddi rol oynamışdı. Beynəlxalq tələbə hərəkatı milli zülmə etiraz edərkən bu hərəkatın sıralarında Afrikaya azadlıq tələb edən, Çexoslovakiya hadisələrini pisləyən cənublu gəncin öz xalqının parçalanmış durumu haqda düşünməməsini zənn etmək sadəlövhlük olardı. Bu tələbə hərəkatında müəyyən təcrübələr toplamış güneyli gənclərin bir çoxu təhsilini başa vurandan sonra geri - İrana qayıtmayaraq Avropada qalmışdılar. Tələbə hərəkatı onları artıq milli məsələyə çox yaxınlaşdırmışdı. Fəaliyyət dairəsi bütün Avropanı əhatə edən İranlı Tələbələr Konfederasiyasının (mərkəzi Almaniyada idi) sıralarında xeyli sayda cənublu mühacir vardı. Onlar bu qurumun çərçivəsində hətta açıq milli tələblərlə çıxış etməyə, milli kimlik, dil azadlığı məsələlərini müzakirələrə çıxarmağa başlamışdılar. 60-70-ci illərdə Almaniyanın Qərbi Berlin, Hamburq, Köln, Han- nover, Maynts universitetlərinin tələbə yataqxanalarında cənublu tələbələrin iştirakı ilə mütəmadi olaraq toplantı, disput və müzakirələr keçirilir, parçalanmış Azərbaycan, Güneydə dil və milli mədəniyyət məsələləri qızğın müzakirə edilirdi. Söz yox ki, belə müzakirələr Güney Azərbaycanın müstəqilliyini tələb etmək çağırışlarına qədər gedib çıxmırdı. Həmin tələbə-gənclik, ümumiyyətlə İranlı Tələbələr Konfederasiyası solçu baxışların daşıyıcısı idi. Güneylilər məhz solçu siyasi baxışlardan çıxış edərək İran daxilində federasiya tərəfdarı kimi çıxış edirdilər, yəni federalistlər idilər. Onlar hər cür açıq antirejim çağırışlardan qaçaraq Güney Azərbaycana İran sərhədləri daxilində yalnız dil və mədəniyyət azadlığı tələb edirdilər. Bu tələblər öncə əsasən güneyli tələbələrin hər həftə yataqxanalarda qurduğu ədəbi-musiqili gecələrdə və disputlarda səslənirdi. Milli haqlar uğrunda mübarizənin bu tipli tədbirlər formasında aparılması həmin mübarizəyə hər hansı siyasi-ideoloji damğa vurulmasına yol verməməyə xidmət edirdi. Amma zaman keçdikcə milli dil və mədəniyyət tələbləri açıq şəkil almağa başladı. İranlı Tələbələr Konfederasiyasının 1976-cı ildə Almaniyada keçirilmiş I konqresində cənublu tələbələrin təkidi ilə Azərbaycan Komitəsi yaradıldı. Komitə Güney Azərbaycanın İran daxilində milli-mədəni muxtariyyəti tələbini irəli sürdü. Bəyan olunurdu ki, İran hakimiyyəti Azərbaycan xalqına öz dilində təhsil almaq və mətbuat və ədəbiyyat yaratmaq imkanı verməlidir. Azərbaycan Komitəsinin qərarı ilə 1976-cı ildən Kölndə Azərbaycan dilində “Səttarxan bayrağı” adlı qəzet nəşr olunmağa başlandı. Qəzet 1979-cu ilə qədər Kölndə, 1979-1980-ci illərdə isə Təbrizdə nəşr edildi. Azərbaycan Komitəsinin yaranması və onun milli-mədəni muxtariyyət tələbini açıq şəkildə qoyması mühacirətdəki güneyli mühacirlərin milli hüquqlar uğurundakı mübarizəsinə yeni təkan verdi. Bunun nəticəsi özünü onların primitiv səviyyədə olsa belə hər halda milli ideya ətrafında təşkilatlanmasının daha da güclənməsində göstərirdi. Bu dövrdə Azərbaycançılıq məfkurəsinin mühacirlərdən ötrü prioritet olduğunu iddia etmək çətindir. Həmin dövrdə siyasi şüur milli şüuru üstələyirdi. Ancaq fakt budur ki, milli məsələ artıq onların fəaliyyətində özünə əhəmiyyətli yer tutmağa başlamışdı.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -