Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğanın qələbəsi, Qərbin təşvişi

25.06.18, 8:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərində qalib olan Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) eyvanından vətəndaşlara xitab edib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, çıxışına "sevimli millətim" ifadəsi ilə başlayan Türkiyə prezidenti hər kəsi salamlayaraq vətəndaşların “dik dur, əyilmə, bu millət səninlə” ifadəsinə qarşılıq olaraq “narahat olmayın, heç bir gücün qarşısında əyilmədik. Sadəcə, Allahın hüzurunda və səcdədə əyildik” deyib.
“Seçki nəticələrinin xeyirli işlərə vəsilə olacağını deyən Ərdoğan bunları deyib: “Bu seçimin qalibi demokratiya, milli iradə, millətimizin özüdür. Bu seçimin qalibi 81 milyon vətəndaşımızın hər bir fərdidir. Türkiyə siyasi tarixinin bu demokratiya mərasimində iştirak edən bütün vətəndaşlara təşəkkür edirəm. Siz tarix yazırsınız. Əsrlər sizi fərqli şəkildə anacaq. İnkişaf etmiş ölkələr daxil olmaqla, dünyanın bir çox yerində seçkilər bu cür keçirilmir. Türk milləti bu seçkidə öz iradəsinə sahib çıxaraq demokratiyaya və onun ayrılmaz hissəsi olan hüquq və azadlıqlara əhəmiyyət verdiyini bir daha göstərmiş oldu. Dünən çevrilişə cəhd edənlərin tanklarını, toplarını, təyyarələrini, vertolyotlarını, silahlarını çılpaq əlləri ilə dayandıran bu millət bu gün eyni əllərlə istiqlalına və istikbalına sahib çıxdı.
Seçkilərdə qalib gələn Ədalət və İnkişaf Partiyasına (AKP) təşəkkürünü bildirən Ərdoğan deyib: “Gecə demədiniz, gündüz demədiniz çalışdınız. Millətimizin seçkidə partiyamıza verdiyi mesajı da aldıq. Önümüzdəki dövrdə millətimizin qarşısına bütün çatışmazlıqları tamamlayaraq çıxacağıq. Bundan əmin olun!”-deyə bildirib.
Partiyanın millət tərəfindən yaradıldığını işarə edən Ərdoğan sözünə davam edib: “Bundan sonra da gözümüz, qulağımız millətimizdə olacaq. Sabahdan etibarən millətimizə vəd etdiklərimizin həyata keçməsi üçün çalışmalara başlayacağıq. Yeni idarəetmə sistemimizlə bağlı hazırlıqlarımızı böyük ölçüdə tamamlaşmışıq. Yəqin ki, bu haqda xəbərdarsınız. Andiçmə mərasiminə qədər işlərə yenidən göz gəzdirəcək, bu işləri daha da kamilləşdirəcəyik. Andiçmə mərasimindən dərhal sonra işlərimizə başlayacağıq. Türkiyənin bir an belə itirməməsi naminə gecə gündüz çalışacağıq”.
Türkiyənin daha bir demokratiya imtahanını bütün dünyaya örnək olacaq şəkildə baş vurduğunu ifadə edən qardaş ölkə başçısı bildirib ki, türk milləti ötən gün seçimini 16 ildə olduğu kimi döyüşə deyil, xidmətə yönəltmiş oldu: "Bizə bu günü nəsib edən Rəbbimizə şükür edirəm. Sizin sevginizə layiq olmaq üçün daha böyük səy göstərəcəyik. Sizin etibarınıza qarşılıq vermək üçün daha çox tər tökəcək, dəstəyinizin haqqını qaytarmaq üçün mübarizə aparacağıq. Seçiminizlə bizə verdiyiniz güclə ölkəmizi 2023 hədəflərinə birgə çatdıracağıq”.
Prezident Ərdoğan seçkidən sonra ilk çıxışında deyib ki, millətimiz özgür iradəsi ilə seçkiyə gedib, səsini verdi. Türkiyə dünyaya demokratiya dərsi verdi. Seçimə qatılan bütün namizədləri demokratik seçki prosesi münasibəti ilə bağlı təbrik edirəm. Ümid edirəm ki, heç kim məğlubiyyətini seçkilərin demokratik keçmədiyini deməklə, ört-basdır etməyə çalışmayacaq.
Ərdoğan həmçinin qeyd edib ki, xalq AKP-MHP birliyinə - Cümhur İttifaqına parlamentdə çoxluq imkanı tanıyıb.
Prezident bildirib ki, seçki öncəsi müzakirələri, iddia və bir-birinə qarşı ittihamları bir tərəfə qoyub, xalqımızın gələcəyi üçün birgə çalışma zamanıdır.
"Türkiyənin hər sahədə irəli getməsi üçün çalışacağıq. Demokratiyanı və iqtisadiyyatı inkişaf etdirəcəyik. Heç kimin haqqını tapdamayacağıq. Millətimizdən aldığımız bu dəstəklə ölkəmizin içində və çölündə xalqımıza qarşı olan terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirərəyik.
Millətimiz bu gün təkcə prezidenti və parlamenti seçmədi, həm də yeni sistemi dəstəklədi. İndi yeni sistemi daha sürətlə yerləşdirəcək, 2023 hədəflərimizi icra edəcəyik", - Ərdoğan vurğulayıb.
Onu da qeyd edək ki, Türkiyədə keçirilən seçki ərəfəsində yanlış xəbər verərək qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla bağlı qarayaxma kampaniyası həyata keçirən Qərb mətbuatı seçkilərin nəticələri açıqlandıqdan sonra məğlubiyyətə uğradı. ABŞ-ın CNN kanalı Türkiyədə səsvermə zamanı namizədlər arasında Ərdoğanın digərlərindən üstün səs topladığını açıqladı.
Fransa mətbuatı olan AFP xəbər agentliyi Türkiyənin ilk dəfə eyni gündə prezident və parlament seçkiləri keçirdiyini vurğulayaraq, namizədlər arasında mübarizədə Ərdoğanın öndə getdiyini açıqladı.
İngiltərənin “Röters” xəbər agentliyi də Ədalət və İnkişaf Partiyasının seçimlərdə üstünlük qazandığını və Rəcəb Tayyib Ərdoğanın səs çoxluğu ilə digərlərindən öndə olduğunu oxucularına çatdırmış oldu.
Fransanın “Le Monde” qəzeti müxalifətin iddialarına baxmayaraq, Türkiyədə səs verənlərin yüksək fəallıq nümayiş etdirərək Türkiyə prezidenti Ərdoğana üstünlük verdiyini yazıb.
Rusiyanın “Rusiya Today” xəbər xidmətinin yayımladığı yazıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rahat şəkildə qələbə qazandığını, Ədalət və İnkişaf Partiyasının (AKP) Ərdoğanla birgə qələbə qazanaraq iqtidarda qalmağı bacardığını qeyd edib.
Yaxın Şərq gündəmini axtaran “Middle East Eye” sistemi Ərdoğanın ən yaxın rəqibindən 20 faiz daha çox səs topladığını yazdı.
Qətərin “Əl Cəzirə” telekanalı Türkiyə Prezidentinin qələbədən sonra Partiyanın binası qarşısında çıxışı zamanı şəkillərini yayaraq, Ərdoğanın seçkidə açıq şəkildə qələbə qazandığını bildirdi.
Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib ki, Türkiyədə yeni dönəm başladı – yeni sistem işə düşür.
O qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası və Rəcəb Tayyib Ərdoğan çox çətin mübarizədən keçdi: “Cümhuriyyət Xalq Partiyası və Məhərrəm İncənin göstərdiyi siyasi mübarizə və dirəniş danılmazdır. Ərdoğan qalib gəldi və 52 faizi keçdi. Milliyyətçi Hərəkat Partiyası bu mübarizədə təəccübləndirdi və çoxdan nəticə göstərməyən bir partiya 11 faiz səs topladı. Bunu MHP-nin uğuru kimi dəyərləndirmək olar. Türkiyə üçün xeyirli olsun”.
Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31 faiz səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Maral Akşenər 7,4, Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 0,9, Vətən Partiyasının sədri Doğu Pərinçək isə 0,2 fazi səs toplayıb.
Deputat mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı” 53,6 faiz səslə qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı seçki bloku isə 34,1 faiz səs toplaya bilib. 10 faizlik bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11,5 faiz səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.
Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə tamamilə prezident üsul-idarəsinə keçib.
Qeyd edək ki, bazar günü keçirilən seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,5 faiz səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Bu xəbər oxundu
- - -