Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır

25.06.18, 14:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev iyunun 25-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı qəbul edib.
Prezident İlham Əliyev Zübair Mahmud Hayatın Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün ölkəmizə gəlməsindən məmnunluğunu ifadə edib və bunu ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib.
Ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini deyən dövlət başçısı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi səbəbindən Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndirib və qeyd edib ki, bu, xalqlarımız arasında qardaşlığı nümayiş etdirir və Azərbaycan xalqı bunu yüksək dəyərləndirir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında sıx siyasi əlaqələr mövcuddur və eyni zamanda, müdafiə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir.
Zübair Mahmud Hayat Pakistan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirakdan məmnunluq hissi keçirdiyini deyib, tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Xalqlarımız arasında sıx əlaqələrin mövcud olduğunu deyən Zübair Mahmud Hayat bu əlaqələrin tarixi və mədəni köklərə əsaslandığını vurğuladı.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər oxundu
- - -