Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney azərbaycanlıların diasporunun meydana gəlməsi və təşkilatlanması

27.06.18, 6:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

70-ci illərin sonlarına doğru Avropada (konkret olaraq Almaniyada, çünki bu ölkə güneyli tələbələrin daha çox və fəal olduğu yer idi) adında “Azərbaycan” sözü olan ilk milli təşkilatlar yarandı. 1977-ci ildə Qərbi Berlində “Azərbaycan ziyalılar cəmiyyəti” təşkil edildi. Bu qurum 1980-ci ilə qədər fəaliyyət göstərib İrandakı inqilabi proseslərin təsiri altında dağıldı. Cəmiyyətin əsas məqsədi dil azadlığı, milli-mədəni haqlar uğrunda mübarizə aparmaq idi. Bu məqsədlər öz əksini təşkilatın 1977-1980-ci illərdə Qərbi Berlində Azərbaycan dilində nəşr etdiyi “Birlik” jurnalının səhifələrində tapmışdı.
Hamburqda təhsil alan güneyli tələbələr də elə həmin 1977-ci ildə paralel olaraq “Mütərəqqi iranlı türk ziyalıları cəmiyyəti” adlı bir qurum yaratmışdılar. Cəmiyyətin Azərbaycan türkcəsində nəşr olunan “Ərk” adlı mətbu orqanı da var idi. Güneyli tələbələrin nəşr etdiyi bu dərgi Güney Azərbaycana milli-mədəni muxtariyyət tələb edir, dil və milli haqlar məsələsini qaldırırdı.
Mühacirətdəki güneylilərin dil uğrunda mübarizəsi təkcə bu təşkilatlar çərçivəsindəki fəaliyyətlərlə də məhdudlaşmırdı. Milli-demokratik təfəkkürün daşıyıcısı olan gənc güneyli mühacirlər Azərbaycan dili və mədəniyyətinin mühacirlər arasında yayılıb təbliğ olunması, onların milli özünüdərki prosesinin güclənməsi üçün ən müxtəlif fəaliyyət üsullarına əl atırdılar. Məsələn, onların bir qrupu güneyliləri milli məsələyə cəlb etmək üçün 1978-1979-cu illərdə Qərbi Berlin Universitetinin yataqxanasında maraqlı bir aksiya təşkil etmişdilər. Mühacirlərin bir qrupu burada Azərbaycan türkcəsində olan ədəbiyyat nümunələrinin satış-sərgisini təşkil etmişdilər. Bunun effekti çox böyük idi. Milli ədəbiyyat və incəsə¬nət nümunələri ilə tanışlıq mühacirlərdə milli özünüdərk hissini stimullaşdırırdı. Bu proses artan xətlə davam edirdi. Artıq əksər güneyli mühacirlər əmin olmağa başlamışdılar ki, Azərbaycan dili problemi hər bir azərbaycanlıdan ötrü ən zəruri məsələlərdən biri və birincisidir.
Almaniyada təhsil alan cənubluların 1977-ci ildə yaratdığı “Ərk” və “Birlik”, “Araz”, “Savalan”, “Nicat”, 1979-cu ildə qurduqları “Yol”, “Milli birlik” kimi təşkilatları əsasən milli məzmunlu fəaliyyətlə məşğul idilər. Bununla belə, onların hamısı, eyni zamanda sol təmayüllü qurumlar idi. Özü də bu proseslər təkcə Almaniyanı yox, paralel olaraq həm də Danimarka, İsveç, Avstriya, Fransa, Hollandiya və digər ölkələrdə gedirdi. Bu tipli təşkilatlarda birləşən azərbaycanlılar azərbaycançılıq məfkurəsinin təməl məsələləri olan dil, milli mədəniyyət, mənəvi dəyərlər və s.-dən daha çox İrandakı siyasi situasiyanı müzakirə edirdilər.
Beləliklə, İranda inqilaba qədər mühacir cənubi azərbaycan¬lılar artıq ana dilinin statusunun yüksəldilməsi tələbi ilə çıxış edirdilər. İnqilabın qələbəsindən sonra yeni rejimə müxalif qüvvələrin nümayəndələri, İran-İraq müharibəsində iştirak etmək istəməyən gənclərin yeni qrupları xaricə mühacirət etməyə məcbur olmuş və Avropada, məsələn Almaniyada milli-mədəni maraqlar uğrunda mübarizə aparan mühitə daxil olaraq həmin mübarizənin daha da genişlənməsinə zəmin yaradırlar.
Xaricdəki cənublu mühacirlərin təşkilatlanmasında ən güclü mərhələ 1983-1984-cü illərdən sonra başlanır. Bu dövr kütləvi təşkilatlanma dövrü idi ki, onun da konkret səbəbi var idi. Sıralarında milyonlarla azərbaycanlının, o cümlədən inqilabi proseslərə solçu təşkilatların tərkibindəki mühacirlərin olduğu İran İslam inqilabı 1983-cü ildə teokratik rejimin qəti və birmənalı qələbəsi ilə nəticələndi. Solçu təfəkkürə milli məsələnin həlli vasitəsi kimi baxan güneyli inqilabçılar bu mübarizəni uduzandan sonra onların qarşısında əsasən iki yol dururdu: ya İranda həbsxana, edam, məhrumiyyətlər, ya da mühacirət. Sol baxışlı mühacirlərin bir hissəsi ikincini seçdi. 1983-1984-cü illərdən etibarən Avropada cənublu mühacir kütləsi sürətlə artmağa başladı. Nəzərə almaq lazımdır ki, onlar ictimai mübarizə və inqilab təcrübəsindən keçmiş, təşkilatın və təşkilatlanmanın nə demək olduğunu bilən, siyasi cəhətdən ha¬zırlıqlı, passionar bir qüvvə idi. Onlar mühacirətə özləri ilə təkcə kəmiyyət yox, həm də yeni keyfiyyət - yeni nəfəs və dinamika, milli məsələyə daha fərqli yanaşma metodu aparmışdılar. Bu yeni və ictimai cəhətdən fəal qüvvə Avropaya çatan kimi orada hələ 60-70-ci illərdən yaşayan və milli-mədəni fəaliyyət təcrübəsi olan cənublu ziyalılar vəziyyəti düzgün qiymətləndirib onun potensialından istifadə etməyi qərara aldılar. Bu, milli ideya ətrafında təşkilatlanmanın xeyli sürətlənməsinə səbəb oldu. Bu dövrdə dilə bağlılıq o qədər artmışdı ki, 1982-ci ildə mühacir azərbaycanlılar Qərbi Berlində “Ana dili kursları” açmış və mühacirlərin böyük bir qrupu ora toplaşmışdı. 1984-cü ilə qədər fəaliyyətdə olan bu kursların ən böyük əhəmiyyəti heç də kiminsə orada dilini mükəmməl öyrənib-öyrənməməsi ilə yox, bu aksiyanın mühacirlərə oyadıcı təsirləri ilə müəyyən olunmalıdır. 1983-cü ildən etibarən Köln, Bonn və Qərbi Berlində sırf milli mədəniyyət amili zəminində ilk toplantılar keçirən azərbaycanlılar milli haqlar uğrunda mübarizəni artıq dil kursları, mədəni-kütləvi tədbirlər kimi fəaliyyət formaları çərçivəsindən çıxarıb daha əhatəli təşkilatlar yaratdılar. 1985-ci ildə Qərbi Berlində “Qaynarca” cəmiyyəti və eyniadlı qəzet, 1986-cı ildə vahid mərkəzdən idarə olunmaqla Bonn, Qərbi Berlin, Köln və Hannover şəhərlərində “Azərbaycan kültür ocağı” yarandı və həmin il “Savalan” adlı dərgisi nəşrə başladı. “Azərbaycan kültür ocağı” o qədər əhatəli və güclü bir təşkilat idi ki, o, bütün Avropadakı mühacirləri öz çətiri altına toplaya bilmişdi. Bu təşkilatı qəbul etməyən heç bir milli ruhlu güneyli mühacir yox idi, hamı onu Azərbaycançılıq ideyası zəminindəki mübarizənin, milli haqlar, dil, özgürlük uğrundakı mücadilənin aparıcı qüvvəsi kimi qəbul edirdi.
Sonrakı illərdə Almaniya ilə bərabər Fransa, Danimarka, Belçika, Avstriya, Hollandiya, İsveç, Norveç, Kanada, ABŞ, İngiltərə və digər ölkələrdə də bu cür təşkilatlar meydana gəldi. 1987-ci ildə ABŞ-dakı azərbaycanlıların təşəbbüsü ilə təsis edilmiş “Azərbaycan evi” adlı təşkilat rəsmən qeydə alınmışdı və Amerikadakı Azərbaycan cəmiyyətlərinin mərkəzi hesab olunurdu. Bu təşkilatlar hər cür siyasi çalarlardan uzaq idilər və sırf azərbaycançılıq məfkurəsinə söykənirdilər. Bu mədəni özfəaliyyət uzun müddət aparıcı xətt oldu, həmin təşkilatlar öz dilində yazıb-oxumağı bilməyən, öz milli-mədəni irsinə hər hansı bir səviyyədə bələd olmayan azərbaycanlıların elementar milli-mədəni ehtiyaclarını ödəmək istəyindən doğulmuşdu. İranlı müəllif Moctəbi Məğsudi xaricdəki Güney Azərbaycan diasporasının təşkilatlanması və milli fəaliyyətində Azərbaycan Respublikasının rəsmi və ya qeyri-rəsmi şəkildə müdaxiləsinin olduğunu əminliklə qeyd edir. Müəllif Almaniyada N.Qərəvi tərəfindən “Azərilər Cəmiyyəti”, Almaniyanın Bon şəhərində təsis edilmiş “Azərbaycan Mədəni Hərəkatı”, İsveçdə Əjdər Tağızadənin rəhbərliyi ilə “Azərbaycanlıların mədəniyyət ocağı”nın Azərbaycan hökumətinin dəstəyi ilə qurulduğunu yazır.
Əslində Güney azərbaycanlıların xaricdə təşkilatlanma prosesi Quzey Azərbaycandakı 1988-ci il meydan hərəkatının təsiri altında daha da dərinləşdi. Xaricdə Azərbaycan təşkilatlarının yaranması prosesi xeyli intensivləşdi, bu vaxta qədər yaranan təşkilatlar fəaliyyətini gücləndirdi, yeni qurumlar yarandı və bu proses daha geniş mühacir kütləsini əhatə etməyə başladı. Burada 1987-ci ilin dekabrında Bakıda (Quzey Azərbaycan) məhz mühacir azərbay¬canlılarla əlaqələr yaratmaq məqsədilə qurulan “Vətən” cəmiyyətinin də rolunu qeyd etməliyik. Təkcə belə bir təşkilatın yaranması faktının özü mühacir cənublularda böyük ruh yüksəkliyi yaratmışdı. Onlar özlərini artıq daha inamlı hiss edirdi ki, bu da özünü sonrakı mərhələdə daha aydın göstərdi. Təşkilatlanmada yeni dinamizm müşahidə olunurdu. 1988-ci ilin iyulunda Londonda “Azərbaycanlılar komitəsi”nin əsası qoyuldu. Bu təşkilatın mətbu orqanı olan “Aydınlıq” qəzetinin əsas məqsədi Azərbaycan dilini, mədəniyyətini və tarixini təbliğ etmək idi. 1988-ci ildə Kanadanın Monreal şəhərində təsis olunmuş “Azərbaycan Mədəniyyət Mərkəzi” mədəni-kütləvi tədbirlər keçirməklə məşğul olurdu. Ontarioda (Kanada) fəaliyyətə başlayan Azərbaycan İcmalar Assosiasiyası isə burada yaşayan azərbaycanlıların birləşməsi, mədəni tədbirlərin təşkili və təbliğatı işləri ilə məşğul olurdu. İsveçin Malmö şəhərində 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan kültür ocağı”nın mətbu orqanı olan “Araz” dərgisi də bu missiyanı həyata keçirir, vahid, müstəqil Azərbaycan ideyasına söykənirdi. 1989-cu ilin fevralında Vaşinqtonda “Azərbaycan mədəniyyət ocağı” (mətbu orqanı “Dirilik” dərgisi) yaradılmışdı. 1989-cu ildə Norveçdə Azərbaycan Mədəniyyət Mərkəzi təsis edildi. Onun əsas məqsədi Azərbaycanın mədəni irsini və bugünkü uğurlarını öyrənmək və təbliğ etmək idi.
Bakıda yaşanan 1990-cı il 20 yanvar faciəsi və 1991-ci il oktyabrın 18-də Quzey Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi xaricdə azərbaycanlıların təşkilatlanmasına həlledici təkan verdi. Dünyanın aparıcı ölkələrində yeni Azərbaycan milli mərkəzləri yarandı, passiv təşkilatlar öz fəaliyyətini bərpa etdi, aktiv qurumlar isə daha da gücləndilər. Yeni təşkilatların bir çoxu 20 yanvar faciəsinə etiraz əlaməti olaraq Avropanın demək olar ki, bir çox iri şəhərində yaradılan “20 Yanvar komitə”lərinin bazası əsasında formalaşdı. Başqa sözlə, bu müvəqqəti komitələr azərbaycanlılarda təşkilatlanmaya yeni ehtiyac hissi oyadırdı.
1990-cı ildə İsveçdə “Azərbaycan Kültür Cəmiyyəti” təsis olundu. Bu qurum Azərbaycanın siyasi-iqtisadi, coğrafi, mədəni cəhətdən təbliğ olunması istiqamətində iş aparırdı. Həmin ildə İsveçin Stokholm şəhərində “Azərbaycan kültür ocağı”nın əsası qoyuldu. 1990-cı ildə İngiltərənin Mançester şəhərində “Azərbaycan mədəniyyət mərkəzi” yaradıldı.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -