Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan jurnalisti mükafatını öz dövlətindən gözləyir və alır

27.06.18, 7:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçib.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin inkişafının əsas parametrlərindən birini təşkil edir. Azərbaycan da demokratik norma və prinsipləri mənimsəyən bir dövlət olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını konstitusion norma olaraq təmin edir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” milli mətbuatımızın problemlərinin həllində yeni mərhələnin başlanğıcı oldu. Beynəlxalq standartlara uyğun, mütərəqqi bir sənəd olan bu Konsepsiya əslində mətbuat azadlığı məsələsinə Azərbaycanda nə dərəcədə diqqət ayrıldığının bariz göstəricisidir.
Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bunu yüksək qiymətləndirən mətbuat işçiləri Prezident İlham Əliyevi iki dəfə “Jurnalistlərin dostu” elan ediblər.
***
Məlumat üçün qeyd edək ki, məhz görülən işlər nəticəsində ötən illər ərzində Azərbaycanda çoxlu sayda jurnalist təşkilatı qeydiyyatdan keçib, onlarla təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olmağa başlayıb. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı da artıb. Hazırda 20-dən artıq mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratdı və ölkədə müasir internet şəbəkəsi formalaşıb. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80 faizə yaxın təşkil edir. İnternet provayderinin sayı isə 40-a çatıb. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalıb. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılıb. Bu gün 10 milyona yaxın əhalisi olan ölkədə 3 milyona yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. Azərbaycanda 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-lərin sayı isə 5 mini ötüb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.
***
Qərbin ikona-şəkil demokratiyasına uyan bəzi mətbu orqanlarının cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edərək dövlət və cəmiyyətimizi nüfuzdan salmağa çalışması da qətiyyən yolverilməzdir. Çünki belə KİV-lər Qərbdə formalaşan düşüncə və yaşam tərzini cəmiyyətə təqdim etməklə, əslində, özünəməxsus mədəniyyəti olan ölkənin demokratiyanı formalaşdırmasını yox, yad demokratiyanın ölkəni formalaşdırması tezisini müdafiə edirlər. İfşa olunduqları zaman, Azərbaycan qanunları çərçivəsində cəzalandırıldıqda, bunu söz və mətbuat azadlığının pozulması kimi dəyərləndirirlər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir. Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir: “Ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək, söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz. Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir. Vəzifəsindən, sosial statusundan asılı olmayaraq hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır”.

***
Yeri gəlmişkən, Avropadakı bir çox təşkilatlar – Freddom House, Sərhədsiz Reportyorlar, ATƏT-in media ofisi, Dövlət Departamentinin illik hesabatlarında guya Azərbaycanda media azadlığının olmaması fikirləri də heç bir məntiqə əsaslanmır. Belə qərəzli fikirləri Azərbaycanda söz və fikir azadlıqlarına yaradılan şəraitə qısqanclıq, xarici qüvvələr tərəfindən maliyyələşən media orqanlarının ifşasına görə rəsmi Bakıya təzyiq kimi dəyərləndirmək olar.
Bəs Avropada media azadlığı varmı və Azərbaycanda söz və media azadlığı vəziyyəti kənardan necə görünür?
Bu sualı xarici media nümayəndələrinə ünvanladıq.
Qəzetimizə açıqlama verən Yeni Akit (Türkiyə) qəzetinin Ankara xəbər şöbəsinin rəhbəri Məhəmməd Kutlu bildirib ki, Qərbdə media azadlığı deyilən bir anlayış yoxdur: “Avropa öz mediasında Yaxın və Uzaq Şərqdə törətdiyi terror hadisələrini, axıtdığı qanlarla bağlı yazmırsa hansı söz və fikir azadlığından danışa bilər. Həmin xəbərləri yazmaq jurnalistlər həbs edilməkdən ehtiyat edirlər, qəzetləri bağlayarlar. Avropanın işi ancaq başqa ölkələrin mediası üzərində monitorinq aparmaq və tənqid etməkdir”.
Azərbaycandakı vəziyyətə gəldikdə isə M.Kutlu bildirib ki, vəziyyət heç də Avropanın fikirləşdiyi kimi deyil: “Biz Azərbaycan mediasını daim izləyirik, söz və mətbuat azadlığının pozulması hallarına rast gəlmirik, düzdür, jurnalistlərin məhkəməyə verilməsi və ya həbs edilməsi halları var. Amma bunu azadlığın pozulması kimi qəbul etmək olmaz. Jurnalist qanunu pozursa, dövlət və dövlətçiliyə xəyanət edirsə, ölkədə qarşıdurma yaradacaq təbliğat aparırsa mütləq cəzalandırılmalıdır”.
İraqlı jurnalist Çetin Bezirganın fikrincə, Avropa ölkələrində, o cümlədən ABŞ-da azad media yoxdur: “Media müxtəlif güclərin əlində cəmləşib. Siz hansısa yerli jurnalisitin ABŞ və ya Avropa mediasında Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasəti ilə bağlı yazılarına rast gələ bilməzsiniz. Çünki, Avropa həmişə bu işğalçılığa göz yumub. Erməni diaspor təşkilatları pul gücünə medianı öz mövqelərinə yönəldə bilirlərsə, deməli, bu ölkələrdə fikir və söz azadlığı yoxdur. Qərb Azərbaycana qarşı həmişə destruktiv mövqedən yanaşıb, Ermənistanın işğalçılıq siyasətinə göz yuman Avropa Azərbaycanda insan haqları, söz və media azadlığının olduğunu etiraf edərmi?”
Rusiya Jurnalistlər Birliyinin üzvü İqor Zayçev də ABŞ başda olmaqla, dünyaya özünü demokrat kimi sırımaq istəyən Avropanın heç bir ölkəsində fikir prülarizmi, azad mətbuat olmadığını deyib: “ Azərbaycanda bu vəziyyət normaldır, asanlıqla sayt və yaxud qəzet açıb işlətmək mümkündür. Əksər sayt və qəzetləriniz xarici dillərdə yayımlanır, məmurlar, deputatlar, nazirləriniz tənqid edilir. Bu da söz azadlığından irəli gəlir. Azərbaycanda jurnalisti o zaman həbs edir ki, azadlığından sui-istifadə edib vətəndaşları şantaj edir, qorxudur, kənardan dövlət əleyhinə sifarişli yazılar yazır. Bu, xəyanətdir, mütləq cəzasını çəkməlidir ”.
***
Bu yerdə bir faktı da qeyd edək. Müstəqil mediadan dəm vuran Avropa İttifaqinda mətbuat azadlığının boğulması ilə bağlı xeyli faktlar var. Elə Avropada hüquq müdafiəçiləri və bir sıra QHT-lər ittifaqın mətbuat azadlığı sahəsində siyasətini uğursuz hesab edir. Bildirilir ki, üzv ölkələrin bir çoxunda mətbuatın müstəqilliyini mane olan qanunlar mövcuddur.
"Özünü mətbuat azadlığının carçısı və meyarı kimi təqdim edən, bu sahədə qlobal liderlik iddiasında olan Avropa İttifaqı ölkələrində mətbuat azadlığı məhdudlaşdırılır". Jurnalistlərin Müdafiə Komitəsinin ittifaq üzvü dövlətlərə, institutlarına və liderlərinə çatdırdığı hesabatda belə bildirilir.
Qeyd olunur ki, böhtan və dini təhqirə yol verən müddəalar ittifaqın bir çox ölkələrinin qanunvericiliklərində mövcuddur. Bu isə informasiya mənbələrinin məxfiliyini də təhdid edir.
"Media nümayəndələri İtaliya və Bolqarıstanda cinayətkar qrupların hədəfi olublar. İspaniyada jurnalistlər polis tərəfindən zorakılığa məruz qalıb. Fransada isə radikal dindarlar tərəfindən qətl ediliblər. Bu təkcə Avropa Birliyi ölkələrində deyil eyni zamanda digər ölkələrə də mənfi təsir edir" deyə hesabatda bildirilir.
Bu yaxınlarda Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısından qayıdan JuHİ sədri Müşfiq Ələsgərlinin də fikrini qeyd etmək yerinə düşərdi: “Diqqətçəkən 4-5 məsələ var ki, son 2-3 ildə trend problemlərdir. Bunlardan biri jurnalist təhlükəsizliyi ilə bağlı məsələdir, son zamanlarda jurnalist ölümləri sürətlə artıb, həbslər, təhdidlər çoxalıb. Ən pisi budur ki, jurnalistlərə qarşı törədilən cinayətlər çox zaman cəzasız qalır. AFJ-nin hesabatına görə, Rusiyada çoxsaylı jurnalist ölümləri, təqibolunma, həbslər var. Həmçinin, Malta, Fransa və sair Avropanın mərkəzi hissələrində də jurnalist ölümlərinin, təhdidlərin artması ciddi narahatlıq doğurur. Söhbət Avropa məkanından gedir. Əslində jurnalist ölümləri, həbslər, təhdidlər əvvəllər başqa ölkələrdə, başqa qitələrdə daha çox olurdu. İndi Avropada daha intensivdir”.
***
Ancaq təəssüf ki, internetdə yayılan informasiyalar heç də hər zaman qanunlar və qaydalar çərçivəsində olmur. Bəzən kiminsə azad, sərbəst şəkildə yaya biləcəyini hesab etdiyi informasiya digər bir vətəndaşın hüquqlarının, azadlıqlarının tapdanmasına, onun şəxsi həyatına müdaxiləyə, yaxud işgüzar nüfuzuna xələl gətirməyə də səbəb olur. 2013-cü ildən Mətbuat Şurası bu sahədə tənzimlənmə həyata keçirmək üçün yeni təşəbbüslə çıxış edib. Şuranın tərkibində 2013-cü ildən etibarən internet medianın tənzimlənməsi üçün xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibində Mətbuat Şurasının idarə heyətinin üzvləri olmaqla bərabər, internetə aidiyyəti olan təşkilatların nümayəndələri, mütəxəssislər, media ekspertləri də iştirak edirlər. Onlar internet medianın tənzimlənməsi ilə əlaqədar çox ciddi təşəbbüslər irəli sürürlər. Nəticə olaraq bu sahədə müəyyən praktiki addımlar atılır. Düzdür, internet sərbəst, azad fikir paylaşmaq platformasıdır. Lakin burada paylaşılan xəbərlər, fikirlər qanunlar çərçivəsini aşmamalı, başqalarının hüquq və azadlıqlarını pozmamalıdır.
... Bir sözlə, Azərbaycanda söz və mətbuat azadlığı Qərb ölkələrindən heç də zəif inkişaf etməyib. Hətta bəzi cəhətlərinə görə onlardan da xeyli öndədir. Çünki Azərbaycan jurnalisti, Azərbaycan mediası ayrı-ayrı mahiyyəti bəlli olmayan qaranlıq qruplaşmalara deyil, Azərbaycan dövlətinin milli maraqlarına xidmət edir! Qiymərləndirməni, mükafatı da hansısa qərəzli təşkilatlardan yox, elə öz dövlətindən gözləyir və alır!
Cavid Şahverdiyev
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Bu xəbər oxundu
- - -