Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri”

27.06.18, 9:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Uzun illər Azərbaycanda kino sənətinin yaranma tarixi 1916-cı ildən hesablanırdı. Həmin il ekranlara İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” əsəri əsasında çəkilmiş eyniadlı film çıxarılıb. Lakin 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi “Balaxanıda neft fontanı” adlı ilk film Bakıda nümayiş etdirilmişdi. Bununla da Azərbaycanda kino sənətinin yaranma tarixi dəqiqləşdirilib. Milli kinomuzun himayədarı ulu öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il 2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd edilir.
Qeyd edək ki, “Azərbaycanfilm”də indiyədək iki minə yaxın müxtəlif növ və janrda film istehsal olunub. “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına layiq görülüb. “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta” filmləri beynəlxalq kinofestivalların mükafatlarını alıb.

***
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoyub. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilib. 1990-cı ildən sonra Azərbaycan kinosunda (1990-2000) çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olub. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkiblər ("Yarasa" (rejissor A.Salayev), "Özgə vaxtı" (rejissor H.Mehdiyev), Vaqif Mustafayevin filmləri).
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olub. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirib, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulayıb. Hələ 1970-80-ci illərədə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəmədi. Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehtiyevin, Cavanşir Mehtiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdırlar. Rejissor Gülbəniz Əzimzadənin ərsəyə gətirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülüb.
***
Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Cəmil Quliyev bildirib ki, 120 il ərzində Azərbaycan kinosu şərəfli bir yol keçib, salnaməsi yaranıb. Bu kino salnaməsinin formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz, misilsiz xidmətləri olub: “Ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən kinomuz yeni inkişaf yoluna qədəm qoydu, vaxtilə ekranlara buraxılmayan filmlər onun təşəbbüsü ilə ekrana çıxdı, Azərbaycan kinosunun ən maraqlı nümunələrindən biri olan “Bir cənub şəhərində” filmi məhz Heydər Əliyevin dəstəyi ilə ekran həyatı qazandı. Kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəldi. Kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. 1976-cı ildə ulu öndərin təşəbbüsü ilə respublikamızda kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında tarixi qərar qəbul olundu. Məhz Heydər Əliyevin səyi nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi qoyuldu”.
Cəmil Quliyev bildirib ki, ulu öndərin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə dair ilk sərəncamlarından biri Dövlət Film Fondunun yaradılması barədə oldu ki, bununla da o, Azərbaycan filmlərini məhv olmaqdan qorudu. O, 1998-ci ildə “Kino haqqında” qanunun qəbul olunmasının əhəmiyyətini qeyd edib: “Bu qanun Azərbaycan kinosunun hüquqi bazasını yaratdı. 2000-ci ildən biz ulu öndərin sərəncamı ilə peşə bayramımızı, 2 avqust - Milli Kino Gününü qeyd etməyə başladıq”.

***
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, son zamanlar böyük ölçüdə yeni filmlər çəkilir. Onlardan bir çoxu ölkəni xarici festivallarda ləyaqətlə təmsil edir. Amma onların arasında elələri də var ki, bir çox hallarda tənqid hədəfinə çevrilirlər. Bir sözlə, kəmiyyət heç də həmişə keyfiyyət demək deyil.
Onun sözlərinə görə, 2008-2018-ci illərdə kinonun inkişafına həsr olunan proqramlar sayəsində “Azərbaycanfilm” kinostudiyası bir sıra uğurlu layihələr həyata keçirib ki, hazırda onlar ölkəmizi dünyada təmsil edir.
"Ölkədəki film çəkilişləri ilə bağlı situasiyanı ümumilikdə qiymətləndirsək, kəmiyyət baxımından o rekord həddədir. Tammetrajlı kinofilmlərin istehsalına müstəqil prodüser şirkətləri də qoşuldu. Onlar böyük həcmdə, xüsusilə komediya əsaslı yeni filmlər təqdim etdilər. Bu filmlərdən bir çoxu pul yığmaqda hətta ən yaxşı Amerika kinolarını da arxada qoyublar. Mən onların bədii keyfiyyətlərini nəzərdən keçirmirəm, amma ümid edirəm ki, kəmiyyətin keyfiyyətə keçməsi qanunu burada da işləyəcək” — Hətəmov deyib.
Mütəxəssisin fikrincə, müasir kinonun problemləri istehsalın bütün mərhələlərində prosesi tənzimləyəcək bir sistemlə bağlıdır ki, bu da təkcə Azərbaycanla əlaqədar deyil. SSRİ-nin süqutundan sonra bütün postsovet ölkələri kinematoqrafda işçi mexanizminin olmaması problemi ilə qarşılaşdılar. Kinostudiyanın direktorunun dediyinə görə, hazırda bütün istehsalat məsələləri yeni yolla tənzimlənir və ölkəyə çəkiliş üçün ən yaxşı avadanlıqlar gətirilir. Bu isə texniki cəhətdən dünya standartlarına yaxınlaşmağa kömək edir.
“Çoxlu işləmək lazımdır ki, dünyada bizim musiqimizi, incəsənətimizi və mədəniyyətimizi tanısınlar. Bu mənada kinematoqraflara həm asandır, həm də çətin. Bu, incəsənətin bütün növlərindən ən baha başa gələnidir. Hazırda biz lazımi əlaqələri qurmuşuq, qalıb yaxşı filmlər yaratmaq. Biz hazırda bunun üzərində işləyirik. Bu məsələdə avropalılara və amerikalılara oxşamaq lazım deyil. Biz heç vaxt onlar kimi kino çəkə bilməyəcəyik, biz öz filmlərimizi çəkməliyik” – Hətəmov bildirib.
Məşhur rejissor İlqar Safat da hesab edir ki, əgər 10 il və daha əvvəlki dövrü xatırlasaq, hazırda kino istehsalında vəziyyət bir qədər yaxşıdır. Azərbaycan kinematoqrafı tədricən çətin vəziyyətdən çıxaraq özünü bərpa edir.
"Bizimkilərin ən böyük problemi odur ki, bizim filmlər tamaşaçıya çatmır. Ona görə onları nümayiş etdirmək lazımdır. Filmlər çəkilir və unudulub gedir” – rejissor deyib.
Xarici tamaşaçını maraqlandırmaq üçün keyfiyyətli film çəkmək lazımdır. Bunun üçün də kino sahəsindəki mütəxəssislər həm texnologiyalar baxımından, həm də bədii cəhətdən standartlara uyğun olmalıdırlar. Bu isə çox çətindir. Safatım sözlərinə görə, burada əsas rolu təcrübə oynayır və istehsalat infrastrukturuna da ehtiyac var. Bu isə zamanın işidir.

***
Bu gün Azərbaycan kinosu inkişafının yeni dövrünü yaşayır. Hazırda “Azərbaycanfilm” kinostudiyasının ildə 7-8 bədii film çəkmək imkanı var. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda kinostudiyanın istehsalat bazasını köklü şəkildə modernləşdirmək nəzərdə tutulub. Dövlət Proqramında nəzərdə tutulan bir sıra vacib tədbirlər artıq həyata keçirilib. “Azərbaycanfilm” kinostudiyası ötən il milli kino tariximizdə rekord sayda beynəlxalq film festivallarında müvəffəqiyyətlə iştirak edərək dünya kino auditoriyasının diqqətini cəlb edə bildirib. Azərbaycan filmlərinin 52 beynəlxalq festivalda nümayiş olunması mədəniyyət tariximizdə çox əhəmiyyətli hadisədir. Son illər mötəbər Kann Beynəlxalq Kinofestivalında ardıcıl olaraq Azərbaycan pavilyonu təşkil olunur. “Sonuncu” filmi ilə ilk dəfə həmin festivalın qısametrajlı filmlər müsabiqəsində Azərbaycan da iştirak edib. Bundan başqa, Asif Rüstəmovun “Axınla aşağı” filmi 49-cu Karlovı Varı ( Çexiya) kinofestivalında “Şərqdən Qərbə” müsabiqə proqramında, “Nabat” filmi isə Venesiya (İtaliya) Beynəlxalq Film Festivalında iştirak edib. Azərbaycanda uşaqlar üçün film istehsalı xeyli vaxt idi ki, dayandırılıb. Artıq bu məsələ diqqət mərkəzindədir və ötən il uşaqlar üçün “Dərs” adlı bədii film istehsal olunub. Son illər istedadlı gənclərin kinoya gəlişi bu sahənin gələcək inkişafına əsaslı təminat yaradıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib: "Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir”.
***
Milli kino sahəsində bəzi çətinliklər hələ də qalmaqdadır. Çəkilən filmləri dünya ekranlarına çıxararaq nümayiş etdirmək imkanları hələ kifayət qədər deyildir. Bu məsələni həll etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsində filmlərin çəkilişlərinin və nümayişinin prodüser mərkəzlərinə həvalə edilməsi ilə bağlı layihə həyata keçirilir. Kino sahəsində əsas problemlərimizdən biri də dublyaj işi ilə bağlıdır. Ona görə də dublyajın mərkəzləşdirilmiş qaydada və ixtisaslı kadrlar tərəfindən həyata keçirilməsi məsələsi gündəmdədir. Digər problem isə prokat məsələsidir. Çəkilən filmlərin prokatı yoxdur. Yəni milli və xaricdən alınan filmlər kinoteatrlarda və lisenziyası olan telekanallar vasitəsilə nümayiş etdirilməlidir. Lakin hazırda həmin filmlər piratçılıq yolu ilə əldə edilərək evlərdə baxıldığına görə kinoteatrlara gedən yoxdur. Prezidentin imzaladığı sərəncamda pirat filmlərin nümayişinə də qadağa qoyulub. İnanmaq istərdik ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvəsinə ucalacaqdır.
Cavid Şahverdiyev
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Bu xəbər oxundu
- - -