Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycana səfər edən rus ekspertlər və deputatlar əgər həqiqətin yanındadırlarsa….”

03.07.18, 8:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elçin Mirzəbəyli: “Bizə xoş gəlmək üçün Azərbaycanda bəyanat vermək əvəzinə, qoy, Rusiyanın KİV-də Lavrovun avantürist açıqlamalarına etiraz etsinlər”

Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak edib və mühüm bəyanatlar səsləndiriblər.
Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeri Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeni Baxrevski, ekspert Dmitri Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa və s. müzakirələrdə iştirak edib, Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşüblər.
Yerli politoloqlar buna öz münasibətlərini bildiriblər.
Politoloq Tofiq Abbasov deyib ki, Azərbaycanın mövqeləri xeyli güclənib və artıq erməni yalanları Qarabağ həqiqətləri qarşısında tab gətirə bilmir.
Politoloq Cocuq Mərcanlıdakı tədbiri mühüm siyasi hadisə olaraq qiymətləndirib:
“Azərbaycanın mövqeləri xeyli güclənib və artıq erməni yalanları Qarabağ həqiqətləri qarşısında tab gətirə bilmir. Bunun ən bariz göstəricilərindən biri Rusiyada olan əvvəlki qeyri-obyektiv yanaşmanın tədricən dəyişməsidir. Bu, Bakının mövqeyinin nə qədər sağlam olmasından xəbər verir. Bildiyiniz kimi, Ermənistan Dağlıq Qarabağ problemi ətrafında beynəlxalq qanunverici aktları çox ciddi şəkildə pozub. Çox mühüm tarixi faktdır ki, indi bu vəziyyətin tarazlaşdırılmasından ötrü Azərbaycanın haqlı mövqeyi Rusiya tərəfindən nəzərə alınır. Hazırda bütün rıçaqlar Azərbaycanın əlindədir”.
Politoloq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin köklü surətdə dəyişdiyini bildirib:
“Rusiya da anlayır ki, Cənubi Qafqazda yeni risklər və onun cənub sərhədləri boyunca problemlər yaradan məhz Ermənistandır. Nəhayət, Ermənistanın da Rusiya ilə münasibətlərinin mənfi istiqamətdə dəyişməsi məsələnin həllini birmənalı sürətləndirir. Ermənistan açıq şəkildə Rusiyanı Qərbə satıb. Bu da Rusiya elitasını Dağlıq Qarabağ istiqamətində hərəkət etməyə sövq edib. Bu baxımdan Cocuq Mərcanlıdakı tədbir çox yerində və vaxtında keçirildi. Nəhayət, Azərbaycanın həqiqətləri Minsk Qrupunun aparıcı həmsədr dövlətlərindən biri olan Rusiyada yüksək səviyyədə etiraf edilir. İstisna etmirəm ki, bundan sonra Rusiyanın siyasi elitasında, mətbuatında və ekspert cameəsində köklü dəyişikliklər baş verəcək və onlar həqiqətə birmənalı “hə” deyəcəklər”.
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazovun fikrincə isə, Rusiya bu konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana çox ciddi mesajlar verdi.
E.Namazov bir neçə maraqlı məqama da toxunub:
“Bu konfrans keçirilməzdən öncə Ermənistan prezidenti Armen Sərkisyan ABŞ-a səfər etmişdi. Ermənistanın prezidenti orada 4 gün ABŞ Dövlət katibi Pompeonun qəbuluna düşə bilmək üçün gözlədildi. Burada başqa bir maraqlı hadisəni xatırlatmaq istəyirəm. Mən hakimiyyətdə çalışdığım dövrdə Heydər Əliyev BMT-nin Baş Assemblyasının iclaslarında iştirak etmək üçün səfərlər edirdi. Həmin vaxt ABŞ-ın Prezidenti Bill Klinton idi. Klinton iclasda iştirak etmək üçün Vaşinqtondan Nyu Yorka 2-3 saatlıq gəlirdi. Bu zaman çərçivəsində Klintonun sadəcə 2, ya da 3 ölkə prezidenti ilə görüşmək imkanı olurdu. Hər zaman ulu öndər Heydər Əliyev həmin 2-3 prezidentin sırasında idi. Ermənistan prezidenti isə indi 4 gündür ki, ABŞ dövlət katibinin qəbuluna düşmək üçün gözləyir. Yəni daim ermənilərin iddiaları onların imkanlarından, resurslarından az olub. Onlar daim xarici dəstəyə ehtiyac duyublar”.
E.Namazov vurğulayıb ki, indiki Ermənistan hakimiyyəti çox ağlasığmaz, reallıqdan uzaq olan bir konsepsiya irəli sürür:
“Rusiya da bunu görür. Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasətə görə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməli, ABŞ isə Ermənistanın iqtisadi inkişafına zəmin yaratmalıdır. Ermənistan öz iqtisadi inkişafını ABŞ-la bağlı görür və buna görə də ABŞ-ın Ermənistana güclü investisiyalar, sanksiyalar qoymasına çalışır. Təbii ki, belə yanaşma nə ABŞ-ı, nə də Rusiyanı qane edir. Nə qədər ki Ermənistanda Rusiyanın hərbi bazaları var, nə qədər ki Ermənistan Rusiya ilə hərbi blokdadır, ABŞ bu ölkəyə çox ehtiyatla yatırım qoyacaq. Eyni zamanda, bu yanaşma Rusiyanı da qane edə bilməz. Çünki Rusiya başa düşür ki, pulu kim verirsə, sabah həmin ölkə də burada söz sahibi olacaq. Ona görə də Ermənistan öz iqtisadiyyatını, gələcəyini ABŞ-la bağlamaq istəyirsə, Rusiya həmin ölkə ilə strateji müttəfiqlik münasibətlərinə son qoyacaq. Bu proses isə bu gün sürətlə davam edir”.
Politoloq vurğulayıb ki, ümumiyyətlə, tarixən bizim regionda başqa geopolitik oyunçuların arasında intriqalar salmaq, qonşu dövlətlərin, xalqların torpaqlarını xarici aktorların hesabına zəbt etmək ermənilərin xislətindədir:
“Onlar 100 il bundan əvvəl apardıqları siyasəti bu gün də davam etdirirlər. Hər zaman özlərini şoseyə çıxmış məlum peşə sahibləri kimi aparırlar. O vaxt da onlar özlərini böyük dövlətlərə təklif edirdilər, bu gün də. Amma son nəticədə həmişə bu yanaşma onların başında çatlayır. Hər zaman ermənilər əzilən tərəf olmağa məhkumdurlar. Bu dəfə də onların sonu belə olacaq”.
Politoloq vurğulayıb ki, ermənilərin SSRİ dağıldığı dövrdə başladığı geopolitik intriqalar yenə onların başında çatlayacaq:
“İndi biz o mərhələyə yaxınlaşırıq. Azərbaycan dövləti bütün sahələrdə ermənilərdən üstündür. Bu gün Azərbaycanın nüfuzu, mövqeyi, imkanları daha da genişlənib”.
Analitik Elçin Mirzəbəyli isə qeyd edib ki, rusiyalı ekspertlərin, deputatların işğaldan azad edilmiş ərazilərimizə gəlmələri, orada azərbaycanlı həmkarları ilə birgə konfrans keçirmələri və ölkəmizin ərazi bütövlüyü ilə bağlı obyektiv yanaşma sərgiləmələri önəmli məsələdir.
Analitik bildirib ki, buna baxmayaraq, belə tədbirləri, açıqlamaları Rusiyanın rəsmi, yaxud həlledici mövqeyi kimi təqdim etmək yanlışdır:
“Çünki belə məsələlərin ətrafında ajiotajın yaradılması ictimai rəyə mənfi təsir göstərir. Bəzən ifrat dərəcədə artıq təqdim olunan, reallığı əks etdirməyən məsələ insanları ruhdan salır. Təəssüf ki, Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan əraziləri ətrafında baş verən prosesləri bəzi KİV-lər ifrat dərəcədə mübaliğəli, xarici ölkələrin və xarici ölkə liderlərinin bu prosesdəki rolunu maksimal dərəcədə şişirdərək təqdim edirlər. Peşəkarlığı bir kənara qoyuram, Qarabağ məsələsindən reytinq və yaxud hansısa maraqlar naminə istifadə etməyin adı yoxdur. Ağır cümlələr işlətmək istəmirəm, amma əslində belə oyunbazlığın cavabı çox ağır olmalıdır. Belə tədbirlərin keçirilməsi önəmlidir və ictimai rəyə təsir baxımından mühüm əhəmiyyət kəsb edir. Rusiyada Azərbaycanın ədalətli mövqeyini müdafiə edən ekspertlərin, deputatların olması çox vacibdir. Amma qiymətləndirmə də əndazəsində, mübaliğəsiz olmalıdır. Ola bilsin ki, kimlərsə belə tədbirlərdə səsləndirilən fikirləri ifrat dərəcədə şişirtməklə insanları ümidləndirmək istəyirlər. Amma unutmaq lazım deyil ki, reallığa söykənməyən ümid ümidsizliyə və hətta etimadsızlığa, inamsızlığa gətirib çıxara bilər. Bununla yanaşı, digər tərəfi də nəzərə almaq lazımdır. Məsələn, Rusiyadakı hansısa ciddi siyasət adamı bu ölkənin sıradan bir ekspertinin sözündən sevincək olduğumuzu görəndə, problemin real həllindən daha çox “dopinqi” artırmaq barədə düşünür. Mən bir neçə ildir ki, Duqinin Rusiyanın sözçüsü, yaxud Kremlin ideoloqu kimi təqdim olunmasına etiraz edirəm. Duqin maraqlı adamdır, yaxşı PR-çidir, ölkəsinin hətta uğursuz layihələrinə də geosiyasi don geyindirməyi bacarır. Amma biz unuduruq ki, onun mülahizələri subyektiv xarakter daşıyır və ölkəsinin Cənubi Qafqazla bağlı siyasətinə heç cüzi korrektə etmək gücündə də deyil”.
Analitikin fikrincə, bizim üçün Duqin və yaxud Rusiya parlamentinin komitə sədrinin müavinin dediyi sözlərdən daha çox rəsmi Moskvanın mövqeyini ifadə edən Sergey Lavrovun açıqlamaları önəm kəsb edir:
“Lavrov isə bir neçə gün öncə Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin atəşkəsə nail olmaq üçün qəbul olunduğunu bildirmişdi və ölkəsinin də səs verdiyi sənədlərin mahiyyətini açıq-aşkar təhrif etmişdi. Azərbaycana səfər edən rus ekspertlər və deputatlar əgər həqiqətin yanındadırlarsa, bizə xoş gəlmək üçün Azərbaycanda bəyanat vermək əvəzinə, qoy, Rusiyanın kütləvi informasiya vasitələrində Sergey Lavrovun avantürist açıqlamalarına etiraz etsinlər, Dövlət Dumasında Rusiyanın Cənubi Qafqazdakı siyasətinin yanlış olduğunu bildirsinlər. Rusiya telekanallarında siyasi tok-şouları diqqətlə izləyirəm. Hətta Azərbaycanda Kremlin sözçüsü kimi təqdim olunan Duqini həmin verilişlərdə çox nadir hallarda görmək mümkündür. Duqinin ünvanına tərif yağdıranlar onun Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı 2016-cı ildə hazırladığı video müraciətə baxsınlar və nəticə çıxarsınlar. Duqin bu müraciətində Azərbaycanda və Cənubi Qafqazda yaşayan bütün kiçik etnik qruplar haqqında həm də xüsusi hiyləgərliklə danışır, amma bu torpaqlarda çoxsaylı dövlətlər quran türk etnosundan bir kəlmə söz açmır. Duqin AXC-ni ümumiyyətlə yada salmır və Azərbaycanın SSRİ-dən yox, məhz Rusiyadan 1991-ci ildə ayrıldığını iddia edir. Duqin Avrasiya İmperiyasından danışır və Rusiyanı bu imperiyanın varisi hesab edir. Onun qənaətinə görə, bu imperiyadan qopanlar, o cümlədən Azərbaycan müstəqillik əldə etdiyinə görə sevinməməlidir. İndi bu ultra-millətçi boşboğaz nə deyirsə desin, əgər o Azərbaycanın müstəqilliyini həzm edə bilmirsə, dövlətçilik tariximizlə barışmırsa, onun söylədiklərinin heç bir dəyəri yoxdur. Duqinin avrasiyaçılığı rus və türk etnoslarının bərabərhüquqlu birliyi deyil, Rusiyanın timsalında Avrasiya İmperiyasının yaradılmasıdır və Duqinin “imperiya”sında türkləri “böyük rus xalqı”nın kölgəsinə sığınan təbəə kimi görürlər”.
E.Mirzəbəyli bu arada həssas bir məqama da toxunub:
“Rusiya Ermənistanda baş verən proseslərdən narazıdır və təbii ki, yaranmış vəziyyətdən maksimum yararlanmağa cəhd göstərmək lazımdır. Bizim üçün əsas məqsəd Rusiyanın Ermənistandakı vəziyyəti yenidən tam nəzarətə götürmək niyyətinin reallaşması deyil, ərazi bütövlüyümüzün təmin olunması olmalıdır”.

Cavid

Bu xəbər oxundu
- - -