Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda milli məsələnin qoyuluşu

03.07.18, 11:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Şeyx Məhəmməd Xiyabani millətin ayağa qalxıb öz hakimiyyətini ələ alması zəruriliyindən bəhs edərkən demişdi: «Bu günə qədər Azərbaycan millətinin vaxtı hər dəfə yeni şahlıq yaratmaqda keçib. Bu millət məhkumiyyət çarpayısından qalxıb özü hakimiyyət taxtına çıxmalıdır. Dövlətləri və səltənətləri millətlər yaradır, artıq şahlıq dövrü qurtardı. Azərbaycanda hakimiyyət tamamən millətin olmalıdır».
Seyid Cəfər Pişəvəri isə «Azərbaycan» qəzetinin 11 sentyabr 1945-ci il tarixli sayında yazırdı: «Hər xalqın müqəddəratı öz tərəfindən təyin edilməlidir. Milliyyət azadlığı və hər bir xalqın öz müqəddəratını təyin etməsində azad və muxtar olmasının əsas prinsipləri dil azadlığı, milli mədəniyyət azadlığı və sair iqtisadi, siyasi və ictimai azadlıqlardan ibarətdir. Azərbaycan milləti (əslində Azərbaycan türkü - S.O.) dünyanın ən qədim və mədəni xalqlarından biridir».
Maraqlıdır ki, İran Xalq partiyasının məramnaməsində heç vaxt «Azərbaycan milləti» ifadəsi öz əksini tapmayıb. Halbuki, hələ Səttar xanın yanına mütləqiyyət tərəfdarlarından bir neçə nəfəri gələndə Səttar xan onlara demişdi: «Burada qaldırılmış bayraq azadlıq bayrağıdır. Dünyanın 72 milləti həmin bayrağın altına pənah gətirməlidir. Biz təslim olmarıq, gedin əlinizdən gələni əsirgəməyin».
1927-ci ildə təşkil edilmiş İran Kommunist partiyasının II qurultayında qəbul edilmiş qətnaməyə əsasən hər millətin tam müstəqilliyi, hətta mərkəzi hökumətdən ayrılmaq hüququna malik olduğu bildirilir. Partiyanın təsdiq etdiyi «Əməliyyat proqramı» adlı sənədin siasi sahədəki bölməsində milli məsələnin qoyuluşu və həlli barədə belə qeyd olunmuşdu: «İran Kommunist firqəsi və İran məmləkəti tərkibində yaşayan millətlərin tam azadlığı və hətta onların mərkəzdən ayrılması uğrunda mübarizə aparır. Bu şərtlə ki, o millətlərin zəhmətkeşlərinin əksəriyyəti bu işə meyl göstərmiş olalar». İran Kommunist partiyasının proqramında millətin zəhmətkeş təbəqəsi və zümrəsinin arzusu əsas tutulurdu.
Əslində millətin azadlığı uğrunda mübarizədə milli burjua əsas rol oynayır. Ona görə də milləti müxtəlif təbəqələrə ayırmaq kökündən yanlışdır. Hazırda Güney Azərbaycanda ana dilində təhsil almaq hüququ uğrunda mübarizə şiddətlənibsə, bunun həm varlı, həm yoxsul, həm zəhmətkeş təbəqəyə xeyri var. Özünü idarə etmək uğrunda gedən mübarizəyə də millətin bütün təbəqələri qoşulur. Çünki onlar proletariat diktaturası deyil, öz müqəddəratını təyin etmək üçün bütöv bir millət ayağa qalxır.
İran Xalq partiyası da 1942-ci ildə 5 maddədən ibarət qəbul etdiyi məramnaməsində milli məsələni proletar hegemonluğundan asılı etmişdi. Bu da proletar beynəlmiləlçiliyi şüarı ilə əlaqədar idi. İran Xalq partiyasının 1960-cı ildə qəbul etdiyi proqramda İranda milli və demokratik respublika yarandıqdan sonra ölkədə yaşayan xalqların öz müqəddəratlarının təyin edilməsi qeyd edilmişdi. Bir sözlə, İran Xalq partiyası milli məsələnin həllini İranın istiqlaliyyəti uğrunda imperializmin zülm və qarətçiliyinə qarşı bütün İran xalqlarının birgə mübarizə şüarına tabe etmişdi. Guya İran istiqlaliyyət əldə etdikdə, demokratik gümhuriyyət rejimi bərqərar olduqdan sonra milli məsələ öz-özlüyündə həll olunacaq.
Sonralar XX əsrin 60-70-ci illərində İran Xalq partiyası milli məsələdə bir azca irəli gedərək qəbul etdiyi tezislərin V maddəsində belə şərh edilmişdi: «İran Xalq partiyası İranda yaşayan bütün millətlərin, milli əqəlliyyətlərin tam hüquq bərabərliyini və onların vahid vətən çərçivəsi daxilində İranın ərazi bütövlüyünün qorunması əsasında könüllü birləşməsinin tərəfdarıdır. Belə bir məqsədə nail olmaq üçün milli zülmün kökünü kəsmək əsas şərt hesab olunur. Milli zülmün kökünü kəsmək məqsədinə nail olmaq yolu isə İrandakı məhrum millətlərin özünü idarə etməsini təmin etməkdən ibarətdir».
İran inqilabının qələbəsindən, şahlıq rejiminin devrilməsindən sonra da İran Xalq partiyası 1981-ci ildə Tehranda təşkil edilmiş XVII geniş plenumunda İranda milli məsələnin qoyuluşu və həllini İran inqilabının sabitləşməsindən, nailiyyətlərindən, möhkəmlənməsindən asılı edərək qəbul etdiyi məramnamədə milli məsələyə aid belə bir formula vermişdi: «İnqilabi yolla yıxılmış irtica rejiminin siyasətindən doğmuş gerilikləri aradan aparmaq və fars olmayan bütün xalqların mədəni və özünü idarəetmə hüqüqünü tanımaq milli vəhdətin əsas dayaqlarından, ölkə istiqlaliyyətinin və ərazi bütövlüyünün ən mühüm zəmanətlərindən biridir».
Deməli, hətta İran inqilabı qələbə çaldıqdan sonra da İran Xalq partiyası milli məsələyə daha yumşaq yanaşmış, hər millətin tam müstəqilliyi, hətta mərkəzi hökumətdən ayrılıb milli muxtariyyət əldə etməsi hüququnu da İXP rəhbərliyində qeyri-azərbaycanlıların əksəriyyət təşkil etməsi ilə əlaqədar idi. Sonralar İran İslam Cümhuriyyəti başçıları, xüsusilə bu yaxınlarda dünyasını dəyişmiş cəllad Sadıq Xalxali kürdlərin və bəlucların özünü idarəetmə hüquqları uğrunda apardıqları mübarizə hərəkatını qan dəryasında boğması ilə nəticələndi.
Təbrizli Əli 1980-ci ildə Tehranda çap etdirdiyi «Dil və ədəbiyyat» kitabında haqlı olaraq yazırdı: «Bir millət gərək niyə və nədən özünü unudub qonşu ümidinə yaşasın və ya öz dili ola-ola özgə dilini özünə qablaşdırsın. Bunlardan başqa bu qədər təcrübə, bu qədər acı-acı sınaqlar, bu qədər tarixlər boyu ədavət ilə yaşamaqlar bu zatıqırığı tanımaq üçün bəs deyilmiş. Bunlar bizi qoyun kimi əldən-ələ keçiriblər. Fars şahı bizi təhvil verib fars vəzirinə, fars vəziri qaçıb, bizi təhvil verib fars mollasına və fars axundu da ola bilər ki, bizi təhvil versin fars çerikinə və habelə o buna, bu ona. Çünki bunları ayrı Allah yaradıb».
İranın Əsas Qanununun XV maddəsində deyilir: «İran xalqının rəmzi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənilməsi, mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır». Yaxud Əsas Qanunun XIX maddəsində deyilir: «İran xalqı hansı etnik qrup (qövm) və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir». İran İslam Cümhuriyyətinin Əsas Qanununa əsasən 35 milyonluq Azərbaycan türkü və müsəlmanın öz dillərində danışmaq, yazıb-oxumaq hüququ var. Əcəba, görəsən İslam inqilabını digər müsəlman ölkələrinə ixrac etmək istəyən İranın dövlət və din xadimləri nə üçün onların və özlərinin qəbul etdikləri Əsas Qanunun əleyhinə gedirlər?

Bu xəbər oxundu
- - -