Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyənin xarici siyasəti bundan sonra necə olacaq?

04.07.18, 9:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ərdoğan dəyişməz qalacaq, Çavuşoğlunun isə əvəz edilməsi ehtimalı var

Türkiyənin Qərblə münasibətləri prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı altında olduğu dövrdəki kimi, heç vaxt gərgin və çaşqın olmayıb. Bundan əlavə, Yaxın Şərqdəki heç bir hökumət Ankaranın bölgə işlərinə müdaxiləsindən heyranlıq duymur. Ancaq Ərdoğanın son seçki zəfərinin ardınca Qərblə əlaqələrin çox şeyi müəyyən edəcəyi şəksizdir. Xüsusilə də, 2017-ci ildə qəbul edilən Konstitusiya dəyişikliklərinin tətbiq olunmasından sonra Ərdoğanın Türkiyənin “yeganə hökmdarı” olmasını nəzərə alınaraq.
Strateq “Əl-Monitor”a istinadən yazır ki, Ərdoğanın seçki qələbəsi, həmçinin göstərir ki, Qərblə münasibətlərdə ifrat hücum tonu Türkiyədə və xaricdə çox sayda türkün dəstəyinə malikdir. Bu, Ərdoğanın başçılığı dövründə Ankaranın xarici siyasət istiqamətinin daha sərt olacağını düşünməyə əsas verib. Bu belə ola bilər, amma əsas fəlsəfə fərqli olacaq.
Türkiyənin xarici siyasəti bundan əvvəl sabiq baş nazir Əhməd Davudoğlunun hazırladığı “qonşularla sıfır problem” idealist anlayışına əsaslanırdı. 2016-cı ilin iyul ayında Davudoğlunu əvəz etdikdən sonra Binəli Yıldırım dedi ki, “Türkiyənin dostlarının sayını artırmaq və düşmən sayını azaltmaq üçün çalışacağıq”.
Həm Davudoğlu, həm də Yıldırımın formulları, əlbəttə, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “evdə sülh, cahanda sülh” kəlamına əsaslanırdı. Lakin Türkiyənin qonşularla bağlı problemləri artdıqca və Ərdoğanın beynəlxalq münasibətlərdəki sərt yanaşması ucbatından bu formullar istənilən effektləri ortaya qoya bilməyib.
Ərdoğanın may ayında təqdim etdiyi seçki manifesti Davudoğlu və Yıldırımın açıqladığı idealist fikirlərdən uzaqlaşacağını açıqlayır. O, xarici siyasətində qlobal vəziyyətin və əslində, “1990-cı illərin təkqütblü dünyasının olmadığını” qavranılmasına söykənən gerçəkliyi əks etdirəcək.
Bu yanaşmanın əsasını “dövlətlərin təpkisi və müstəsna hərəkətləri” ucbatından Türkiyənin milli təhlükəsizliyi və digər mühüm məsələlər təşkil edir. Qısası, Ərdoğanın xarici siyasət baxışı güclü Türkiyə qurmaq fikrinə əsaslanır: düşmənlər və bütün xarici təhlükələrdən özünü qorumaq, həm də regionda əsas gücə çevrilmək.
Bu baxımdan Ərdoğan Türkiyənin Suriyadakı YPG-yə / İraqdakı PKK-ya qarşı hərbi müdaxilələri – “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatını misal göstərir.
Türkiyənin Avropa İttifaqına qoşulması təklifinə müxalifliyi Ərdoğan öz manifestində belə səciyyələndirib: “fanatizm, mədəni irqçilik və Qərbdə İslamın düşmənçiliyinin artırılması”. Bu, Türkiyənin qarşısında duran mərkəzi təhlükələrdən biridir və o, Qərbin Türkiyəni məhv etmək üçün terrorçu qrupları öz ərazisində yerləşdirməsi inancına bağlıdır. Bu qruplar arasında Pensilvaniyada yaşayan və 2016-cı ildə baş vermiş hərbi çevriliş cəhdində ittiham edilən Fəthullah Gülənin ardıcıları da var; həmçinin, tərəfdarları Avropada azad şəkildə fəaliyyət göstərən PKK və Vaşinqtondan dəstək alan Suriya YPG-si.
Bu anlayış AKP-nin koalisiya tərəfdaşı olan ultra-sağ milliyyətçi MHP tərəfindən dəstəklənir.
2015-ci ildə qısa müddətdə Davudoğlunun Aİ işləri üzrə naziri olmuş Beril Dedeoğlunun sözlərinə görə, terrorla mübarizə Ərdoğanın xarici siyasətində nüvəsi olaraq qalacaq. Dedeoğlu hökumətyönlü “Yıldız”dakı künc yazısında yazıb: “Türkiyənin hər bir ölkə ilə əlaqəsi bu məsələ ilə müəyyənləşəcək”.
İstanbulda yerləşən EDAM (İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzi) rəhbəri və Brüsseldə “Carnegie Europe”-da dəvətli alim olan Sinan Ülgən Ərdoğanın başçılığı dövründə Türkiyənin Qərblə əlaqələri ilə bağlı bədbin rəydədir.
AKP-nin, Türkiyənin Aİ-yə daxil olmasına dərin şübhə duyan MHP ilə tərəfdaşlığa toxunan Ülgən, Ankaranın xarici siyasətinin “sağa döndərəcəyinə” inanır. Bu, xarici siyasətdə Ankaranı Qərb üçün “daha davakar və mübahisəli müttəfiq” edəcək.
Ülgen yazıb: “Bu şərtlərdə Türkiyə-Aİ əlaqələri yalnız qaçqın müqaviləsi kimi bir neçə qarşılıqlı marağı əhatə edən münasibətlərlə tamamlanacaq”.
Ərdoğanın qərbpərəst müxalifləri Türkiyənin Qərbdən uzaqlaşmasına qarşı çıxır, lakin onun tərəfdarları bu şəraitdə indiki siyasətin pis olduğuna inanmırlar.
Hökumətyönlü SETA (Ankara Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondu) təmsilçisi Murat Yeşiltaş Türkiyənin ənənəvi Qərb yönümlü xarici siyasətinin keçmişin qalığı olduğu fikrini müdafiə edir. Yeşiltasın fikrincə, Ərdoğanın xarici dünyası ilə əlaqələri “neorealist” olacaq və bu, seçki bəyannaməsinin analizində ifadə edilib.
“Ərdoğanın mövqeyinə gəldikdə, ABŞ artıq yeganə qlobal güc deyil”. Yeşiltas yazıb ki, Rusiya və digər güclər indi Ərdoğanın xarici siyasət yanaşması üçün çox vacibdir. Politoloq bildirib: “Qərbli müttəfiqlərlə deyil, Rusiya, İran və Çin ilə işləyən bir Türkiyə, bu, neorealizm anlayışının ayrılmaz parçasıdır” .
Ərdoğanın qərbpərəst müxaliflərinin əsas tənqidlərindən biri Türkiyəni demokratik və humanist dəyərlərdən uzaqlaşdırılmasıdır. Prezident kimi, tərəfdarları da, Qərbin irqçi, ksenofob və İslamofob dəyərləri dəstəklədiyini iddia edirlər. Şərqdən gələn miqrantlarla bağlı Avropadakı mövcud müzakirələrlə müqayisədə, Türkiyə xeyli suriyalı qaçqını qəbul edib.
Türkiyənin xarici siyasət yanaşmasının mənəvi dəyərlərə əsaslandığı söylənir, İsrail təzyiqlərindən əziyyət çəkən fələstinlilər və ya Myanmarda Roginya müsəlmanlarının qətliamı ilə bağlı etirazlar məzlumlara dəstək sayılır. Prezidentin administrasiyasında xarici siyasət şöbəsinin başçısı olan Ayşe Sözen Usluer seçki gecəsində bu məqamı xüsusi vurğulayıb.
Usluer, Berlindəki Seçki Koordinasiya Mərkəzində çıxışında deyib: “Xarici siyasətimiz ədalət, ləyaqət və azadlıq dəyərlərinə bağlıdır”.
Ərdoğanın geri çəkilmək istəmədiyi anti-Qərb ritorikasına baxmayaraq, qərbli liderlər onu yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər. Seçkilər ədalətli mühitdən uzaq keçirilməsi onların əksəriyyəti üçün xüsusi əhəmiyyət daşımır. Bu, dünyanın çətin bir regionunda Türkiyənin artan strateji əhəmiyyətinə görə, şəxsi hisslərindən asılı olmayaraq, Ərdoğanla işləmək məcburiyyətində olduqlarına işarədir.
Ərdoğanın xarici siyasət məsləhətçisi İbrahim Kalının mövcud xarici işlər naziri Mevlüt Çavuşoğlunun əvəz edəcəyi barədə şayiələr dolaşır. Kalın daha yumşaq danışır. Xarici işlər naziri olduğu təqdirdə, o, Qərblə münasibətlərdə daha həssas və diplomatik bir tonu ifadə edə bilər.
Vəziyyət necə olursa-olsun, Qərb liderləri ABŞ və Avropada həyati əhəmiyyət kəsb edən məsələləri həll etmək üçün Ərdoğanla işləməyə çalışırlar. Ərdoğan isə onların həyatını çətin ki, asanlaşdırsın.

Bu xəbər oxundu
- - -