Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyan Qarabağa polis göndərir

04.07.18, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hikmət Hacıyev: “Bu, Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir”

Elçin Mirzəbəyli: “Səbəb Ermənistan ordusunda baş verən problemlər, daxili ziddiyyətlərin dərinləşməsi, klanlararası mübarizənin orduya keçməsi və Paşinyanın orduya etibar etməməsidir”

“Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib”.
Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumatların yayılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, daxili qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir: “Bununla bərabər, ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərin həllində ciddi çətinliklərlə üzləşən Ermənistanın populist rəhbərliyi bu kimi gərginlik ab-havası və hərbi ritorika ilə ictimai rəyi manipulyasiya etməyə və öz reytinqini saxlamağa çalışır. Öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə Ermənistanın Daxili qoşun birləşmələrini də Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya etməsi Ermənistan işğalçı dövlət olduğunu və rəsmi İrəvanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.
Məsələyə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, analitik Elçin Mirzəbəylinin qənaətinə görə, daxili qoşunların hərbi birləşmələrinin Dağlıq Qarabağa göndərilməsi üçün orada keçirilən aksiyaların əsas kimi göstərilməsi bəhanədir: “Əsil səbəb Ermənistan ordusunda baş verən problemlər, daxili ziddiyyətlərin dərinləşməsi, klanlararası mübarizənin orduya keçməsi və Paşinyanın orduya etibar etməməsidir. Burada əsgər çatışmazlığı və digər bu kimi köməkçi amillər də rol oynaya bilər. Amma başıca səbəb hakimiyyətlə ordu arasındakı etimadsızlıqdır. Ermənistan polisinin Dağlıq Qarabağa göndərilməsi fakt olaraq yeni deyil. Onsuz da işğal altında olan ərazilərimizdə mövcud olan bütün qanunsuz qurumların üstündə Ermənistandan təyin olunan şəxslər dayanır. Bunun baş nazir səviyyəsində açıq-aşkar dilə gətirilməsi isə təkcə işğal faktını deyil, həmçinin İrəvanın guya müstəqil qurum kimi fəaliyyət göstərdiklərini iddia etdiyi qanunsuz strukturların Ermənistan tərəfindən formalaşdırıldığı və idarə edildiyinin etirafıdır. Ermənistan polisinin ölkənin sərhədlərindən kənara göndərilməsi işğalçı dövlətin qanunvericiliyinə də ziddir. Rəsmi Bakının bu qərara qarşı ata biləcəyi çoxsaylı addımlar var. Şübhəsiz ki, rəsmi dövlət qurumları nə edəcəklərini daha yaxşı bilirlər. Mənim subyektiv fikirlərimə gəldikdə isə ilk növbədə bu fakt ətrafında ciddi beynəlxalq kampaniya aparılmalı və diqqət Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində polis rejimi yaratmaq cəhdinə yönəldilməlidir.

Bu xəbər oxundu
- - -