Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Erməniustan Azərbaycan qarşısında çox gücsüzdür”

05.07.18, 8:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistan Azərbaycan Ordusunun ehtimal edilən mümkün hücumları qarşısında həm texniki təchizat, həm də şəxsi heyətin hazırlıq səviyyəsi baxımından gücsüzdür”.
Bu sözləri Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumatları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, Ermənistan son günlər cəbhədə yaranmış vəziyyəti ciddi götür-qoy edir: “İşğalçı Bakıdakı hərbi paraddan sonra Azərbaycan Ordusunun potensialını qiyabi də olsa, təsəvvür etdi. Üstəlik, paraddan sonra Azərbaycan Ordusunun bütün təmas xətti boyunca təlimlərə başlaması və yeni alınmış silahların məşqini həyata keçirməsini ermənilər görür. Açıq-aşkar Azərbaycanın ciddi hərbi niyyətlərinin olduğunu anlayırlar. Danışıqlar prosesindən uzaq duran Ermənistan onu da yaxşı bilir ki, indiyə qədər müharibə amilinin qarşısında dayanan Rusiya artıq Azərbaycanla müəyyən dostluq telləri qurmağa başlayıb. Görünür, Rusiya nümayəndə heyətinin Azərbaycana gəlməsi sözün əsil mənasında Ermənistana təsir edib. Ermənistan Azərbaycan Ordusunun qarşısına yeni məqsədlər qoyduğunu başa düşür. Ona görə də işğalçı ölkədə həyəcan təbili çalınır. Bu da bilavasitə Azərbaycan Ordusu hücuma keçəcəyi təqdirdə Ermənistanın buna davam gətirə bilməyəcəyi qənaətindən irəli gəlir”.
Politoloq Ermənistanda təhlükəsizlik şurasının son iclasında Azərbaycan Ordusunun ehtimal edilən hücumu barədə geniş müzakirələrin aparıldığını deyib:
“İclasda Ermənistanın müdafiə sistemlərinin yenidən qurulması barədə qərar verilib. Həmin yığıncaqda belə bir qərar da qəbul edilib ki, Ermənistanın Daxili Qoşunları həm Ermənistan-Azərbaycan sərhədinə, həm də Dağlıq Qarabağ bölgəsinə - bilavasitə təmas xəttinə göndərilsin. Onlarda belə bir fikir hakimdir ki, guya Ermənistanın Daxili Qoşunları nizam və hazırlıq səviyyəsinə görə Azərbaycanın hücumu qarşısında müqavimət göstərə bilər. Ermənistan müdafiəyə, eyni zamanda, yeni silahlar əldə etməyə çalışır. Ancaq bunun üçün Ermənistanın imkanları çox məhduddur. Məsələn, ordunun kompleksləşdirilməsi sarıdan Ermənistan ordusunda ciddi çətinliklər var. Üstəlik, yeni hərbi texnika, hətta Su-30SM təyyarələrinin alınması da ciddi sual altındadır. Çünki büdcədən hərbi nazirik üçün ayrılmış təchizatlar yetərincə deyil və bu, mövcud ordunu saxlamağa imkan vermir. Ona görə də Ermənistanda hazırda maliyyə və çağırışçı qıtlığı yaşanır. Xüsusən də ordunun döyüş hazırlığı çox aşağı səviyyədədir. Burada Ermənistandan olan çağırışçılarla Dağlıq Qarabağdan gəlmiş çağırışçılar arasında problemlər də var. Bir sözlə, Ermənistan təşviş içərisində Azərbaycan ordusunun hücumunu gözləyir”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Daxili Qoşunların bu prosesə cəlb edilməsi onu göstərir ki, onlar təhlükəni hiss edirlər: “Çalışırlar ki, mövqelərini gücləndirsinlər. Hətta digər bir xidməti aparan strukturu da orduya məxsus xidmətə cəlb ediblər. Bunlar göstərir ki, orada həm müdafiə, həm də siyasi məsələlərlə bağlı problemlər var. Çünki bu faktiki olaraq Paşinyanın “Qarabağ qarabağlıların öz problemidir, biz Ermənistan olaraq bu danışıqlarda iştirak etmək niyyətində deyilik” fikrinə ziddir. Sənin ordun cəbhədədir, Daxili Qoşunları cəbhəyə göndərirsən, iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat, seçki sistemin birdir. Hətta dövlət büdcəsinin bir hissəsi Qarabağla bağlıdır. Paşinyanın fikri ilə davranışları üst-üstə düşmür. Biz nəzərə almalıyıq ki, bizim bəzi jurnalistlərin yazdığı kimi Qarabağda separatçı və qondarma rejim deyil, orada işğalçı administrasiya var. Onun da yeganə məqsədi işğal edilən əraziləri Ermənistana anneksiya etməkdir. Orada separatizm adına heç nə yoxdur”.
Politoloq onu da vurğulayıb ki, Paşinyan hakimiyyəti və erməni cəmiyyəti o vəziyyətdə deyil ki, real danışıqlara diqqət yetirsin. Bu dəqiqdir. Xarici siyasət və Qarabağ mövzusunu daha çox daxili siyasi mübarizədə istifadə edəcəklər. Populist və radikal mövqelərin güclənməsini müşahidə edəcəyik. Hesab edirəm ki, məhz belə proseslərin tendensiyası artıq görünür: “Əslində Paşinyandan əvvəl də danışıqlarla bağlı ermənilərdə oturuşmuş mövqe yox idi, məqsəd vaxtı uzatmaq idi. İndi də belə bir mövqe yoxdur və olmayacaq da. Əsas məqsəd hakimiyyətə gəlmək üçün Qarabağ məsələsindən istifadə edilməsidir. İndiki mərhələdə erməni tərəfi danışıqların başlaması üçün heç bir hazırlıq nümayiş etdirməyəcək. Onlara təsir edəcək yeganə amil müharibədir. Digər amillər təəssüflər olsun ki, real deyil və görünmür”.
Politoloq Ermənistanda qərbpərəst meyillərin gücləndiyini də qeyd edib. Bildirib ki, Ermənistanın xarici siyasətinə yeni elementlər daxil olub, bu elementləri təbliğ edirlər. Ermənistan prezidenti Qərb ölkələrində səfərdə olub. Ermənistanda Qərbpərəst meyillər güclənib. Eyni zamanda buna zidd olaraq başqa tendensiya da var: “Məsələn, ermənilər istəyirlər ki, Rusiya onların təhlükəsizliyini təmin etsin. Bu iki məqam ziddiyyət təşkil edir. Təbii ki, gec və tez bu, ciddi böhrana gətirib çıxaracaq. Artıq biz eşidirik ki, Moskvada narazı səslər yüksəlir. Müxtəlif səviyyələrdə Ermənistandan narazılıq üzə çıxır. İndiki mərhələdə Rusiyadakı ermənipərəst qüvvələr çalışır ki, bu narazılığın qarşısını alsın. Nəzərə almaq lazımdır ki, Moskvada ermənipərəst qüvvələr güclüdür və Putinin yeni administrasiyasında onlar öz gücünü artırıb. Lakin reallığı da inkar etmək olmaz. Bu reallıq istər-istəməz Rusiya siyasi elitasına çatır və ictimaiyyətə də sızacaq. Bir sözlə, böhran hələ qarşıdadır.
Qərbin isə Ermənistanı himayəsinə götürməyə həvəsi yoxdur. Çünki Ermənistan Qərbə əhəmiyyətli təkliflər vermir. Sadəcə olaraq, Ermənistan Rusiyaya ziyan vurmaq baxımından qısamüddətli maraq kəsb edə bilər. Amma geopolitik baxımından Gürcüstan və Azərbaycandan fərqli olaraq, Ermənistan Qərb üçün heç bir əhəmiyyət kəsb etmir. İndi fikirlər səslənir ki, Türkmənistan Xəzər dənizi üzərindən yeni proyektlər həyata keçirəcək. Bu baxımdan Qərbin maraqları bizim tərəfdədir. Üstəlik Qərblə-İran arasında münasibətlər kəskin xarakter alır. Bu da təbii ki, Azərbaycana marağı artıracaq. Bu mənada Ermənistanın Qərbə nələrisə təklif etməsinin maraq kəsb etdiyini görmürəm”.
T.Zülfüqarov Ermənistanın yeni hökumətinin müdafiə nazirinin sabiq müavinini həbs etdiyi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, Qarabağ klanının hansısa rola malik üzvlərini aradan götürürlər: “Ümumiyyətlə, istəyirlər ki, hakimiyyəti təşkil edən müxtəlif strukturlarda Paşinyanın tərəfdarları daha da güclənsin. Ermənistanda Qarabağ klanının üzvlərini yaxşı tanıyırlar. İndi onları bir-bir aradan götürəcəklər. Çünki Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında qarşıdurma çoxdan mövcuddur. Sözdə birlikdən danışsalar da, əslində bir-birini görən gözləri yoxdur. Fikrimcə, Qarabağ klanının hakimiyyətdə olan nümayəndələri zərərsizləşdiriləcək. Xüsusilə, zamanında mitinq iştirakçılarına güllə atmaq əmri verənlər, Qarabağdan gələnlər və digərləri”.
İndi ermənilər yağışdan çıxıb yağmura düşüblər və Paşinyanın da sərgilədiyi mövqe Qarabağ məsələsinin sülh yolu ilə həllini əngəlləyir və dolayısı ilə bu siyasətin də erməni xalqının başında çatlayacağı şübhə doğura bilməz. Elə siyasi ekspertlər də məhz bu qənaətdədir və onların səsləndirdiyi ifadələr əslində bütün Ermənistana açıq-aşkar bir mesajdır ki, ermənilər özləri də bunun fərqindədirlər. Fərqindədirlər ki, hakimiyyətə gətirdikləri beli çantalı, başı şapkalı nümayişçinin bir baş nazir kimi davranışları Qarabağda müharibə ehtimallarını bir qədər də artırır. Ermənistanın özündə də bunu artıq dərk etməyə başlayıblar ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm parad, eləcə də iyulun 2-dən Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərə başlaması Qarabağ cəbhəsində yeni bir müharibəyə zəmin yaradır və artıq İrəvanda belə bir xof yaranıb.
Azərbaycanın artan hərbi təlimləri, buna qarşılıq olaraq isə İrəvanın ortaya qoyduğu şərt, yaxud aqressiv mövqe hərbi əməliyyatların qaçılmaz variant kimi gündəmə gələcəyinə artıq ekspertləri də əmin edib. Qərbyönümlü təcrübəsiz Paşinyan hakimiyyəti öz auditoriyasına hesablanmış mövqeyi və davranışları ilə müharibə ehtimalını hələ də gündəmə daşımaqdadır. Nikol Paşinyanın və onun hakmiyyətinin sərt ritorikasına qarşı Naxçıvan istiqamətində aparılan hərbi əməliyyatlar deyilənləri təsdiq edir və ordumuzun tutarlı cavabı ən layiqli mesajdır. Baş nazir Nikolun hazırkı siyasi kursu regionda ümumi təhlükəsizliyi təhdid edir və onun erməni ordusuna müdafiə və döyüş hazırlığı əmri verməsi daxili siyasi gərginliyi artırmaqla özünün vəd etdiyi islahatlardan yayınması kimi görünür.
Cavid

Bu xəbər oxundu
- - -