Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XIX əsrin ikinci yarısında Azərbaycan

05.07.18, 11:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hüseyn Baykara

2-ci yazı

Abbasqulu Bakıxanov bu əsəri rus çarına təqdim etmişdi. Çar bu əsərin tədqiqini Elmlər Akademiyasına həvalə etmişdi. Elmlər Akademiyası bu əsəri incələmək üçün akademik Brossa və Dorna göndərmişdi. Bu iki akademik əsərin elmi dəyəri haqqında eyni fikrə gəlmişdilər: “Abbasqulu ağanın əsərində bu günə qədər Avropa alimlərinə məlum olmayan və Şərq mənbələrindən alınma zəngin bilgilər var. Bu bilgilər əlimizdə olan məlumatı xeyli tamamlamaqdadır. Əsərdə müxtəlif coğrafi ərazilər haqqında məlumat verməklə bərabər Şirvan və Dağıstan ən qədim dövrlərdən başlayaraq ən yeni dövrlərə qədər sürən tarixinin ibrətverici xülasəsi verilib. Buna görə biz, bu əsəri Qafqaz ölkələrinin tarix və coğrafiyasına ən faydalı və mühüm əlavə olaraq qiymətləndiririk, müəllifin əmək və iltifatına qarşı hörmətimizi bəyan edirik”.
Yüksək qiymətə layiq görülməsinə baxmayaraq bu əsər rus çar akademiyası tərəfindən nəşr edilməmişdi. Çünki Mirzə Kazım bəy də söylədiyimiz kimi tarix elmi millətə nə etdiyini, kim olduğunu öyrədir. Çarlıq hər kültürəl, mədəni təşəbbüsdə olduğu kimi bu əsərin nəşr olunmasında da Qafqaz xalqlarının bəzən hüznlü və bəzən də öyündürücü şanlı keçmişlərini öyrənmələrini istəməmişdi.
Abbasqulu ağa əsəri rus çarına təqdim etdiyi zaman aşağıda yazdığı bu bir neçə sətir onun vətənpərvərliyini sübut edir. O yazırdı: “Ölkəmin indiyə kimi yazılmamış olan tarixinin qələmə alınması zərurətini düşünürdüm. Bir tərəfdən Vətənimin tarixini yazmaq üçün mümkün və müyəssər olmayan bəzi qiymətli sənədlərdən istifadə etmək imkanına malik olduğumdan bütün bu hallar məni mənsub olduğum ölkənin keçmiş həyatını yazmağa və boş vaxtlarımı bu işə həsr etməyə məcbur etdi” (Hüseyn Baykara. XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkətləri. Ankara, 1966, səh. 75).
Əsli-nəcabəti olan bu adam zülmkar rus çarına “Ölkəmin, vətənimin tarixini yazmaq zərurətini hiss etdim" deməkdən çəkinməmişdi. XIX əsrin ikinci yarısında Azərbaycanda tarix elmi sahəsində Mirzə Yusif Nersesov Qarabaği, Rzaqulu Mirzə Cəmal oğlu, Mirmehdi Haşım oğlu Xəzani, Həsənalı xan Qarabaği, Əhməd bəy Cavanşir və Mirzə Əhməd Mirzə Xudaverdi oğlu ilə təmsil edilmişdi.
M.F.Axundzadə tarix elmi metodu baxımından da Azərbaycan ziyalılarına yol göstərmişdi. O dövrə qədər tarixlə məşğul olanlar xalqın sosial məişətini və iqtisadi fikrinin inkişaf etməsini bir tərəfə ataraq M.F.Axundzadənin dediyi kimi, “təmtəraqlı ibarəpərdazlıqla” məşğul olmuşdular. Axundzadə onları olduqca kəskin bir şəkildə tənqid etmişdi.
Sonradan S.M.Qənizadə, N.Nərimanov, H.Mahmudbəyli, F.Köçərli və başqaları Tiflisdə rus dilində nəşr olunan “Qafqaz qəbilələrinin yerlərini yazan material” məcmuəsində Azərbaycan tarixinin bəzi problemlərinə dair tənqidi məqalələr yazmışdılar. 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz tarixi və arxeologiyası cəmiyyəti bildirişi” məcmuəsində H.S.A.Şirvaninin xalq adətləri, rəvayətləri və otuz üç tarixi abidə haqqında məlumat verən uzun məqaləsi çap edilmişdi. Şirvaninin bu məqaləsində Azərbaycan tarixi ilə bağlı çox qiymətli material var.
Azərbaycan tarixi haqqında bu dəyərli məlumatlar Azərbaycan xalqının keçmişi haqqında çox əhəmiyyətli və qaranlıq cəhətləri aydınlaşdırmışdı. Xüsusilə üzərində yaşadıqları müqəddəs torpaqların ulu babalarından onlara miras qaldığını və bu torpaqlar üzərində yaradılan sənət əsərlərinin babalarının dühaları ilə meydana gəldiyini göstərirdi. Kənardan gələn, istər rus, istərsə də Qərb tarixçi və arxeoloqları öz ölkələrinin imperialist əməllərinə uyğun şəkildə Azərbaycan xalqının ulu nəslindən qalan əsərləri başqa millətlərin mədəniyyətinin təsiri altında yaradıldığını iddia edir və Azərbaycan xalqının varlığını inkar etməyə çalışırdılar. Məşhur türkoloq Bartoldun “Rus olmayan xalqları necə ruslaşdırmalı” adlı bir əsəri vardır (Türkiyyat institutu kitabxanası, № 716, İstanbul). Bütün bunlar azmış kimi Bakıda olan rus pravoslav kilsəsi Azərbaycanın ən dəyərli abidələrindən olan Şirvanşahlar sarayını və Divanxananı sökərək yerində kilsə tikilməsini israr edirdi. Rus çar məmurları bu saraydan anbar kimi istifadə etdikləri üçün kilsənin bu tələbini yerinə yetirməmişdilər (Azərbaycan tarixi, II cild, səh. 379).
İrəlidəki incələmələrimizdən görünəcəkdir ki, tarixin özünəməxsus inkişafı bütün maneələrə baxmayaraq durmadan irəliyə hərəkət etmiş və rus imperializminin bütün zülmləri boşa çıxmışdı. Azərbaycan xalqı qurtuluş və azadlığı uğrunda əhəmiyyətli addımlar atmış, böyük fədakarlıqlar göstərmiş, qurbanlar vermiş və qan axıdaraq qısa bir müddət olsa da azadlığa qovuşmuşdu.

Ədəbi tənqid və ədəbiyyat tarixçiliyi

Azərbaycanda ədəbi tənqid sahəsində M.F.Axundzadənin böyük əməyi olmuşdu. 1840-cı ildə o, Vaqifin və Zakirin şerlərindən ibarət bir antologiya tərtib etmiş və əsərə ön söz yazmışdı. M.F.Axundzadə ön sözdə “Sənət sənət üçündür” fəlsəfəsini rədd edərək “sənət həyat üçündür” fikrini müdafiə etmiş və forma üçün mövzunu fəda edən yazıçıları amansız tənqid etmişdi. Ədəbi janr məsələsinə tənqidində yer verən Axundzadə tənqid və satiranı ictimai həyatın ədalətsizliyinə, köhnəliyinə qarşı mübarizədə ən yaxşı ədəbi vasitə hesab edirdi. O deyirdi ki, insanın təbiətindəki pis cəhətləri, çirkinliyi yalnız tənqid, kinayə və acı istehza vasitəsilə silib atmaq mümkün olur. Azərbaycan ədəbiyyatı tarixində bu tərzdə yazan şairlərdən S.Ə.Şirvanini və M.Ə.Sabiri xüsusilə qeyd etmək lazımdır.
Mirzə Yusif Qarabaği tərəfindən tərtib olunan “Məcmuəyi-əşari Vaqif və şair müasirin” antologiyası şair Mirzəcan Mədətovun xahişi və köməkliyi sayəsində 1850-ci ildə Teymurxanşurada nəşr edilmişdi. Bu əsərdə Azərbaycan şairləri haqqında bioqrafik və tarixi məlumatlar var. Beləliklə, H.Zərdabi, S.M.Qənizadə, N.Nərimanov, F.Köçərli, M.T.Sidqi və digərləri ədəbiyyat tarixi, ədəbi tənqid haqqında nəzəri fikirlər irəli sürmüş və ədəbiyyatın sosial vəzifəsinin xalqın gündəlik həyatına daxil olmaqda, növbəsi çatmış məsələləri həll etməkdə, cəmiyyətin və müasir dövrün ehtiyaclarına cavab verə biləcək şəkildə hazırlamaqda görmüşlər. M.M.Nəvvab tərəfindən XIX əsr Azərbaycan şairlərindən bəhs edən “Təzkirəyi-Nəvvab” adlı antologiya nəşr edilmişdir. Əsərdə olduqca maraqlı mənbələr vardır (Bu əsər Bəyazit kitabxanasında var. – H.B.).
Azərbazzycan-türk şivəsinin fonetikası, morfologiya, sintaksis və Azərtürk dialektologiyası haqqında meydana çıxan ilk əsərlər arasında Ağa Mirzəli Mustafa oğlu Bakuvinin yazdığı “Təcrüd-ül-lüğət” adlı əsəri dövrünə görə qiymətli lüğət sayılır.
Hər xalqın özünəməxsus adlı-sanlı qəhrəmanları vardır və onları mənsub olduqları millətin, ölkənin çətin məsələlərində hər zaman və hər yerdə ön cəbhədə çarpışan, vuruşan görürük. Azərbaycanın fikir və mədəniyyət tarixində M.F.Axundzadə, H.Zərdabi belə öndə gedənlərdəndir. 1875-1907-ci illər arasında Zərdabinin yaradıcılığında Zaqafqaziyanın geridə qalması, idarəçilik üsulu, kəndin xilas olunması və bu kimi digər yazılar əsas yerlərdən birini tuturdu. Bu mövzulardan aydın olur ki, H.Zərdabi Qafqaz türklərinin həyatından hansı məsələləri araşdırmışdı. Bunlar rus idarəsində çalışan məmurların Qafqaz xalqına etdiyi zülmü, Qafqaz xalqı üzərinə kabus kimi çökən dini fanatizmi, millətin yaşayışındakı tənqid ediləcək tərəfləri araşdıran, tənqid edən və qurtuluş yollarını göstərən yazılardır.
M.F.Axundzadə “Qafqaz Arxeoqrafiya komissiyası”, “Rus imperatorluğu coğrafiya cəmiyyətinin Qafqaz şöbəsi”, “Qafqaz ölkəsi məskun yerlərinin öyrənilməsi komissiyası”nın nümayəndəsi idi. Onun təşəbbüsü ilə yuxarıda qeyd etdiyimiz komissiyalar mətbuatlarında Qafqaz xalqları və o cümlədən azəri türklərinin həyatına dair bir çox məlumatlar dərc etdirmişdi. Bu nəşrlər arasında 1866-1906-cı illəri əhatə edən, Qafqaz general-qubernator idarəsi arxivində saxlanılan və arxeoqrafiya komissiyasının topladığı Zaqafqaziya kəndlilərinin iqtisadi məişətinin öyrənilməsinə dair materialların dərc edilməsi çox əhəmiyyətli olmuşdu. Bu materiallarda Azərbaycan xalqının həyat və tarixinə yarıyacaq çox məlumatlar var. Bundan başqa M.F.Axundzadə, H.Zərdabi Qərbi Avropa, Türkiyə, İran, Hindistanın tanınmış, azadlıq tərəfdarı olan qabaqcıl adamları ilə yaxından əlaqə saxlamışdılar. Bu əlaqələrin hər iki qabaqcıl, mütəfəkkir fikirli şəxslərə böyük təsiri olmuşdu. Hər iki Azərbaycan mütəfəkkiri qələmə aldıqları əsərlərində mürtəce qüvvələri tənqid etməkdən çəkinmirdilər. Qabaqcıl fikirli olan bu adamlar xalqının gücünə inanır və Azərbaycan xalqının əsl varlığına, milli qüvvəsinə bağlı qalmışdılar.
M.F.Axundzadə yazırdı: “Bizim məqsədimiz xalqın azadlıq bayrağını yüksəklərə qaldırmaq və xalqa əmin-amanlıq şəraitində öz həyatını qurmağa, firavan və varlı həyata doğru getməyə imkan yaratmaqdan ibarətdir” (Azərbaycan tarixi, səh. 385).
Beləliklə, bir sıra tarixi və fəlsəfi əsərlərin müəllifi olan Mirzə Fətəlinin “Kəmalüddövlə, Cəmalüddövlə məktubları”, “Mollayi-Rumi (Mövlana Cəlaləddin Rumi) və onun əsəri haqqında”, “Filosof Yuma cavab” və başqa bu kimi dərin fəlsəfi və siyasi yazıları hal-hazırda islam Şərqində öz aktuallığını itirməyib.
M.F.Axundzadə “Kəmalüddövlə məktubları”nda bir daşla iki quş vurmuşdu. İran istibdadının zalim və cahilliyini acınacaqlı şəkildə tənqid edərkən “qızım sənə deyirəm, gəlinim sən eşit” metodu ilə bir siyasət işlədərək rus çar rejimini tənqid atəşinə tutmuş və çürüməkdə olan rus monarxiyasına hücum etmişdi. Bu şəkildə Azərbaycan xalqına və siyasi həyatına ilk olaraq o zaman çar idarəsi tərəfindən işlədilməsi qadağan olunan Qərb sözlərini gətirmişdi: “Konstitusiya, demokratiya, revolyusiya, despotizm, sivilizasiya, fanatizm, proqres, üsyan, politika, parlament, patriot və başqaları”.
Sonra Mirzə “Kəmalüddövlə məktubları”nda ərəblərin İranı bəzi yerdə qılınc gücüylə, bəzi yerdə aldadaraq işğal etdiklərini Firdovsinin “Şahnaməsi”ndən götürərək onun dili ilə anladır və bu vasitə ilə də İran və rus taxt-tacına lənətlər yağdırır. Firdovsidən nəql edərək deyir ki: “Bu ərəblər ... ağ ipək üzərində çox qorxu verən və çox az ümid göstərən bir məktub yazdılar...” (Kəmalüddövlə məktubları. Bakı, 1924, səh. 13-14).

ŞİŞLİ – İSTANBUL, 1975

Bu xəbər oxundu
- - -