Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkmənistanda “Bəxtiyarlıq dövründə elm, texnika və innovasiya texnologiyaları” mövzusunda konfrans

06.07.18, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu yaxınlarda Türkmənistan Prezidenti Qurbanqulı Berdimühəmmədovun sərəncamı ilə Türkmənistan Elmlər Akademiyası “Bəxtiyarlıq dövründə elm, texnika və innovasiya texnologiyaları” mövzusunda Türkmənistanda Elm Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirdi. Konfransı giriş sözü ilə Akademiyanın Prezidenti Sapardurdı Toylıyev açdı. Bundan sonra Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Pürli Ağamıradov ölkə Prezidentinin konfrans iştirakçılarına müraciətini və salamını çatdırdı.
Konfransın plenar iclası Oğuzxan adına Türkmənistan Mühəndis-Texnologiya Universitetində baş tutdu. Plenar iclasda Gürcüstan Milli Elmlər Akademiyasının Prezidenti akad. Giorgi Kvesitadze, Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyəti sədrinin birinci müavini (vitse-prezident), akad. Sergey Çijik, Yaponiyadan “Honda Foundation” kompaniyasının icraçı direktoru, elmlər doktoru Matsumoto Kadzuko, Qazaxıstan Ekologiya və Biotexnologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, elmlər doktoru, professor Ağmaral İsayeva, Almaniyanın Tsvikkau Tətbiqi Elmlər Universitetindən Brauvayler Xans Kristian, N.Bauman adına Moskva Dövlət Texniki Universitetinin professoru, elmlər doktoru Konstantin Averbux çıxış etdilər.
Günorta nahar yeməyindən sonra Türkmənistanın Gənc Alimlərinin elmi müsabiqə qaliblərinin təntənəli mükafatlandırılması Məhdimqulu adına Türkmənistan Dövlət Universitetinin geniş və müasir akt zalında keçirildi. Bölmələrə rəhbərliyi – “İnformasiya və Telekomunikasiya Texnologiyaları” - rəhbərlər (Oğuzxan adına Türkmənistan Mühəndis-Texnologiya Universiteti) Estoniyadan professor Maarya Kruusmaa və Türkmənistandan Azat Atayev, “Kənd Təsərrüfatı, Ekologiya və Biotexnologiya” rəhbərlər - (Texnoloji mərkəz) Tacikistandan professor İxtiyor Aşurov və Türkmənistandan Xocagəldi Xançayev, “Yeni Sənaye-İnnovasiya Texnologiyaları - rəhbərlər (Beynəlxalq Neft və Qaz Universiteti) İspaniyadan professor Kors Kegel Xelqa Doroteya və Türkmənistandan Rəhmanqulu Əsədullayev, “İqtisadi İnkişaf, Hüquq, Beynəlxalq Əməkdaşlıq və Turizm” - rəhbərlər (Türkmənistan Dövlət İqtisadiyyat və İdarəetmə İnstitutu) Moldovadan professor Aleksandr Stratan və Türkmənistandan Arazberdi Atayev, “Tibb və Dərman Preparatları İstehsalı, İdman” - rəhbər (Türkmənistan Dövlət Tibb Universiteti), Türkmənistandan professor Nargözəl Muratnazarova, “Humanitar Elmlər” (Məhdimqulu adına Türkmənistan Dövlət Universiteti) - rəhbər Azərbaycandan professor Nizami Məmmədov (Tağısoy) və Türkmənistandan Gülgəldi Annayev edirdilər.
Azərbaycandan Beynəlxalq Elmi Konfransın işində Milli Elmlər Akademiyasının Elm və Təhsil İsarəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov (Yeri gəlmişkən qeyd edək ki, Əminağa müəllim konfransın “İnformasiya və Telekomunikasiya texnologiyaları” adlanan birinci bölməsində “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları” mövzusunda elmi məruzə etməklə alimlərin rəğbətini qazandı) konfrans iştirakçıları ilə mükalimələr etmək baxımından da xüsusən diqqət mərkəzinə idi. Rus və ingilis dillərini yaxşı bilən alim nəzər nöqtəsini inamla müdafiə edə bilən tədqiqatçı təsiri bağışlayır, rəvan ünsiyyətə girməyi bacarırdı.
Konfransda Əminağa Sadıqovdan başqa Bakı Slavyan Universitetindən professor, filologiya elmləri doktoru Nizami Məmmədov-Tağısoy, "İçərişəhər" qoruğunun "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı fəlsəfə doktoru Cavid Kazımov iştirak edirdilər.
Bu sətirlərin müəllifinin rəhbərlik etdiyi “Humanitar Bölmə”nin işi Məhdimqulu adına Türkmənistan Dövlət Universitetində baş tutdu. Bu bölmədə 101 məruzə nəzərdə tutulsa da, biz cəmi 25-ə yaxın çıxış dinləyə bildik. Burada kifayət qədər maraqlı və rəngarəng məruzələr: Yaponiyadan Sergey Laptevin “Türkmənistan-Böyük İpək yolunun qəlbidir” kitabı fəlsəfi, tarixi və ədəbi şedevr olub xalqları və ölkələri yaxınlaşdırır” (məruzə türkmən dilində oxundu), Azərbaycandan Cavid Kazımovun “İnnovasiyalı texnologiyaların muzey işində tətbiqi və məqsədli marketinq”, İspaniyadan Kors Kegel Xelqa Doroteyanın (qeyd edim ki, məruzəçinin 83 yaşı var idi) “Humanitar elmlərin arxitekturanın və innovasiyalı texnologiyaların inkişafında rolu”, Nizami Məmmədov-Tağısoyun “Azərbaycan və türkmən toy mərasimlərinin müqayisəli-qarşılaşdırıcı təhlili”, Türkmənistandan Maral Annaqulıyevanın “Epik sənətin “Qorqud Ata” eposundakı mənəvi ideyaların transmissiyasında əhəmiyyəti”, Bayramgül Arazdurdıyevanın “Türkmənistanın təhsil sistemində innovasiyaların tətbiqi və hüquqi əsasların inkişafı”, İngiltərənin Kembric Universitetindən Mako Geraldın “Professional təhsil XXI əsrdə”, Bikə Divanqulıyevanın “Türkmən etnoqrafiyasında etnoədəbi tədqiqatların aparılması təcrübəsindən”,Bahar Xocaquliyevanın “Türkmənistan-böyük ipək yolunun qəlbidir” kitabı türkmən-Rusiya tarixinin öyrənilməsində dəyərli mənbə kimi”, Mühəmmədberdi Yazlıyevin “Türkmən atlarını səciyyələndirən göstəricilər” və s. kimi məruzələr iştirakçıların marağına səbəb oldu, hər çıxışdan sonra fikir mübadiləsi aparılmaqla, məzmunlu müzakirələr keçirildi. Əksər məruzələr konkret vizual materiallar və slaydlarla müşayiət olundu. Eyni zamanda müzakirələrdə bu da qeyd olundu ki, hazırkı dövrdə elmin, innovasion texnologiyaların tətbiq edilməsi sayəsində, müxtəlif ölkələrdən gəlmiş alimlərin təcrübəsindən istifadə etməklə, gənc türkmən alimlərinin nəzəri hazırlığını tələb olunacaq səviyyəyə qaldırmaq mümkündür.
Ümumiyyətlə, qeyd edilməlidir ki, konfransın keçirilməsi müasir elmi-nəzəri problemlərin inkişafına öz töhfəsini verdi. Maraqlıdır ki, bizim bölmənin nəzəri-praktik spektrləri yetərincə geniş olduğundan özündə, folklor, epos, adət və ənənələr, tarix, yurisprudensiya, coğrafiya, memarlıq, linqvistika, klassik və müasir ədəbiyyat, pedaqogika, incəsənət, muzey və xalça işi, təhsil innovasiyaları və s. sahələri birləşdirirdi.
Müasir Türkmənistanın ali məktəblərində təhsil alan tələbələrin elmi-nəzəri hazırlığı, bir tələbənin, deyək ki, bir neçə (rus, ingilis, alman, fransız, ispan və s.) dilləri bilməsi də yaxşı mənada qibtə ediləndir. Ali məktəblərin texniki təchizatı, nəzəri-texniki bazası günün tələbləri səviyyəsindədir. Oğuzxan adına Türkmənistan Mühəndis-Texnologiya Universitetində olan əsaslı biotexniki laboratoriyalardakı tədqiqatlar bu ölkədə aparılan elmi işlərə verilən önəmin başlıca göstəricisi kimi diqqəti cəlb edirdi.
Oğuzxan adına Türkmənistan Mühəndis-Texnologiya Universitetində konfransın bağlanışında bölmə rəhbərlərinin hesabatı dinlənildi və iştirakçıların Türkmənistan Prezidenti Qurbanqulı Berdimühəmmədova müraciəti qəbul edildikdən sonra konfrans işini yekunlaşdırdı.
Türkmənistanın paytaxtı Aşqabad şəhərində olduğumuz günlərdə türkmən dostlarımız bizi şəhərin tarixi və görməli yerləri ilə tanış etdilər. Sovet dövründə burada iki dəfə olsam da, bu dəfə gördüyüm mənzərə məni sözün əsil mənasında valeh etdi. Konfransda Azərbaycan, Albaniya, Almaniya, İngiltərə, İspaniya, Serbiya, Macarıstan, Bolqarıstan, Litva, Ukrayna, Rusiya, Belarus, Qazaxıstan, Yaponiya, Cənibi Koreya, Gürcüstan, Tacikistan, Qırğızıstan, Malaziya, Banqladeş, Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdən iştirak edən nümayəndələrin yekdil fikrinə görə Aşqabad bu gün dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilməkdədir. Türkmənlərə Bakı Slavyan Universitetində onların folkloruna, ədəbiyyatına, klassiklərinin yaradıcılığına verilən diqqətdən, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda türkmən ədəbiyyatı nümayəndələrinin yaradıcılığına həsr olunan tədqiqat işlərindən, monoqrafik araşdırmalardan danışdım.
Son onilliklərdə Aşqabad şəhəri yalnız ağ mərmərdən inşa olunmaqdadır. İstər adminstrativ, istər bank, Prezident iqamətgahı, istər digər təyinatlı, istərsə də yaşayış binalarının hər biri xüsusi memarlıq üslubunda tikilməklə biri digərini təkrarlamır. Şəhərin küçə və prospektləri geniş, təmiz və səliqəlidir. Şəhərdəki bağlar, parklar, bulvarlar, müxtəlif təyinatlı istirahət məkanları sanki bir-biri ilə yarışa girib, bir-birinə meydan oxumaqdadır. Orada olduğum müddət ərzində şəhərin tikintisindəki səliqə-sahmanın, türkmənlərin bir-birinə nəzakətli münasibətinin şahidi oldum. Türkmən xalqının az bir zaman kəsiyində böyük uğurlar əldə etməsi bizi doğru mənada qürurlandırdı. Şəhərin nəinki binaları, küçə və prospektlərin yanı, şəhəri çıraqbana döndərən işıq dirəkləri, şəhər nəqliyyatı, bir sözlə, nə varsa, hamısı ağ rəngdədir. Kopetdağın lap yuxarı hissəsində yerləşən, müasir standartlara cavab verən konfrans iştirakçılarının yaşadığı “Aşqabad” mehmanxanasından şəhərə ecazkar bir mənzərə açılır.
Türkmən mədəniyyəti və ədəbiyyatı klassikləri və nümayəndələrinə, Qorqud Ataya, Koroğluya və digərlərinə ucaldılmış əzəmətli heykəllər seyirçiləri öz milli-ornamental xüsusiyyətləri ilə özünə cəlb edir. Şəhərin abadlaşdırılmasına nəzərdə tutula biləcəyindən daha böyük diqqət yetrilir. Şəhərin görkəmli yerləri, muzeyləri (onların sırasında Türkmən Xalı Muzeyi xüsusilə qeyd edilməlidir) öz zəngin və milli eksponatlarınınözünəməxsusluğu ilə diqqəti cəlb edir.
2017-ci ildə Asiya Oyunlarının Türkmənistanda keçirilməsi də təsadüfi hesab edilməməlidir. Qısa zaman kəsiyində bu məqsədlə Aşqabad şəhərində olduqca gözəl idman infrastrukturu yaradılmış – bir neçə stadion (55 min nəfərlik Olimpiya stadionu), idman qurğuları (qapalı fəaliyyət göstərən rahat əl topu oyunları (7 min nəfərlik), güləş, boks, cüdo zalı (6 min nəfərlik), gimnastika arenası (5 min nəfərlik) son dərəcə müasir texnologiyalar əsasında inşa edilib.
Bu gün türkmənlərin mədəni səviyyəsinin yetərincə yüksəldiyini qeyd etməklə, həm də onların etnik adət-ənənələrə dəyərşünaslıqla yanaşdıqlarını söyləməliyik. Türkmənlərin qonaqların yerləşib qərar tutduqları yeri mehmanxana adlandırmaları da bugün başadüşüləndir. Çünki onlar hər addımbaşı onlara mehmanpərvərliklərini, qonaqpərəstliklərini davranış və münasibətləri ilə sübut etməyi bacaran xalq təsiri bağışlamaqdadırlar. Konfransın bu ölkədə nəinki elm, texnika və innovasiya texnologiyaları, həm də qardaş xalqın müasir həyat tərzi ilə yaxından tanış olmaqda, fikir mübadilələri aparmaqda rolu yetərincə böyükdür. Türkmənistanın son dövrlərdə əldə etdiyi şəhərsalma sahəsindəki nailiyyətlərinə gəldikdə isə bu sahə həm də müəyyən mənada örnək kimi qəbul edilməyə layiqdir.

Nizami Tağısoy
professor

Bu xəbər oxundu
- - -