Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir”

09.07.18, 8:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
E.Məmmədyarov qeyd edib ki, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüş keçiriləcək.
Onun sözlərinə görə, artıq Minsk qrupunun həmsədrləri də bu görüşlə bağlı işləri yekunlaşdırıblar. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
E.Məmmədyarov 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə bildirib ki, Azərbaycan Respublikasının xarici siyasəti ölkəmizə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, zəbt olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da gücləndirilməsi, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi kimi məqsədlərə xidmət edir: “Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan öz xarici siyasətini hamar beynəlxalq müstəvidə həyata keçirmir. Azərbaycan beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətləri Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, Ermənistan və erməni lobbi dairələrinin beynəlxalq informasiya məkanında Azərbaycana qarşı apardıqları təxribatçı əməllər şəraitində həyata keçirmək məcburiyyətindədir.
Bütün bunlara baxmayaraq, ayrıca bir müzakirə mövzusu olan hər bir istiqamət üzrə xarici siyasətimiz ötən illər ərzində əsaslı uğurlar əldə edib”.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini də bildirib. Qeyd edib ki, 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin. Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər: “Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.
İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox”.
Onu da qeyd edək ki, Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib.
ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır: “Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır”, – deyən Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini buna əyani nümunə kimi göstərib.
Deputat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən 45-ci hərbi birləşməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb. “Bu, regional təhlükəsizliyə ciddi təhdiddir”, – deyə Azay Quliyev vurğulayıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan bütün məsələlərdə Azərbaycanı ittiham etməklə təqsiri qarşı tərəfə yıxmağa çalışsa da, onun mənasız çıxışı heç kəsdə təsir oyatmayıb. Onun Azərbaycanı hərbi təlimlər keçirməsinə görə ittiham etməsi xüsusilə cəfəng görünüb. Bununla belə xatırlatmayıb ki, Ermənistandan fərqli olaraq Azərbaycan bu təlimləri işğal edilmiş qonşu ərazilərdə deyil, öz suveren ərazisində keçirir və buna tam haqqı var.
Ondan sonra söz alan deputat Elşad Həsənov həm xanım Naqdalyana, həm də iştirak edən bütün həmkarlarına xatırladıb ki, hərbiləşdirmənin beynəlxalq səviyyədə qəbul edilən meyarına görə, ölkənin hərbi xərclərinin onun ÜDM-ə nisbəti hesablanır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında rəqəmlər müvafiq olaraq 3,6 faiz və 4,1 faizdir. Beləliklə, Ermənistan həm Avropada, həm də üçüncü dünyada daha çox hərbiləşdirilmiş ölkədir. “Onsuz da cüzi olan dövlət büdcəsini sosial proqramlara xərcləmək əvəzinə, Ermənistan öz vətəndaşlarını lazımi səhiyyə, təhsil və s. məhrum edir, silahlanmağı davam etdirir”, – deyə azərbaycanlı deputat bildirib.
Ondan sonra söz alan Ermənistan deputatı Karen Bekaryan cavab verməyə çalışsa da, onun nitqi tamam qeyri-müəyyən səmtə yönəlib, ümumiyyətlə, sessiyanın ümumi mövzusundan kənara çıxıb. O, hansısa “feyk xəbərlər” və “ksenofobiya” haqqında danışarkən unudub ki, özü bütün ATƏT məkanında ən monoetnik ölkəni təmsil edir və məhz onun ölkəsinin sabiq prezidenti ermənilərin və azərbaycanlıların “etnik cəhətdən bir araya sığmazlığından” danışmışdı.
Beləliklə, Azərbaycan nümayəndə heyəti növbəti dəfə ATƏT PA-nın üzvlərini Ermənistan üçün münasib olmayan və gizlətdiyi faktlar barədə məlumatlandırdığı halda, erməni həmkarlar əks-arqument axtarışında öz köməksizliklərini nümayiş etdiriblər.
Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycan tərəfi Ermənistanın silah kvotasının dəfələrlə pozduğunu əlindəki faktlarla sübut edib. Ermənistan isə heç bir fakta malik olmadan ümumi şəkildə Azərbaycan tərəfinin guya ondan daha çox silahlandığını bəyan edir.
Onun sözlərinə görə, Berlində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında Azərbaycan nümayəndə heyəti çox fəaldır: “Nümayəndə heyətimiz Ermənistanda hər adambaşına düşən və milli gəlirə nisbətən müəyyənləşdirilən silah kvotasını açıb ortaya qoyublar. Bildirirlər ki, Ermənistan bölgədə ən millitaristləşdirilmiş, hərbiləşdirilmiş bir ölkədir. Bu nöqteyi-nəzərdən də həm bölgə üçün, həm də digər ölkələr üçün ciddi təhlükə əldə edib. Ermənistanın ortaya qoymağa ciddi faktı yoxdur. Xüsusilə də ATƏT PA-da Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ məsələsinin müzakirə edilməsini, onun gündəliyə salınmasını təklif etdilər və o da qəbul edildi. Çünki ortada Azərbaycanın 20 faiz işğal edilmiş torpaqları var. Bu torpaqlarda səpələnmiş erməni qoşunları var. Azərbaycan tərəfi çalışacaq ki, silahlı erməni təcavüzünü və azərbaycanlılara qarşı etnik təmizləmənin bütün coğrafiyasını sübuta yetirsinlər və Ermənistanı təcavüzkar dövlət kimi təqdim etsinlər. Hər halda ATƏT PA-da kifayət qədər maraqlı müzakirələr gedir və bu müzakirələrdə Azərbaycan nümayəndə heyəti bütün parametrlər üzrə erməniləri üstələyir”.

Cavid

Bu xəbər oxundu
- - -