Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Heç kimin gedişinə üzülmədim”

09.07.18, 12:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovun apasport.az saytına müsahibəsi

- Təlim-məşq toplanışını artıq başa vurmusunuz. Hazırlıqdan məmnun qaldınızmı?
- Bəli, çox səmərəli toplanış keçdik. İyunun 12-də başladıq və çox şükür ki, zədəsiz, problemsiz başa vurduq. MOİK-i də nəzərə alsaq, 4 yoxlama görüşü keçirdik. Yavaş-yavaş heyəti formalaşdırmağa çalışdıq. Çünki bu, birdən-birə olan şey deyil. Toplanışda boşluqlarımızı gördük, təhlillər apardıq. Əsas odu ki, etdiyimiz səhvləri Avrokubok matçında təkrarlamayaq. Hamımız bir nəfər kimi işimizə məsuliyyətlə yanaşırıq.

- MOİK (1:1), “Kukesi” (Albaniya - 1:1), “Dinamo” (Zaqreb, Xorvatiya – 0:2) və “Krakoviya” (Polşa – 0:1) ilə keçirdiyiniz yoxlama görüşlərində qələbə qazana bilmədiniz. Bu amil işinizə mane olmayacaq?
- Oyunlara çıxanda qələbə, nəticə barədə danışmırdıq. Ən çox matçların gedişində istənilən nəticənin oyun intizamımızı pozmamasına çalışdıq. Elə şeylər var ki, bunu futbolçudan yalnız yoxlama görüşlərində tələb edə bilərsən. Çünki belə matçlarda bəzən bu riskləri edib, 3-4 top buraxırsan. Hazırlıq oyunları bu riskləri göz önünə almaq üçündü. Biz də buna əl atdıq, nəyi bacarıb, nəyi bacarmadığımızı gördük. Gənc futbolçularımız var ki, “Kukesi” ilə görüşdə onlara şans verdik. Yəni nəticə barədə düşünmədik.

- Ötən mövsümdəki heyətdən 7 oyunçu ilə yollarınızı ayırdınız. Ən çox kimin gedişinə təəssüfləndiniz?
- Düzü, vaxt az idi. Amma hansı futbolçuları bəyənmişdiksə, onları da heyətə cəlb etdik. Heç bir futbolçunun gedişinə üzülmədim. İxtiyarımızda olan oyunçulara çox güvənirəm, birlikdə irəliləyəcəyimizə inanıram.

- Xüsusən də, Filip Ozobiçin gedişindən sonra orta sahədə liderlik funksiyasını kim yerinə yetirəcək?
- Sabien Lilay dayaq yarımmüdafiəçisi mövqeyində oynasa da, topla rəftarı çox yaxşıdı. Düzdü, Ozobiç hücuma daha yaxın idi. Ancaq Lilay da orta sahədə Filip qədər faydalıdı.

- Rauf Əliyevdən sonra daha 3 əcnəbi oyunçu transfer etdiniz. Yenilər artıq hazırdılarmı?
- İstənilən yeni futbolçuya uyğunlaşmaq üçün vaxt lazım olur. Rauf əvvəldən bizimlə idi, məşqlərdə iştirak edirdi. Ona uyğunlaşma dövrü gərək olmadı. Ancaq əcnəbilər yavaş-yavaş adaptasiya olunurlar. Gündən-günə daha yaxşı olacaqlar. Çünki kollektivdəki atmosfer əladı.

- Komanda tam istədiyiniz səviyyəyə çatıbmı?
- İndiki vəziyyətə görə, maksimum gücümüz nədi, onu ortaya qoyacağıq. Hələ 3 günümüz qalır. Çalışırıq Avrokubok matçına qədər daha yaxşı duruma gələk.

- İyulun 12-də Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”lə qarşılaşacaqsınız. Rəqibin müsbət və mənfi cəhətlərini müəyyənləşdirə bilmisinizmi?
- Rəqib intizamlı komandadı. Futbolçularımızı da onlar barədə müntəzəm məlumatlandırırıq. Nəticədən asılı olmayaraq, dağılmırlar, oyun intizamını qoruyurlar. 4-1-4-1 taktikasından yararlanırlar, hücuma keçəndə isə bu, 4-3-3-ə çevrilir. Bu taktikanı həmişə qoruyurlar.

- Rəqibin Lüksemburq klubu olması futbolçularda arxayınlıq yaratmaz?
- Xeyr, heç bir arxayınlıq yoxdu. Lüksemburq klubu olsa da, heyətlərində hollandiyalı, fransalı futbolçular var. Kiprdən yeni hücumçu aldılar. Üstəlik, ötən mövsüm “Reyncers” kimi komandanı keçmişdilər. Bütün bunlar bizi məsuliyyətli olmağa vadar edir.

- Başqa yeni transferlər gözlənilirmi?
- Hələ ki, heyətimiz budu. Sabah necə olacağını indidən demək çətindi. “Proqres”lə qarşıdakı oyunlar hansı addımları atmalı olduğumuzu bizə göstərəcək.

Bu xəbər oxundu
- - -