Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğanın Bakı səfərindən gözləntilər

10.07.18, 7:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə prezidentinin ənənəsinə uyğun olaraq ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin səviyyəsindən və qardaş dövlətin ölkəmizə verdiyi önəmdən xəbər verir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri haqda danışan analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, prezident seçkilərindən sonra yeni seçilən dövlət başçılarının qarşılıqlı səfərlər etməsi artıq ənənəyə çevrilib:“Şübhə etmirəm ki, Azərbaycan-Türkiyə münasibətlərində önəmli yer tutan bu qeyri-rəsmi protokol qaydası davamlı olacaq. Azərbaycanla Türkiyə arasında müzakirə olunacaq məsələlərin spektri kifayət qədər genişdir. Söhbət enerji sektorundakı əməkdaşlıqdan tutmuş təhlükəsizlik məsələlərinədək olan mövzuladan gedir. Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri önəmli bir zaman kəsiyində həyata keçirilir. Bu baxımdan hesab edirəm ki, səfər çərçivəsində verilən mesajlar Türkiyə-Azərbaycan münasibətlərinin inkişafından, türk hərbçilərinin və hərbi hava qüvvələrinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakıda keçirilən paradda iştirakından narahatlıq keçirən bəzi təxribatçı, riyakar qüvvələrə də nəticə çıxarmaq üçün imkan verəcək. Eyni zamanda, münasibətlərin ən müxtəlif sahələrdə, həmçinin hərbi tərəfdaşlıq müstəvisində inkişafına da zəmin yaradacaq”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə deyib ki, Ərdoğanın Bakı səfərində Türkiyə-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi məsələsi ön planda olacaq.
Sabiq nazir bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin görüşünün gündəliyi tam bəlli olmasa da, bir neçə mühüm məsələ ön planda olacaq:
“Ərdoğanın Bakı səfərində Türkiyə-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi ön planda olacaq. İstina etmirəm ki, indiki dövrdə liderlər təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcəklər. Eyni zamanda, iqtisadi əməkdaşlığın bu və ya digər şəkildə müzakirəsi də tamamilə mümkündür. Ərdoğanın həmişə olduğu kimi, bu dəfə də seçkidən sonra ilk səfərini Azərbaycana etməsi xüsusi əhəmiyyətə malikdir”.
T.Zülfüqarov liderlər arasında Dağlıq Qarabağ məsələsinin müzakirəsini də istisna etməyib və Ərdoğanın Bakıdan sonra Brüsselə gözlənilən səfərinə diqqət çəkərək bəzi siyasi məqamlara işıq salıb:
“Tükiyə NATO-nun bu bölgədə əsas oyunçularından biridir. Bunun NATO üçün əhəmiyyəti dəfələrlə müxtəlif səviyyələrdə qeyd olunub. Bu baxımdan Türkiyənin orada iştirakı Azərbaycan üçün də çox vacibdir. Çünki ermənilər ölkələrinin təhlükəsizliyi məsələsində NATO-nun bu və ya digər şəkildə Ermənistanla tərəfdaşlığı artırmasını və daha çox əməkdaşlıq etməsini istəyirlər. Ermənistan hakimiyyəti artıq yeni bir siyasi model üzərində işləyir. Yəni onlar Qərblə siyasi, iqtisadi, mənəvi və digər sahələrdəki əlaqələrini genişləndirmək xətti yürüdürlər. Ermənistan XİN başçısı qeyd edib ki, hazırda ölkəsi üçün ən önəmli məsələ təhlükəsizliklə bağlı zəmanətlərə fasilənin verilməməsidir. Zoqrab Mnatsakanyan burada ilk növbədə Ermənistanın təhlükəsizliyinin birbaşa xarici faktorlarla bağlılığını nəzərdə tutur. Yəni Rusiya Ermənistana verdiyi təhlükəsizlik zəmanətindən əl çəkərsə, İrəvanın bu zəmanəti xarici qurumlardan ala biləcəyinə işarə edir. Brüsseldə NATO-nun zirvə toplantısına böyük nümayəndə heyəti ilə qatılmaları heç də təsadüfi deyil. Gələcək hadisələrin cizgiləri təxminən bundan ibarətdir. Hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyini isə zaman göstərəcək”.

Bu xəbər oxundu
- - -