Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan regionda Rusiyanın əsas müttəfiqidir”

10.07.18, 7:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın Azərbaycana qarşı müsbət addımları Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət xəttinin bəhrəsidir, qələbəsidir.
Bu sözləri politoloq Arzu Nağıyev deyib. O bildirib ki, əslində Rusiya yeni bir şey demir:
“Dağlıq Qarabağın Azərbaycan torpağı olması məlum məsələdir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ən mühüm üzvlərindən biridir və problemin həllində açar fiqurdur. Ancaq təəssüf doğuran məqam odur ki, indiyə qədər Rusiya bu cür açıqlamalarla yadda qalmamışdı. Paşinyan hakimiyyətə gələndən və Rusiyaya qarşı qeyri-adekvat bəyanatlar səsləndirəndən sonra Rusiya hakimiyyəti artıq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən addımlar atmağa başlayıb”.
Politoloq qeyd edib ki, bununla bərabər, Rusiyanın ərazidə geosiyasi maraqları da var:
“Böyük beynəlxalq layihələrin məhz Azərbaycan vasitəsilə realizə edilməsi, Xəzərin statusu ilə bağlı mühüm addımların atılması Rusiya tərəfinin fəallaşmasına təsir edib. Rusiya bilir ki, bu gün Azərbaycansız refionda hər hansı böyük layihələrə qol qoyması qeyri-mümkündür. Bu gün Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını alan ən mühüm dövlətlərdən birinə çevrilib. Məhz bu baxımdan Rusiya Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Bundan başqa, Gürcüstan birmənalı şəkildə NATO-nun üzvü olmaq istiqamətində mühüm addımlar atır. Ermənistan Rusiyaya qarşı bəyanatlarla yadda qalır. Ortada İran və Türkiyə faktoru var. Bütün bunları nəzərə alsaq, Rusiya həm bu addımları atmağa məcburdur, həm də başa düşür ki, Azərbaycan regionda Rusiyanın əsas müttəfiqidir”.
Politoloq bildirib ki, bölgədə ilk növbədə Azərbaycanın təhlükəsizliyinə təhdidin qarşısı alınmalıdır:
“Bizim üçün ən problemli məsələ də məhz Dağlıq Qarabağdır. Buna görə Rusiya belə addımlar atır. Ermənistanın Baş naziri Nikol Paşinyanın son vaxtlar ölkə ərazisində yerləşən Rusiyanın hərbi bazaları haqqında mənfi bəyanatlarından sonra Rusiya qıcıqlanmağa başlayıb. Buna görə də Rusiya Azərbaycanla əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır. Rusiya artıq bölgədə nüfuz sahibi olmasını ortaya qoymağa başlayıb. Qərbin və digər müsəlman dövlətlərinin Azərbaycanla əlaqələri günü-gündən inkişaf edir. Rusiya da bu dövlətlər arasında öz yerini almaq üçün Azərbaycana doğru müsbət addımlar atır”.
Politoloqun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra qeyri-adekvat çıxışları ilə yadda qaldı:
“Hətta o, danışıqlar prosesinin davam etdirilməsinə mane olmağa çalışan bəyanatlar səsləndirdi. Düşünürəm ki, bunlar seçkilərə qədər davam edəcək. Seçkilər keçirildikdən sonra Dağlıq Qarabağla bağlı danışıqlarda Ermənistandan kimin iştirak edəcəyi məlum olacaq. Məhz xarici işlər nazirlərinin görüşməsi təqdirəlayiqdir. Çünki danışıqlar masasına əyləşmək status-kvodan çıxmaq deməkdir. Lakin danışıqlar naminə danışıqların davam etdirilməsi də heç bir əhəmiyyət kəsb etmir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarını da 25 ildir ki, eşidirik. Həmsədrlər deklarativ bəyanatlar verməkdən başqa heç nə etmirlər. Bu problemin həll olunması əsas məsələdir”.

Bu xəbər oxundu
- - -