Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tələbələrimiz Rusiyada beynəlxalq sammitdə iştirak ediblər

10.07.18, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərində “Yaxşıların seçimi. İrəli getmək zamanıdır” II Beynəlxalq ali məktəblərarası GxP-sammiti keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsinin tələbələri də iştirak ediblər. Universitetin mətbuat xidmətindən bildirilib ki, sammit Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Dərman Vasitələri və Müvafiq Təcrübələr Üzrə Dövlət İnstitutu, Krasnodar vilayətinin rəhbərliyinin dəstəyi ilə “Yolgöstərən ulduz” xeyriyyə fondu tərəfindən təşkil olunub.
Beynəlxalq ali məktəblərarası sammitinin keçirilməsinin əsas məqsədi əczaçılıq sənayesini öz ixtisas yolu kimi seçmiş istedadlı gənclər arasında kadr ehtiyatının aşkarlanması, müxtəlif ölkələr arasında bu sahədə əməkdaşlığının möhkəmləndirilməsinə zəmin yaradılmasından ibarət olub. Sammitdə iştirak edən ATU tələbələri əczaçılığın müxtəlif sahələri üzrə öz elmi işlərini təqdim ediblər. Müsabiqəyə Rusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Hindistan və digər ölkələrdən 500 elmi iş göndərilib. Onlardan seçilən 150 iş arasında ATU tələbə və aspirantların da işləri olub.
Müsabiqənin ikinci mərhələsində ali təhsil müəssisəsinin nümayəndələri Soçinin “Roza Xutor” istirahət məkanına yola düşüblər. Sammitin açılış mərasimində dosent Nərgiz Məmmədova tədbir iştirakçılarına ATU-nun rektoru, professor Gəray Gəraybəylinin təbrik məktubunu oxuyub. Həmçinin üzərində ATU-nun adı olan “yarpağı” “Bilik Agacı”nın üzərindən asıb. Müsabiqənin ikinci mərhələsi test ilə situasiyaya uyğun məsələlərin həllindən və “Qış yaxınlaşır” işgüzar oyunundan ibarət olub. Azərbaycanlı tələbələr işgüzar oyunda üçüncü yeri tutublar. Ümumilikdə, ATU-nun tələbələri universiteti layiqincə təmsil ediblər və onlara diplomlar təqdim olunub. Bununla yanaşı, ali təhsil ocağının nümayəndə heyətinin üzvləri Beynəlxalq Əczaçı Tələbələr Federasiyasına (İPSF) üzvlük, müxtəlif beynəlxalq konfranslarda iştirakla bağlı dəvət də alıblar.

Bu xəbər oxundu
- - -